Zaman düşüncələri (şeir)

 

Səhər açıldı,

Mütləq axşam da düşəcək,

Mütləq düşəcək!

Deməli bəri başdan özümüzü

Axşamda da hesab edə bilərik,

Tələsməyə və darıxmağa dəyməz.

 

Həftə başladı,

Mütləq həftə sonu da gələcək,

Mütləq gələcək!

Deməli bəri başdan özümüzü

həftə sonunda da hesab edə bilərik,

Çox da tələsməyə və darıxmağa dəyməz.

 

Ay başladı,

Mütləq ayın sonu da gələcək.

Mütləq gələcək!

Deməli bəri başdan özümüzü

Ayın sonunda da hesab edə bilərik

Tələsmək və darıxmaq mənasızdır.

 

Yeni il gəldi,

Mütləq ilin sonu da gələcək,

Mütləq gələcək!

Deməli bəri başdan özümüzü

İlin sonunda da hesab edə bilərik.

Çox da tələsməyə və darıxmağa dəyməz!

 

Hələ cavanıq,

Amma qocalacağıq,

Mütləq qocalacağıq!

Deməli bəri başdan özümüzü

qocalmış kimi də hesab edə bilərik.

Çox da cavanlığı fərq etməyə (fərqinə varmağa),

onunla öyünməyə və sevinməyə

dəyməz!

 

Dünyaya gəlmişik,

Mütləq bir gün öləcəyik,

Mütləq öləcəyik!

Deməli bəri başdan özümüzü

ölmüş də hesab edə bilərik.

Çox da həyatda olduğumuzu fərq etməyə

(fərqinə varmağa),

onunla öyünməyə və sevinməyə

dəyməz!

Yəqin məhz buna görə də

İnsanları hətta özlərinin ölümündən sonra olacaq

hadisələr də narahat edir,

Bəzən lap çox narahat edir.

Baxmayaraq ki, həyatda olmayacaqlar.

(Amma “mən öləndən sonra neynirəm?”

deyənlər də var).

 

Bir arzum var,

Ona çatıb-çatmayacağıma əmin deyiləm,

Deməli darıxmağın və tələsməyin mənası var,

Arzuma ölməmiş çatmaq üçün.

Amma nə fərqi var?

Axı biz həm də ölmüş kimiyik.

(ölüm mütləq olacaqsa)

Deməli əslində ölümdən əvvəl və ya sonra,

fərqi yoxdur,

(bəlkə ölüm özü də əslində yoxdur)

təki arzular həyata keçsin.

 

Şirvani Ədilli

20.07.2016

Реклама
Рубрика: Şeirlər | Оставить комментарий

Sevginin tərs üzü (hekayə)

Daşqının sevgidə hər dəfə bəxti daşa dəyirdi. Onun 29 yaşı vardı. Bu yaşa qədər bir neçə gözaltısı olmuşdu. Lakin hər dəfə sevdası uğursuzluqla nəticələnmişdi. Sonuncusuna lap bərk vurul­muşdu.  Ondan da “yox” cavabı aldıqdan sonra isə artıq dəli olmaq həddinə gəlib çatmışdı. Hərdən ona elə gəlirdi ki, bu məsələdə o, tam mənada bəxtsizdir, hətta bəxtsizlik onun alnına yazılıb və heç vaxt da bəxti gətirməyəcək. Özünü başqaları müqayisə edəndə özünü onlardan çox şanssız görürdü və onlara bəxtəvərçilik verirdi. Hərdən də düşünürdü ki, bəlkə bu uğursuzluqların səbəbi sadəcə onun zəifliyidir? Özünü zəif hiss etmək, zəifliyini qəbul etmək isə ona lap ağır gəlirdi. Axı o sevdiyinin xoşuna gəlmək üçün hər şeyə hazır idi.

Doğrudanmı o, zəif insan idi? Axı o, öz peşəsində çox nailiyyətlər əldə etmişdi. O, çox bacarıqlı bir kompüter proqramçısı idi. Özü də bu peşəni müstəqil surətdə, öz həvəsi və iradəsi ilə öyrənmişdi. İxtisası texniki sahəyə aid olsa da proqramçılıq onun birbaşa ixtisası deyildi. O, bir neçə proqramlaşdırma dilində işləyə bilirdi. Eyni zamanda onun demək olar ki, məlumatı olmadığı elm və peşə sahəsi yox idi. Hər şeydən başı çıxırdı. Belə olan halda ona necə zəif insan demək olardı? Bütün bunları düşündükcə o, həqiqətən özünə yer tapa bilmirdi. Artıq ona elə gəlirdi ki, nəsə bir dəlilik etməlidir, hansısa qaydaları pozmalıdır, taleyinə bir üsyan qaldırmalıdır. Ya da bu həyatdan rədd olub getməlidir. Çünki belə bəxtsiz həyat ona lazım deyildi. Ya həyat ona, ya da o həyata layiq deyildi.

***

Dilək gözlərini açanda özünün yad bir evdə olduğunu gördü. Heç nə anlamadı. Sonra neçə aydır onun dalınca sürünən Daşqının ona doğru yaxınlaşan simasını sezdi. Qorxuya düşdü. Deyəsən Daşqın onu qaçırtmışdı. Bərk qəzəbləndi. Durub qışqırıb bağırmaq, etiraz etmək, Daşqını söymək, döymək, hədələmək, üzünə tüpürmək, nəyin bahasına olursa olsun onun əlindən qurtulmaq üçün nələrsə etmək istədi. Daşqın isə hələ bunlar baş verməmiş onu sakitləşdirməyə başladı:

— Qorxama, səni həmişəlik qaçırtmamışam. Sənə zərər yetirmərəm, buna tam əmin ola bilərsən. Sadəcə səndən bircə xahişim var. Bu mənim üçün ölüm-qalım məsələsidir. İstəyirəm cəmi bircə həftə bu evdə mənimlə birgə yaşayasan. Sənə barmağım da dəyməyəcək. Yaşamaq üçün burda hər bir şərait var. Cəmi bircə həftə! Bu gün birinci gündür. Gələn həftənin birinci günü səhər saat 8-də azadsan. Ondan sonra bir də üzümü görməyəcəksən, bir daha sənə zəng etməyəcəm, səsimi eşitməyəcəksən, məni tamamı ilə unudarsan. Bu bir həftəni də unudarsan, elə bil ki, heç olmayıb. Bir həftə burda yaşadığımızdan ikimizdən başqa heç kimin xəbəri olmayacaq, vicdanıma and içirəm. Səni artıq bura gətirmişəm, amma yenə də məcbur eləmirəm. Razılaşmaya da bilərsən, nə edə bilərəm ki? Bu arzum da baş tutmasa özümü öldürəcəm. Özümü necə asanlıqla öldürəcəyimi də əvvəlcədən düşünmüşəm. Polisə və ya kiməsə xəbər versən də özümü öldürəcəm. Bu qətiyyən sənə qarşı şantaj deyil. Sadəcə olaraq bu arzum da baş tutmayandan sonra mənim həyatımın mənası qalmır.

Qız bu sözlərdən sonra bir an tutulub qaldı. O, özünün bir dəli, bir manyak əlinə düşdüyünü hiss edirdi və qəzəbli səslə dilləndi:

— Sən dəli olmusan! Mən səninçün nəyəm? Məni bura necə gətirmisən?

— Arxayın ol, səni bura gətirdiyiimi heç kim görməyib.

— Bu nə oyundur, sən heç məni düşünmürsən? Məni axtaranlara nə deyəcəm, kirayə yoldaşıma nə deyəcəm, evə nə deyəcəm?

Bu sual artıq qızın şərtlə razılaşa biləcəyinin işartısı idi. Odur ki, Daşqın bu sualdan ümidlənərək dərhal cavab verdi:

— Bunları da əvvəlcədən düşünmüşəm. Bilirəm, kirayə yoldaşın rayona gedib. Qaldığınız evdə heç kim olmayacaq. Rayondakı ailənə də bu barədə heç nə deməzsən, vəssalam.

— Bəs rayondan yanıma gələn olsa necə?

Bu suallar əslində Daşqını svindirirdi. Ona elə bu lazım idi. O, bütün bu suallara cavabı əvvəlcədən ölçülüb-biçilmiş şəkildə hazırladığından qızın sualına yenə dərhal cavab verdi:

— Bilirəm, yanından təzə gediblər. İndi gəlmək ehtimalları çox azdır. Hətta yanına gələn olsa belə o variantda da nə edəcəyimizi düşünmüşəm. Onda oyun bitəcək və sən öz kirədə qaldığın evə dönəcəksən. Onu da deyim ki, bura kirədə qaldığın evə çox yaxındır. Piyada beş dəqiqəlik yoldur.

— Bəs Bakıdakı qohumlarım məni axtarsalar nə deyim?

— Deyərsən ki, ev telefonu xarab olub. Ancaq əl telefonunla əlaqə saxlayarsan. Burda internet də var, vayfay da. Özü də çox sürətlidir. Nə qədər istəyirsən istifadə et. Amma buranın ev telefonu ilə danışmağını məsləhət görmürəm. Bu problem yarada bilər. Onsuz da ayırmışam, işləmir.

— Bura kimin evidir?

— Buranı kirayə götürmüşəm. 3 aylıq pulunu da əvvəlcədən ödəmişəm. Yiyəsi burada yaşamır, Rusiyyətdə yaşayır, iş adamıdır. Bu evi də bir il deyil aldığı. Elə kirəyə vermək üçün alıb. Səni heç kim narahat etməyəcək.

Qızın daha verməyə sualı qalmamışdı. Daşqın hər şeyi proqramçı dəqiqliyi ilə nəzərə almışdı. O, qızın burada qalmağa razı olub-olmadığını soruşmadı. Çünki, bilirdi ki, bunu soruşmaq artıqdır. Onu çətin vəziyyətdə qoyar. Axı razılığını öz dili ilə etiraf etmək onun üçün çətin ola bilərdi. Zatən qız öz salları ilə qismən də olsa razılğını bildirmişdi. Başqa çıxış yolu da yox idi, bir həftəlik çətinliyə görə başqasının ölümünə səbəb olmayacaqdı ki. Daşqın qızın donub qaldığını və daha sual vermədiyini görüb əlavə etdi:

— Mən indi işə gedirəm. Hər gün səhər tezdən işə gedəcəm, özü də bugünkündən daha tez. Bu gün 1-2 saatlığına müdirimdən icazə almışdım. Axşam saat 6-da evdə olacam. Ev tamamı ilə sənin ixtiyarındadır. Elə bil ki, öz evindəsən. Mətbəxdə demək olar ki, hər növ ərzaq var. Nömrəmi bilirsən, nə problem olsa zəng et. Mən özüm də sənə zəng edəcəm. Qapını çöldən bağlayıb gedirəm. Heç kimə qapını açma. İçəridə olduğunu da bildirmə. Zatən gələsi adam da yoxdur. Gələndə özüm qapını açıb içəri girəcəm. Kilid təzədir. Məndən başqa heç kimdə açarı yoxdur. Təhlükəszlik və siqnalizasiya sistemini yüksək səviyyədə özüm qurmuşam. Heç nədən narahat olma.

Sonra Daşqın “hələlik” deyib evdən çıxdı.

***

Dilək çaşıb qalmışdı. Sanki baş verənləri hələ də tam dərk edə bilmirdi. Düşünməyə başladı. Nə etsin? Nə edə bilər? Daşqının dedikləri doğrudursa o, burda təhlükəsizlikdədir. Heç olmasa bu tərəfdən rahat ola bilər. Daşqın doğrudanmı bir həftə sonra onu azad edəcək? Bəlkə sadəcə bunu deməklə onun başını aldadıb ilkin mərhələ üçün sakitləşdirmək istəyir və sonda onu razı salacağına ümid edir? Özü öz əli ilə onu buraxarmı? Bəs niyə mobil telefonunu götürməyib, axı onu hamıdan təcrid etmək üçün telefonunu götürə bilərdi. Bəlkə bunu da sadəcə inam qazanmaq üçün edir? Amma bu Daşqınçün bir riskdir. O, istənilən an polisə və yaxınlarına zəng edib xəbər verə bilər. Amma o, Daşqının xarakterinə müəyyən qədər bələd idi və onun yalançılığını görməmişdi. Bir tərəfdən də indi o da dəqiq məlumdur ki, Daşqında psixi pozuntu yaranıb. Yəni onun bu hərəkətinə dəlilikdən başqa bir ad vermək olmaz. Hər halda belə adamlarla ehtiyatlı olmaq lazımdır. Hər halda o Daşqının əlindədir və başına hər bir oyunu aça bilər. Bunu düşündükcə Dilək çox qorxur və dəhşətə gəlirdi. Amma bu hərəkətlərin sonrası Daşqın üçün də yaxşı qurtarmazdı. Bir tərəfdən də axı dəli insan əməlinin sonrasını düşünsəydi dəli olmazdı ki. Dəlidən, manyakdan hər şey gözləmək olar.

Dilək işin daha pis tərəflərini düşündükcə heç olmasa Daşqının dediklərinin doğru olmasını arzulayırdı. Yəni ən yxşı halda Daşqının dediyi kimi ola bilərdi. Bəs dedikləri doğrudursa, bu bir həftə Daşqın üçün nəyi dəyişəcək ki? O, nə qazanacaq axı? Hər halda nəsə başqa bir məqsədi olmasa bu işi tutmazdı. Yəqin ki, bir başqa əməli var. Bu isə heç də yaxşı şey vəd etmir. Hər halda bütün bunlara aydınlıq gətirmək üçün onun özünə bu sualları verəcəkdi.

Daşqın evdən çıxandan təxminən saat yarım sonra Diləyə zəng etdi, onun əhvalıını soruşdu. Səsi çox mehriban idi. Bir manyakın səsinə heç oxşamırdı. Amma nə dəxli var, bir manyak da belə danışa bilərdi:

— Necəsən?

— Necə olaram, hələ soruşursan da?

— Sən mənə inan, sənin telinə də zərər dəyməyəcək. Nəyə deyirsən and içim.

— Niyə belə eliyirsən, nə istəyirsən məndən?

— Səhər dediyimdən başqa səndən heç nə istəmirəm. Niyə belə eləyirəm – bu telefon söhbəti deyil. Gəlib evdə danışaram. Qurban olum, yalvarıram, bir dəlilik eləmə. Dediyim kimi eləsən heç bir problem olmayacaq. Ac qalma, yemək ye, çay iç. Nə problem olsa zəng et. Hələlik.

Bəli, bir dəli başqasından dəlilik etməməyi tələb edurdi. Dilək Dağqının tapşırdığı kimi soruşanlara ev telefeonunun xarab olduğunu dedi. Bu yalan artıq onun oyuna girməsi idi. O, həmin gün axşama qədər gərgin düşüncələr içində qaldı. Yaxınlarına zəng edib düşdüyü vəziyyəti onlara xəbər vermək də ağlından keçdi. Amma bunu etmədi. Birincisi ona görə ki, o dəlinin özünü öldürməsinə səbəb olmaq istəməzdi, ikincisi də yaxınlarına xəbər versə həm onları çox qorxudar, həm də işi daha da böyütmüş olardı. Hər halda işin gedişatını izləməklə yetinməyi üstün tutdu. Yəni Daşqının vədinə inanmaq istəyirdi.

Dilək qorxaq deyildi, bəzən tənha qalmağı xoşlayırdı. İndi istər istəməz səbrsizliklə Daşqının evə gəlməsini gözləyirdi. Çünki ona sualları vardı.

***

Daşqın dediyi vaxtda evə gəldi. Gülər üzlə Diləyə salam verdi, hal-əhvalını soruşdu. Dilək isə qaş-qabağını sallamış və zaldakı kresloda oturmuş vəziyyətdə tərpənməz qalıb heç nə demədi. O, hələ də Daşqından şübhəli idi və ona etibar etmirdi. Üstəlik də Daşqının bu dəli oyununa girməsi onu çox ağrıdırdı, özünü alçaldılmış hiss edirdi. Daşqın əl-üzünü yuyub mətbəxə keçdi. Bir azdan  əlində iki fincan cayla zala döndü. Fincanın birini Diləyin, birini də özünün qabağına qoyub Dilək oturan kresloya köndələn dayanmış kresloda oturdu və sözə başladı:

— Hə, deyirsən bunu niyə eləyirəm. Bunu izah etmək bir az çətindir. Amma çalışacam mümkün qədər fikirimi çatdırım. Sənə olan hislərimi bilirsən. Mənə görə sevgi bilirsən nədir? Kimdəsə öz idealını tapmaq. Yəni hər bir yetkin insan özündə gələcək həyat yoldaşı haqqında bir ideal formalaşdırır. Həmin idealı kimdəsə tapanda, yaxud tapdığını zənn edəndə ona vurulmuş olur. Məncə sevginin ən mükəmməl tərifi budur. Ona görə də sevginin tərifi yoxdur fikrini qəbul etmirəm. Hər bir insanın da öz şəxsiyyətinə, xarakterinə, dünyagörüşünə, həyat tərzinə uyğun idealı olur. Məhz buna görə də insanların sevgiləri də biri-birindən fərqlənir. “Sevgi hissinin səbəbi olmaz” fikrini də qəbul etmirəm, sevgi hissinin yaranmasının səbəbləri olur və bu müxtəlif insanlarda müxtəlif ola bilər. Sevgi ağıldan kənardır fikrini də qəbul etmirəm. Bu həmişə belə olmur. Sevgi hissinin yaranmasında əqli amillərin də təsiri ola bilər. Bu da insanın dünyagörüşündən asılıdır. Ailə sistemi olmayan cəmiyyətlərdə əsl, yəni yüksək mənəvi səviyyəli sevgi də ola bilməz. Belə cəmiyyətlərdə sevgi daha çox seksual partnyorluq və onun üzərində qurulmuş fantaziyalardan formalaşır. Yəni həmin cəmiyyətlərdə “həyat yoldaşı” olmaq, ömürlük birgə yaşamaq amili sevgi hissinin formalaşmasında iştirak etmir. Ona görə də sevgi hissi – əgər buna sevgi demək mümkündürsə – daha cılız, daha aşağı mənəvi səviyyəli və daha qısmüddətli olur. Yəni tez qızıb tez soyuyan olur. Bu halda qarşılıqlı məsuliyyət də olmur…

Bu fikirlər Diləyin diqqətini əməlli başlı cəlb etdi. Çünki bu cür söhbətlər heç bir gənc qızı maraqlandırmaya bilməzdi. Yəni heç bir gənc qız belə söhbətə biganə qala bilməzdi. Dilək indiyədək Daşqından buna bənzər sözlər eşitmişdi, amma bu qədər dərininə getdiyinin şahidi olmamışdı. Diləkdə Daşqın haqqında bir dəli, manyak obrazı formalaşmışdı, bu cür söhbətlər isə həmin obraza üyğun gəlmirdi. Daşqın söhbətinə davam edirdi:

— Bəlkə də bu məsələlərin mənim bu dəli hərəkətimə birbaşa aidiyyəti yoxdur, amma dolayısıyla var. Mən sənin “yox” cavabından çox dərin depressiyaya düşmüşəm. Səndən əvvəl də istədiklərim olub, hamısından da bir qayda olaraq “yox” cavabı almışam. Amma məncə heç birini sənin qədər sevməmişəm. Sənə aşiqliyim başqa bir aləmdir, heç birinə bənzəməz. Amma onu da başa düşürəm ki, heç kimi sevməyə məcbur etmək olmaz, qarşılıqsız sevginin axırı yoxdur. Artıq mənə elə gəlir ki, tale məndən üz döndərib. Bəzən özümü başqaları ilə müqayisə edəndə onlara bəxtəvərçilik verirəm, özümü çox şanssız görürəm.

Dilək axır ki, bu sualla dilləndi:

— Bunları başa düşdük. Məni bir həftəliyə qaçırtmağın nəyi dəyişəcək, bunu deyə bilərsənmi?

— Bununla demək olar ki, mən arzuma çatmış oluram. Bu həm də  məndən üz döndərmiş taleyimə üsyandır.

— Axı bu nəyi dəyişir, hansı arzuna çatmış olursan?

— Bilirəm, hər halda bu dəlilikdir. Amma mən ilkin ümumi cavabı verdim. Xahiş edirəm, bu cavabı daha dəqiq xırdalamaq üçün mənə bir az vaxt ver düşünüm. Düşünmək həmişə yaxşıdır. Gərək hislərimi elə izah edəm ki, fikrimi elə çatdıram ki, məntiqli olsun, dəqiq olsun, anlaşılsın. Axı bunu sözlə izah etmək bir az çətindir. Sənə deyiləsi sözüm çoxdur. Bu söhbətimizin özü də məni xoşbəxt edir…

Qəflətən Daşqının telefonuna gələn zəng onun sözünü yarımçıq qoydu. O bu zəngdən çox dilxor oldu. Başqa variant mümkün olmadığından evdən çıxmalı oldu.

***

Daşqın qayıdanda artıq qaranlıq düşmüşdü. Dilək televizora baxa-baxa kresloda arxaya söykənib yuxuya getmişdi. O, Daşqının evə girdiyini də hiss etmədi. Daşqın bir az dayanıb bu yatmış gözələ tamaşa etdi. Dilək yatmış vəziyyətdə daha da gözəl və cazibədar görünürdü. İnsan, həmçinin bütün canlılar yatanda daha gözəl, daha məsum görünürlər. Görəsən nə üçün? Bu həm də təbiətin canlılara bəxş etdiyi özünüqoruma vasitəsidir. Belə ki, yatan canlı tam müdafiəsiz olduğundan başqa canlılar onu asanlıqla öldürə və yeyə, ona zərər yetirə bilərlər. Ona hücum edən canlının, gözəl və məsum varlığı məhv etməyə əli gəlməsin deyə yatan canlı gözəl və məsum görkəm alır. Yəni bu məqamda gözəllik onun qoruyucu qalxanı olur.

Diləyin üzünün və sinəsinin ev işığında saçdığı nur göz qamaşdırırdı. Bu möcüzəli, sirli aləmə ram olmamaq mümkün deyildi. Daşqın onu təpədən dırnağa çox böyük zövqlə seyr etdi. Bu mənzərə hər şeydən gözəl idi. İndi Diləyin üzunün, gözünün, qaşının, ağzının, burnunun, sinəsinin, bədəninin, əlinin, ayağının necə olduğunu demək yersiz idi. Onun hər şeyi sadəcə gözəllik idi, vəssalam! O başdan ayağa gözəllikdən ibarət idi. Hər halda Daşqına elə gəlirdi.

Daşqın Diləyi bir neçə dəfə astadan çağırdı. Amma o oyanmadı. Belə olan halda o, Diləyə yataq otağı kimi hazırladığı otağa keçdi. Yatağı səliqəli şəkildə açıb açıq vəziyyətdə qoydu. Sonra yenidən Diləyin yanına gəldi. Bu dəfə daha ucadan onu çağırdı. Dilək yenə eşitmədi. Daşqın Diləyi oyatmaq üçün ona əli ilə yavaşca toxuna bilərdi. Amma bunu etmədi. Axı ona barmağını da toxundurmayacağına kişi sözü vermişdi. Və bu kişi sözünə proqramçı dəqiqliyi ilə əməl etməli idi. Daşqın Diləyi bir az da ucadan çağıranda nəhayət o, oyandı. Gözünü açıb Daşqını görəndə bir az özünü itirdi. O hələ özünə gəlməmiş Daşqın dilləndi:

— Keç otağına yat. Yerini açılıb, hazırdır…

Dilək bir az tərəddüd etdikdən sonra Daşqının onun üçün hazlrladığı yataq otağına keçib qapını içəridən bağladı. Daşqın isə notbukunu açıb öz işi ilə məşğul olmağa başladı. O, adətən evə gəldikdən sonra gecə saatlarına qədər kompüterdə işləyirdi.

***

Səhər təxminən saat 7-8 arası Dilək yuxudan oyandı. Adətən o, istirahət günəri səhər yuxudan ayıldıqdan sonra 1-2 saatlıq “ikinci səhər yuxusu”na gedərdi. Lakin indi harda olduğunu dərk edəndə yuxusu qaçdı. Durub geyindi, yatağını yığdı. Qapını ehtiyatla açıb koridora çıxdı. İndi evdə heç kim olmamalı idi. Çünki, artıq Daşqın evdın çıxmış olmalı idi. Amma yenə də Dilək onun evdə olacağından ehtiyat edirdi. O, öncə mənzilə giriş qapısının kilidli olub-olmadığını yoxladı. Qapı çöldən kilidlənmişdi. Hər ehtimala qarşı içəridən rəzəni də çəkib bağladı. Dünən də belə etmiş, yalnız Daşqın gələnə yaxın rəzən açmışdı.

Dilək yuyunduqdan sonra oturub yenə də düşünməyə başladı. O, adətən çətin durumlarda ağılla düşünüb, götür-qoy edib qərar verərdi. Yəni hislərinə ağlı ilə nəzarət etməyi bacarırdı. Bir sözlə, ona ağıllı qız demək olardı. Bəs indi nə etsin? Hər halda özünü acından öldürməməlidir. O, bu halın müvəqqəti olduğunu düşünəndə bir az sakitləşir, təskinlik tapırdı. Daşqının dediyi kimi olsa doğrudan da heç bir prblem olmayacaqdı. Ona görə də Dilək bir az da düşundükdən sonra qalan günləri də bu evdə normal qaydada keçirməyi qərara aldı. Çünki, bundan yaxşı variant da yox idi. Daşqının təbirincə bir dəlilik etməyin yeri yox idi. O, sadəcə Daşqının bu sərsəm oyununun bitməsini səbrsizliklə gözləməli idi.

Dilək mətbəxə keçib səhər yeməyini yedi. Daha sonra olan ərzağı nəzərdən keçirdi və nahara yemək hazırlamağa başladı. O, iş görə-görə Dşqının dünənki söhbətini xatırlayırdı.

Dilək universitetin sonuncu kursunda oxuyurdu. Sonuncu semestrdə dərslər dayandırılmış, tələbələr diplom işinə buraxılmışdı. Diləyin diplom işi yazarkən istifadə etdiyi kitablar və başqa materiallar da indi bu evdə idi. Daha doğrusu Daşqın həmin materialları da Diləklə birlikdə bu evə gətirmişdi. Bunun necə baş verdiyi Diləyə çox qəribə gəlirdi. Daşqın Diləyin indi diplom işi yazdığını da nəzərə almış və onun bu işdə geri qalmaması üçün ona bu şəraiti yaratmışdı. Lakin Dilək bu evdə daim gərginlik və düşüncələr içində olduğundan diplom işi ilə çox da məşğul ola bilmirdi. Düşüncələr onun diqqəini yayındırırdı. Amma hər halda Dilək artıq burada öz evindəki kimi normal günlərini geçirməyə başlayirdı.

Həmin gün axşam saatlarında Diləyin telefonuna Daşqından zəng gəldi. Dilək elə zənn etdi ki, Daşqın ona evə gec gələcəyini demək üçün zəng edib. Lakin o, telefonu açanda Daşqın:

— Gəl qapını aç, gəlmişəm. – dedi.

Bu an qapının içəridən bağlı qaldığı Diləyin yadına düşdü. O, tez qapıya tərəf gedib rəzəni çəkdi və qapını açdı. Sonra Daşqının üzünə də baxmadan dönüb geriyə qayıtdı. Daşqın bundan məmnun idi. O, öz xəyallarını yaşayırdı. Ürəyində dedi: üzümə qapı açmağını görmək xoşbəxtliyi də mənə qismət oldu.

Daşqın əl-üzünü yumaq istəyəndə isti suyun bir az gəlib sonra soyuduğunu gördü. O, Diləkdən soruşdu:

— Dilək, isti su gəlmir?

Dilək bir az aradan sonra həvəssiz şəkildə  cavab verdi:

— Yox, bu gün isti su gəlməyib. Yəqin “pitiminutka”nın* batareyası qurtarıb.

Daşqın suqızdıran cihazın yanına getdi və bir az sonra Diləyin yanına qayıdıb dedi:

— Cihaza baxdım. Batareasından deyil. Açanda alışır, bir az yanır sonra öz-özünə sönür. Batareyasından olanda ümumiyyətlə alışmır. Deməli qaz klapanı xarab olub, öz-özünə bağlanır. Gedim bazar bağlanmamış bir klapan alım gəlim.

Daşqın evdən çıxdı. Təxminən bir saatdan sonra əlində klapan geri qayıtdı. Qızdırıcını söküb kalpaınını dəyişdi. Sonra cihazın işləməsini yoxladı. Cihaz artıq normal işləyirdi.

Daşqın daha sonra mətbəxə keçdi. Orada Diləyin bu gün bişirdyi yeməyi gördü. O, bundan çox məmnun oldu. Çünki onun əlləri ilə bişirilmiş yeməyi yeyəcəkdi. Bu xoşbəxtlik də ona qismət olacaqdı. Hətta ona zəhər qatmış olsa belə yeyəcəkdi. O, yeməkdən bir az götürüb qızdırdı. Diləyi də yeməyə dəvət etdi. Lakin təbii ki, o, imtina etdi. Çünki, Daşqınla bir süfrədə oturmaq fikrində deyildi. Belə olan halda Daşqın tək oturub axşam yeməyini yedi. Sonra zala keçib Diləyə minnətdarlığını bildirdi:

— Əllərinə sağlıq! Çox dadlı idi. Ömrümdə belə dadlı yemək yeməmişdim.

— Nuş olsun. Yaxşı kampliment deyirsən.

— Doğrudan dadlı idi. Sənin əllərindən çıxan yemək dadsız ola bilməz. Get özün də ye. Ac qalma.

— Mənə görə bu qədər çox narahat olursan?

— Əlbəttə, burda qalduğun müddətdə mən sənin saçının hər telinə görə bütün vicdanımla məsuliyyət daşıyıram.

Elə bu an Dilək dəsmalı ağzına tutub üç dəfə dalbadal asqırdı. Daşqın narahat halda:

— Deyəsən soyuqlamısan. – dedi. – Mümkün olsaydı xəstə­li­yi­ni mənə verərdin, məmnuniyyətlə alardım, ürəkdən deyi­rəm.

— Yaxşılığını başqasına saxla.

— Başqası yoxdur.

— Yoxdur, olar.

— Bəlkə də olmayacaq. Nə isə. Məndə soyuqdəyməyə qarşı bir iynə var, vitamindir. Həmişə evdə ehtiyat saxlayıram. Etiraz etməsən onu sənə vuraram. Bir az yandırandır. Amma çox yaxşı təsir eləyir. Xəstəliyi inkişaf etməyə qoymur. Etiraz etmirsənsə bu saat gətirim vurum. Amma məsləhətdir.

Daşqın Diləyi qabaqlamışdı. Dilək özü ondan soyuq­dəyməyə qarşı dərman istəyəcəkdi. Hətta bunu Daşqın bazara getməmişdən qabaq ona demək istəmişdi. Amma Daşqın o qədər cəld evdən çıxmışdı ki, bunu deyə bilməmişdi. Həm də onu daldan çağırmağa qüruru yol verməmişdi. İndi isə onun Daşqına verdiyi cavabı razılıq kimi qəbul etmək olardı:

— Mən qripi ağır keçirirəm.

— Ağır keçirirsənsə lap çox vacibdir. Bu saat gətirirəm vuram.

Dilək heç nə demədi. Daşqın cəld otağına keçib iynəni vurmaq üçün lazım olan şeyləri gətirdi. Əllərinə şəffaf rezin əlcəkləri geydi. Bu əlcəklər iki şeyə görə yerinə düşürdü: birincisi gigiyenik vasitə kimi, ikincisi isə Diləyə verdiyi sözə görə. Axı o, Diləyə barmağı ilə də toxunmayacağına söz vermişdi. Daşqın çox mükəmməl bir qaydada dərmanı şpirisə çəkdikdən və havasını çıxardıqdan sonra Diləkdən qolunu açmasını xahiş etdi. Dilək koftasının sol qolunu yuxarı çırmaladı. Onun ev işığında nur saçan ağ-appaq qolu çöldə qaldı. Daşqın bu gözəl mənzərənin cazibəsi qarşısında bir anlığa donub qaldı. Sanki bu gözəlliyin saçdığı nur onun gözünü qamaşdırmışdı. Bu gözəllik iynə batırılmağa yox, sevgi dolu öpüşə layiq idi. Lakin Daşqın indi ona yalnız iynə vurmalı idi və keçirdiyi bütün bu hislərə rəğmən iynəni mükəmməl bir şəkildə Diləyin qoluna vurdu. Bundan sonra Dilək ilk dəfə oaraq Daşqına “sağ ol” deyə minnətdarlığını bildirdi və koftasının çırmalanmış qolunu aşağı çəkdi. Daşqın isə  “dəyməz” deyib əlavə etdi:

— Dedim axı burda qaldığın müddətdə saçının hər tükünə də bütün vicdanımla cavabdehəm. İndi sənə istirahət lazlmdır. Yeməyini ye, isti çay iç, sonra yat. İnşallah səhər yaxşı olarsan.

Dilək Daşqına heç nə demədən tez-tez burnunu çəkə-çəkə bir stəkan çay içib yataq otağına keçdi. Daşqın isə yenə də notbukunu götürüb öz işi ilə məşğul olmağa başladı. Bir həftəlik həyatın ikinci günü də belə keçdi.

***

Daşqın hərdən öz hərəkətinin necə bir ağır cinayət olduğunu düşündükcə özü də dəhşətə gəlirdi. O, necə də başından böyük bir qələt eləmişdi. Xalxın qızını zorla özü ilə bir evdə yaşamağa məcbur etmişdi. Düzdür, o Diləyə heç bir zərər yetirmirdi, amma hər halda bu bir insan oğurluğu idi. Dilək onu istənilən an, hətta bu oyun bitəndən sonra da polisə verə bilərdi. Amma bu halda Daşqın özünü öldürəcəkdi. Bu özü də şantaj olmaqla bir cinayət idi.  Bəs Daşqını bu cinayətə nə vadar etmişdi? Bu özü dediyi kimi ölüm-qalım məsələsi idi. Nakam eşqi, bəxtsizliyi onu bu hərəkəti etməyə vadar etmişdi. Bütün bunları düşündükcə Daşqın özünə bəraət qazandırırdı da, qazandırmırdı da. Yəni soyuq başla düşünəndə heç özü də bilmirdi ki, bu hərəkətə bəraət qazandırmaq olar, ya yox.

Diləyi qaçırmazdan öncə Daşqın çox tərəddüd etdiyindən psixoloq yanına da getmişdi. Bəlkə psixoloqun onu bu depressiyadan çıxaracağına ümid etmişdi. Lakin, qəribədir ki, psixoloqla olan söhbətlər onu daha da bədbinləşdirmiş və o, bu hərəkəti etməyə qəti qərar vermişdi. Ya yanına getdiyi psixoloq zəif olmuşdu, ya da onun bu psixi xəstəliyinin müalicəsi psixoloqluq deyildi. Daşqın psixoloqdan heç bir yeni fikir ala bilməmişdi. Psixoloqun ona dediklərinin hamısını, ondan da artığını özü də düşünmüşdü. Yəni psixoloq onə elə bir yeni söz deyə bilməmişdi ki, o rahatlıq tapsın və bu əməlindən çəkinsin.

Bu günlərdə Daşqın artıq başqa bir insan olduğunu, daha doğrusu başqa bir həyat yaşadığını hiss edirdi. O hər dəfə işdən evə gedəndə evdə onu çox sevdiyi, təkcə üzünü görməklə səadət tapdığı biri qarşılayacaqdı. Onunla bir mənzildə eyni havanı paylaşacaqdı, onun əlindən cıxmış yeməyi yeyəcəkdi, çayı içəcəkdi, onunla üz-üzə söhbət edəcəkdi, ürəyini boşaldacaqdı, onun rahatlığı üçün hər şeyi edəcəkdi. Daşqının arzusu ölənə kimi bu həyatı yaşamaq idi. Bu o qədər xoşbəxt bir həyat idi ki, onun bir həftəsini yaşamaq, daha doğrusu imitasiya etmək də ona bir ömür bəs idi. Daşqının sevgisi bu qədər ali bir sevgi idi. Əslində yalnız kənardan baxan üçün bu bir həftə sadəcə imitasiya ola bilərdi. Daşqının özü üçün isə bu elə həmin həyatın özü idi, real idi. Çünki o başqa bir aləmə düşmüşdü. Bəlkə də həqiqətən evlənmiş olsaydılar o, bu aləmə düşməyə­cəkdi, bu qədər gözəl hislər keçirməyəcəkdi, bu qədər xoşbəxt anlar yaşamayacaqdı. Daşqın düşündükcə buna əmin olurdu. Bəlkə də məhz bunları əvəlcədən də təxmin etdiyindən bu cinayət hərəkətini etməyə özündə iradə və cəsarət tapmışdı.

Daşqın hər gün iş vaxtının sonunu səbrsizliklə gözləyirdi. İşdən çıxıb evə gedəndə ona elə gəlirdi ki, kənardakı bütün insanlar, hətta ağaclar, quşlar, bütün canlılar, hətta cansız əşyalar da bu xoşbəxt həyatına görə ona qibtə edirlər. O bu gün – həftənin, o xoşbəxt həftənin üçüncü günü evə gedəcək və ötən iki gündə müəyyən səbəblərdən yarımçıq qalmış söhbətini davam etdirəcəkdı. Birinci gün o təcili evdən çxıb getməli olmuşdu, ikinci gün evdə cihaz xarab olmuş və Dilək xəstələnmişdi. İnşallah bu gün bir hadisə  baş verməz və yarımçıq qalmış söhbətini davam etdirər.

Daşqın bu dəfə də qapının kilidini açarla açıb içəri girmək istəyəndə qapnın içəridən bağlı olduğunu gördü. Diləyə zəng etmək istəyəndə Dilək səsi eşidib özü qapını açdı. O, bu dəfə Daşqının üzünə baxmağı və salamını almağı ondan əsirgəmədi. Daşqın otağına keçib paltarını dəyşdi və yuyunmaq üçün vanna otağına keçdi. Ordan çıxanda isə Diləyin mətbəxdə olduğunu gördü və zala keçdi. Bir az sonra Dilək mətbəxdən Daşqına çay süzüb gətirdi və dönüb yenidən mətbəxə qayıtdı. Daşqın “çox sağ ol” deyərək heyrət içində donub qaldı. Hətta bir azdan Dilək Daşqını öz əlləri ilə çəkdiyi yeməyə dəvət edəcəkdi. Daşqının xəyalları gerçəkləşirdi. O bunları etməyi Diləkdən istəmədiyi halda bu baş verirdi.

Bəli, ən ağır cinayətkar da insandır, onunla insan kimi rəftar etmək və bu rəftarın qarşılığını görmək olar. Dilək deyəsən hər necə olsa da Daşqının hislərinə hörmət etməyə başlamışdı. Bəlkə də bu hərəkətlərin başqa bir səbəbi vardı, Daşqın bunu hələ müəyyən edə bilməmişdi.

Dilək Daşqını yeməyə dəvət edəndə Daşqın yenə də öz bədii danışıq tərzi ilə minnətdarlığını bildirdi:

— Sağ ol, Dilək. Sənin əlinlə süzülmüş çayı içmək xoşbəxtliyini də mənə nəsib elədin, sənin əlinlə çəkilmiş yeməyi yemək xoşbəxtliyini də. Bu mənə bəsdir. Bəs sən özün yemirsən?

Dilək “yox, mən yemirəm, nuş olsun” deyib, soyuq halda üzünü döndərib getdi. Əlbəttə ki, Daşqın Diləyi onunla bir süfrədə oturub yemək yeməyə məcbur etməyəcəkdi. Amma Dilək özünü nə qədər soyuq aparsa da, hər halda Daşqının bu təsirli sözlərinə biganə deyildi.

Daşqın axşam yeməyini bitirib zala keçdi. O, bu gün Diləklə yrımçıq qalmış söhbətini davam etdirəcəkdi:

— Hə, Dilək, o günü məndən soruşurdun ki, mən bununla nə qazanıram. Demişdim qoy düşünüm. Əslində bu sualın cavabı sadədir. Mən bütün həyatımda elə bu bir həftənin özünü qazanıram. Birini sevmək, onunla ömürlük birgə həyatı yaşamaq istəyidir. Yəni kiminləsə ömürlük birgə yaşamağı xoşbəxtlik hesab edirsənsə onu sevirsən. “Həyat yoldaşı” ifadəsi burda tam yerinə düşür. Başqa dillərdə belə söz yoxdur. Qadın və kişi bu həyat yolunda biri-birini hər mənada tamamlayır. Həm qadın, həm də kişi bu tamamlanmaya, yəni biri-birinə möhtacdır, Allah onları belə yaradıb. Bu tamamlanma onları xoşbəxt edir. Cinsi münasibət də bu tamamlanmada iştirak edir və birgə həyatı daha da şirinləşdirir. Amma cinsi münasibət sadəcə bir elementdir, yəni sevgi yalnız ondan ibarət ola bilməz. Cinsi münasibəti hər bir şəxslə yaşamaqla məmnun olmaq olar, amma ömürlük birgə həyatı hər kəslə xoşbəxt yaşamaq olmaz. Yəni ömürlük birgə həyat yaşamaq məmnunluğu cinsi məmnunluqdan fərqlidir, ondan daha geniş, daha ali məvhumdur. Cinsi həyat isə – dediyim kimi – onun bir elementidir. Sevdiyin insan cinsi portnyor kimi də səninçün tam fərqli olur. Bunu sözlə ifadə etmək bir az çətindir. Mənim də xəyallarımda səninlə birgə ömür yaşamaq o qədər ideal, xoşbəxt bir həyat idi ki, onun bircə həftəlik imitasiyası da mənə bəsdir. Bir dəfə bir şairdən bir söz eşitmişdim, bilmirəm bu söz onun özünə məxsus idi, yoxsa başqasına. Deyirdi ki, bir dəryanın suyunun dadını bilmək üçün ondan bir damlanı dadmaq da kifayətdir. Bu bir həftə mənim həyatda qalmağım üçün yeganə səbəb olacaq. Bu bir həftəlik həyat mənim ən gözəl xatirəm olacaq. Bu bir həftəyə görə mən özümü arzuma çatmış və xoşbəxt hiss edə biləcəyəm. Onu da bilirəm ki, qaydaları – insanlıq qaydalarını pozmuşam. İndi  29 yaşım var, amma bəlkə də bu sevgim 17 yaşında yeniyetmənin sevgisidir. Bəlkə də 10 ildən sonra bu hərəkətimə axmaqlıq kimi baxacam. Amma bu hərəkətim həm də amansız taleyimə bir üsyandır. Üsayanda isə sözsüz ki, qaydalar pozu­lacaqdır. Pozulmasa o üsyan olmaz ki… Bəzən insan öz idealını daim axtarır, tapmır. Bu da bir cür bədbəxtlikdir. İdealını, daha doğrusu ideal hesab etdiyini tapmaq isə özü bir xoşbəxtlikdir…

Dilək Daşqının bu nitqinə diqqət və maraqla qulaq asırdı. Hər halda Daşqın bu fikirlərində səmimi idi. Səmimi söhbət qədər insanları biri-birinə yaxanlaşdıran, doğmalaşdıran, öyrəşdirən, sevdirən ikinci bir vasitə ola billməz. Belə söhbətlərdən sonra Dilək Daşqına qarşı yumşalır, ona öyrəşməyə başlayırdı. Hər halda Daşqın onun üçün təhlükəsiz idi, yəni ona qarşı heç bir vicdansız hərəkət etməyəcəkdi, ona  heç bir zərər yetirməyəcəkdi. Amma Daşqının bu uzun nitindəki bir neçə söz Diləyə bərk toxundu: “..idealını, daha doğrusu ideal hesab etdiyini”… “Bəlkə indi mənim heç də ideal olmadığımı görüb? Bəlkə bu kobud rəftarım onun bu fikrə gəlməsinə səbəb olub?” – deyə düşünərək çox məyus oldu. Mütləq bu məsələ ilə bağlı Daşqına sual verməli idi:

— Deyirsən “ideal hesab etdiyni”. Yəni bu nə deməkdir? İdeal hesab edirsən, amma ideal omur?

— Sözsüz ki, heç kim ideal ola bilməz. Sadəsə kimsə idealına yaxın olur, onu ideal kimi qəbul edirsən, onun ideal olduğuna unanırsn və ya inanmaq istəyirsən, ondan özünə ideal düzəldirsən.

Bu cavabın birinci cümləsi Diləyə təskinlik versə də, sönuncu sözləri onu yenə məyus etdi. O Daşqına bu məsələ ilə dolayısı ilə əlaqəsi olan başqa sual verdi:

— Sevib evlənənələr həmişə xoşbəxt olur?

-Əbəttə ki, yox. Hətta sevgi hissi sonradan ölə bilər, sevgi nifrətə çevrilə bilər.

— Yəni idealın özünü doğrultmaya bilər.

— Bəli. Amma bu o vaxt baş verir ki, sevgi hissinin yaranmasında əqli faktorlar iştirak etməsin. Başqa sözlə idealın formalaşmasında əqli amillərin rolu olmasın. Məsələn sevgi yalnız xarici gözəlliyə əsaslansın. Demişdim axı, sevgi hissinin yaranmasına hər şey, hətta qarşı tərəfin adı, soyadı da təsir edə bilər, o cümlədən də əqli faktorlar, məsələn, peşəsi, dünya­görüşü, ailəsi və s.

Dilək yenə də qeyri-müəyyənlik içində qaldı: “Bəlkə o, xarici gözəlliyimə görə mənə vurulub, indi isə heç də yaxşı insan olmadığımı görməyə başlayıb?” Amma daha sual vermədi.

Bəs Diləyin Daşqına “yox” deməsinin səbəbi nə idi? Bunun elə bir ciddi səbəbi yox idi.  Dilək sadəcə ailə qurmaq haqqında hələ düşünmürdü. Ən azı ali məktəbi qurtarana qədər. Oxuduğu dörd il ərzində bütün sevgi təkliflərinə bir qayda olaraq olaraq “yox” cavabı vermişdi. O, rayonda yaşayan idi. Bakıda hansısa tanımadığı biri ilə tanış olub ailə qurcağını təsəvvür etmirdi. Kiməsə “hə” deməyi ağlından keçirmirdi. Çünki, aldadılmaqdan, uğursuz evlilikdən ehtiyat edirdi. “Yox” deməklə özünü bu uğursuzluqlardan qorumuş olurdu. Yəni Dilək hər şeydə ağıla üstünlük verənlərdən idi. Ağlı ilə hislərinə nəzarət etməyi bacarırdı. Bəlkə də onu Daşqına sevdirən əsas cəhətlərdən biri də bu idi. Azərbaycan qızlarının bir qismi məhz bu tip olur. Belə qızları “ağır qız”, “başıaşağı qız” da adlandırırlar. Amma Dilək bəlkə həm də ona görə hamıya “yox” demişdi ki, Daşqının yanaşması ilə desək hələ heç kimdə öz idealını görə bilməmişdi.

***

Növbəti gün günorta saatlarında Diləyin telefonuna bir neçə gündür danışmadığı qrup yoldaşı və demək olar ki, ən yaxın rəfiqəsi Çiçəkdən zəng gəldi. Çiçək ona şərikli kirədə qaldığı qrup yoldaşından daha yaxın rəfiqə idi. Onlar arasında baş tutacaq bu telefon söhbəti Diləyin həyatında çox şeyi dəyişdirməyə qadir bir söhbət olacaqdı. Dilək bu söhbəti yəqin ki, ömrünün sonunadək unutmayacaqdı. Çiçək telefonda Diləkdən hal-əhval tutduqdan sonra sorüşdu:

— Sizə zəng edirəm cavab verən yoxdur.

Dilək:

— Hə, telefon xarab olub. – deyə əvvəldən düşündüyü yalan cavabı verməli oldu.

— Neçə gündür evdə internet işləmir deyə “Vatsap”la da əlaqə saxlaya bilmirəm. Ona görə zəng etdim görüm necəsən, necə gündür səsini eşitmirəm.

— İnternetə nə olub ki?

— İnterneti üzbəüz qonşumuzla bir işlədirik. Bizə ordan gəlir. Qonşumuzun oğlu da neçə gündür itgin düşüb, evə gəlmir. Onun başı çıxır. Həmişə internetdə problem olanda o düzəldirdi. İndi də düzəldən yoxdur.

— Qonşunuzun oğlu itgin düşüb?

Çiçək bu sözdən gülərək:

— Yoox – dedi. Deyəsən işi ilə əlaqədardır. Özü proqra­mistdir. Neçə gündür gecə-gündüz işdə olur, evə gəlmir. Anam anasına deyir ki, birdən oğlunu qaçırdarlar a, ehtiyatlı ol. O da deyir ki, elə deyəsən axırda elə olacaq. Cox savadlı, bacarıqlı oğlandır. Hər şeydən başı çıxır, hər işi bacarır. Bizim evdə də nə xarab olur onu çağırırıq, düzəldir. Özü də çox sakit, tərbiyəli oğlandır, nə deyirik, canla-başla eləyir. Kişi elə olmalıdır da, yoxsa mənim qardaşım kimi, divara bir mismar da vura bilmir. Həmişə ona deyirəm ki, bax Daşqına öyrən. Bu işləri bacarmaq yaxşı şeydir.

— Adı Daşqındır?

— Hə, nədir ki, tanıyirsan?

— Yox, elə-belə soruşdum. O qədər təriflədin ki, elə bil məni ona almaq istəyirsən.

— Yaxşı olardı, həmişəlik qonşu olardıq.

— Sən ərə gedəndən sonra necə həmişəlik qonşu oluruq ki?

— Eybi yoxdur, ən azı anamgillə qonşu olardın. Amma həqiqi, çox yaxşı oğlandır, hərtərəfli. Eləsinə kim getsə xoşbəxt olar.

— Elə xoşun gəlir özün get də.

Bu sözdən Çiçək bərk güldü. Sonra ciddi tonda:

— Yoox – dedi. – biz əvvəldən bacı-qardaş kimi olmuşuq. İndi də eləyik. O məndən səkkiz yaş böyükdür. Onun 29 yaşı var, mənim 21. Balaca vaxtı ona əmi deyirdim. Özü belə istəyirdi.

— Olsun də, nə problem var ki?

— Elə deyirsən ki, guya bu saat məni alır, mən də getmirəm. Bir də ki, xarıcı görünüşümüz uyğun deyil. Mənim boyum balacadır, cılızam. Amma siz biri-birinizə lap yaraşarsınız. Yaş fərqiniz də lap uyğundur. Sən məndən 2 yaş böyüksən axı.

— Cılız yox, adın Çiçək kimi incə! Nə isə, zarafatı buraxaq. Mən birinci gün universitetə gedəcəm. Diplom rəhbərimin yanına konsultasiyaya. Sən də gəlsən görüşərik.

— Hə, olar.

— Onda  hələlik. Konturunu qurtarma.

— Eybi yoxdur. Amma Daşqın bu gün deyib gələcəm. Gəlsə internetimiz də düzələcək. “Vatsap”la əlaqə saxlayarıq.

Diləyə artıq hər şey aydın idi. Bu söhbət telefonda yox, üz-üzə olsaydı yəqin ki, Çiçək Daşqından danışanda Diləyin necə haldan hala düşdüyünü hiss edərdi. Dilək Daşqının Çiçəkgillə qonşu olduğunu bilirdi. Amma üzbəüz mənzillərdə yaşadıq­larını və bu qədər yaxın münasibətdə olduqlarını bilmirdi. Dilək dalınca sürünən bu oğlan haqqında Çiçəyə heç nə deməmişdi. Amma nə vaxtsa açıb deməyi düşünürdü. Daşqın Diləyi ilk dəfə elə Çiçəkgilə gələndə görmüşdü. Sonra kitabxanada rastlaşmışdı. İlk tanışlıqları da kitabxanada baş tutmuşdu.

Dilək Çiçəklə telefon söhbətini qurtardıqdan bir az sonra Daşqın ona zəng edib bu gün öz evlərinə getməli olduğunu və ona görə gec gələcəyini dedi. Dilək ondan evlərində nə baş erdiyini soruşanda Daşqın problemi olduğu kimi Diləyə izah etdi:

— Evdə internet kəsilib. Qonşuya da bizdən gedir. Onlarınkı da kəsilib. Ona görə gedəcəyəm görüm nə olub. Düzəldib gələcəyəm.

Daşqının bu səmimiyyəti Diləyə çox xoş gəldi. Diləyin Daşqına olan hörmət hissi get-gedə inkişaf edərək daha ali hislərə çevrilirdi. Çiçəyin Daşqını həddən artıq tərifləməsi, hətta bir kişi kimi ideallaşdırması da sözsüz ki, Diləyə təsirsiz qalmamışdı. Bir insana münasibətin formalaşmasında onun başqası tərəfindən təriflənməsinin həmişə xüsusi təsiri olur. Adət-ənənələrimizdə də qızın oğlana və ya oğlanın qıza təriflənməsi evliliklərin qurulmasında həmişə ən effektli metodlardan biri olub.

***

Həmin gün Daşqın evə çox gec gəldi. O, gələndə artıq saat 12-yə qalırdı və Dilək yenə də krasloda mürgüləyirdi. Qapının içəridən bağlı olduğunu görən Dşqın Diləyə zəng etdi. Lakin Dilək bərk yatdığından telefonun səsinə də oyanmadı. Sonra Daşqın qapının zəngini basmağa məcbur oldu. Bundan sonra Dilək qəfil oyandı və dərhal qapıya tərəf getdi. Qapının gözlüyündən baxıb gələnin Daşqın olduğunu dəqiqləşdirdikdən sonra qapını açdı və Daşqını gülər üzlə qarşıladı. Bu dəfə Dilək onu səbirsizlilə gözləyirdi. Bu dəfə hər şey Daşqının xəyal ediyi kimi olacaqdı. Lakin Daşqının evə gec gəlməsi bunun baş tutmasına əngəl oldu. Bu saatdan sonra bir yerdə yemək yemək, çay içmək, söhbət etmək alınmayacaqdı. Amma hələ düz üç gün qalırdı. Bu üç gündə Dilək əsl həyat yoldaşı rolunu oynamağa hazır idi.

***

Son 3 gün Daşqının tam xəyal etdiyi kimi keçdi. Xəyallarındakı o xoşbəxt həyatın bir damlasını olsa da dada bildi. Onlar artıq süfrə başında da bir otururdular. Dilək daha qaşqabaqlı yox, gülərüz, mehriban və qayğıkeş idi. Daşqın bu günlərdə sanki şirin bir yuxu görürdü, onun bu məmnunluğunu uyuşdurucu qəbul etmiş narkomanın uymuş halı ilə müqayisə etmək olardı. O artıq arzusuna çatmışdı. Daha doğrusu əsl arzusunun əvəzedicisinə çatmışdı. İndi isə Diləyə necə söz vermişdisə, elə də edəcəkdi, bir proqramçı dəqiqiyi ilə.

Bazar günü axşam Daşqın artıq səhər necə ayrılacaqlarını çox suyuqqanlılıqla Diləyə danışırdı:

— Qapının kilidinin içliyini dəyişib təzə içlik qoymuşdum. Tam təhlükəsizlik üçün. Sabah işdən gələndən sonra təzə içliyi çıxardıb köhnəni qoyacam. Öz əşyalarımı da yığıb birdəfəlik bu evdən çıxacam. Açarı da ev sahibinin Bakıda yaşayan qohumuna təhvil verəcəm. Ona da deyəcəyəm ki, daha evdən çıxıram. Kommunal ödənişlərin də haqq-hesabını çəkəcəyəm. Artıqlaması ilə ödəmişəm. Heç bir borc yxdur.

— Bəs demişdin ki, ev kirəsinin 3 aylığını əvvəlcədən ödəmişəm. Üç ay keçib ki?

— Yox, cəmi bir ay, doqquz gün keçib. Amma çıxıram. əvvəlcədən təhlükəsizlik tədbiri kimi. Gərək elə edim ki, mənim burda yaşadığımdan kiminsə xəbər tutması ehtimalı mümkün qədər az olsun. Bu sənin təhlükəsizlikdə olmağın üçün də lazımdır.

— Nə mənada təhlükəsizlikdə olmağım?

— Yəni sənin də burda qaldığından kiminsə xəbər tutması ehtimalını mümkün qədər azaltmaq üçün mən bu evdən mümkün qədər tez çıxmalıyam. Təzə içliyin açarından bir dənə verəcəm sənə. Sabah mən işə gedəndən sonra. Öz əşyalarını götürüb, qapını çöldən kilidləyib çıxarsan. Çalış tez çıxasan. Buranın adamlarının səni görmək ehtimalı az olsun. Çıxandan qabaq gözlükdən baxıb blokda adam olmadığını dəqiqləş­dirərsən. Görən olsa belə problem deyil. Onsuz da hamı bilir ki, bu mənzildə yalnız kirədə qalanlardır. Burda səni heç kim tanımır, Sən də bir kirədə qalan. Çıxandan sonra zəng edib mənə xəbər edərsən, ya da mesaj yazarsan ki, hər şey qaydasındadır. Problem olsa yenə zəng edərsən. İnşallah olmaz. 8-ə qədər zəng etməsən mən zəng edəcəm. Hər şey qaydasında olsa 8-dən sonrasını da özün bilirsən necə olacaq.

Bu sözləri Daşqın çox sakit, soyuqqanlı bir tərzdə deyirdi. Dilək isə çox həyəcanla dinləyirdi. Ona Daşqının bu soyuqqan­lılığı qəribə gəlirdi. “Necə ola bilər ki, mənim dərdimdən dəli olan bir adam ayrılmağımıza bu qədər soyuqqanlı yanaşır, o heç bir təəssüf hissi keçirmir, ürəyi kövrəlmir” – deyə Dilək düşü­nür­dü. Əslində isə bu da Daşqının sevgisinin böyüklü­yündən idi. Daşqının Diləyə olan sevgisi o qədər böyük idi ki, onunla keçirdiyi bir həftəlik bu qəribə həyat da ona bəs olmuşdu. Təəssüf ki, Dilək bu hikməti hələ də tam dərk edə bilmirdi. Amma o artıq Daşqına nifrət etmirdi, nəinki nifrət etmirdi, hətta ona sonsuz bir hörmət hissi, bəlkə də ondan daha üstün hislər bəsləyirdi. O, Daşqına çox öyrəşmişdi, Daşqın artıq onunçün bir ideal kimi formalaşırdı (bu isə sevgi hissinin başlanğıcı deyilmi?), ondan ayrılacağına özündən asılı olmayaraq çox təəssüfləirdi.  Amma bir tərəfdən də,  niyə bu qədər təəssüflənsin ki? Axı bu son olmaya bilərdi, axı o, Daşqına indiyədək əsirgədiyi sadəcə “hə” kəlməsini desəydi hər şey yenidən, özü də bir gerçək olaraq başlaya bilərdi, hamı və hər şey onların sevgisinə qibtə edərdi. Bəlkə elə indi o, Daşqına bu müjdəni çatdırsın və hər şey elə bu andanca yenidən başlasın? Diləyin hər halda əlində bu şans vardı. Bu ona arxayınçılıq gətirirdi. Amma içində bir narahatçılıq da vardı: “sonra gec ola bilər”. Daşqının ona verdiyi sözə görə sabah saat 8-dən sonra daha heç vaxt onu aramayacaq, narahat etməyəcək, onun gözünə belə görünməyəcəkdi. Daşqının verdiyi bu sözə əməl edəcəyinə şübhə yox idi. Amma Daşqın görmürdümü ki, Dilək ona qarşı nə qədər yumşalıb. Bu razılığın ilkin əlaməti deyilmi? Bunu Daşqın kimi dərin düşüncəli bir insan başa düşmürdümü? Başa düşsə belə bunu indi Diləkdən soruşmaycaqdı. Axı ona “oyun”un əvəlində kişi kimi söz vermişdi ki, ondan başqa heç nə tələb etməyəcək. Və bu sözünə əməl edəcəkdi. Amma hər halda Daşqın onun yumşaldığına biganə deyildi və “oyun” bitəndən sonra nələrsə gözlyə bilər. Daşqın ona zəng etməsə belə o Daşqına zəng edə bilər. O, mütləq “oyun” bitəndən sonra Daşqına zəng edəcəkdi, ən azından bir səmimi dost kimi  ondan hal-əhval tutacaqdı. Bəli, Dilək bunu mütləq edəcəkdi, Daşqınla münasibətini davam etdirəcəkdi, o, buna artıq qərar vermişdi. Və buna görə bir az arxayın idi.

Səhəri gün – bazar ertəsi hər şey nəzərdə tutulduğu kimi getdi. Dilək tezdən durmuşdu. Axı o həmin gün həm də Universitetə getməli, ən yaxın rəfiqəsi və qrup yoldaşı Çiçəklə orada görüşməli idi. Dilək bu səhər ilk dəfə olaraq səhər yeməyini Daşqınla bir süfrə başında yedi. Nəhayət o, işə gedən Daşqını qapıdan yola salanda ayrılıq aməqamı yetişdi. Daşqın Diləyin nur saçan simasına baxdı. Onun planına görə bu son baxış olacaqdı, bu əbədi bir ayrılığın başlanğıc nöqtəsi olacaqdı. Bununla belə o yenə də çox soyuq­qanlı idi. Çünki, hər şeyi əvvəlcədən düşünmüş, planlaşdırmış, hər şeyə özünü əvvəlcədən hazırlamış, olanların ona bəs edəcəyinə, heç nəyi pozmayacağına, heç nədən narazı qalmaya­cağına kişi kimi söz ermişdi – həm Diləyə, həm özünə. Dilək isə tam əksinə, bunu heç də son baxışma saymır, hələ çox görüşəcəklərini düşünürdü. Bu görüşün son görüş olacağını düşünmək belə onu çox qurxudurdu.

Daşqın qapıdan çıxmamış Diləyin simasına baxa-baxa yenə də soyuqqanlı şəkildə bu sözləri dedi:

— Hər şeyə görə sağ ol, Dilək! Sən məni həyata qaytardın. Mən indi xoşbəxtəm. Xudahafis!

— Bəs bu günlər üçün darıxmayacaqsan?

Bu sual Diləyin indiki həyəcanlı durumunu əks etdirirdi. Bu sualın altında çox şeylər yatırdı. Daşqın da bu suala gözlənildiyi kimi, özünəməxsus şəkildə cavab verdi:

— Bu bir həftə həmişə mənimlə olacaq, mənim olacaq. Mənimlə olan, mənim olan şey üçün niyə darıxmalıyam ki? Özündən mğayət ol.

Daşqın bu sözləri deyib yenə də soyuqqanlı bir tərzdə üzünü döndərib getdi. Bəli, o, bu dediklərində səmimi idi. O, özünü bu “oyundan” qabaq məhz belə hazırlamışdı. Yəni bu ayrılğa əvvəlcədən hazır idi. Ona görə də soyuqqanlı, rahat və xoşbəxt idi. Diləyinsə Daşqının bu sözlərindən sonra deməyə bir sözü yox idi, o, bir anlığa lal oldu. O yalnız “sağ ol… hə-hələlik” deyə bildi. Bəli, məhz “hələlik”. O, “hələlik” deməyi özünə borc bilirdi. Çünki, ayrılığı düşünmürdi. Daşqından ayrılmaq artıq qonun üçün ağır idi. Daşqın çıxıb gedən andan Dilək onunçün darıxmğa başladı və ona zəng etmək haqqında düşündü. Hər halda bu şansı ona Daşqın özü vermişdi. Dilək yarım saat keçməmiş artıq əşyaları əlində evdən çıxmağa hazır idi. O, qapının gözlüyündən baxaraq blokda heç kimin olmadığına əmin olduqdan sonra qapını açıb çölə çıxdı. Açarla qapını çöldən kilidləyib pilləkənlərlə cəld aşağı endi. Binanın həyətinə çıxanda orada tək-tük adamlar da vardı. Lakin Dilək onlara diqqət yetirmədən iti addımlarla oradan uzaqlaşdı. Yəqin ki, o adamlar bu gözəl qızı bu həyətdə birinci və axırıncı dəfə görürdülər.

***

Dilək doğrudanmı indi nədənsə azad olmuşdu? Yox, indi o, nədənsə azad olmaq yox, nəyəsə can atmaq, nəyəsə tələsmək hissi ilə yaşayırdı. Dilək gedib öz kirədə qaldığı evə çatan kimi Daşqına zəng etdi:

— Daşqın, mən gəldim, evdəyəm.

— Necə gəldin? Hər şey qaydasındadır?

— Hə, heç bir problem yoxdur, arxayın ol. Qapını bağlayıb çıxdım. Bəs açarı neyləyim?

Dilək yəqin ki, bu bir az mənasız sualı sadəcə danışığı uzatmaq xatirinə verirdi. Daşqın isə onun sualına necə lazımdır, cavab verdi:

— Neyləyirsən elə, at getsin. O açardan istifadə olunmyacaq. Yenə də sənə təşəkkür eləyirəm. Hər şeyə görə sağ ol. Sən mənə həyat verdin, bir ömürlük xoşbəxtlik verdin, inan.

— Sən sağ ol. Mənə qarşı çox diqqətli oldun. Amma Sənə qarşı kobudluq eləmişəm. Ona görə məni bağışla.

— Zatən inciməmişəm. Buna sənin haqqın var idi. Günah məndə idi, qaydaları pozan mən idim. Sən məni bağışla, səni incitdiyimə görə.

— Bütün bunlardan sonra səni bağışlamamaq olar, əlbəttə bağışlayıram.

— Minnətdaram. Bu gün Çiçəklə görüşməliydin.

— Hə, elə indi çıxıram gedəm.

— Get, uğurlar! Özündən müğayət ol.

— Oldu, sağ ol, hələlik…

— Əlvida!

Bəli, Dilək yenə sözünün sonunu “hələlik”lə bitirdi. Bu açıq bir işarə idi. Bunun qarşılığında isə Daşqın ona “əlvida” deyib telefon əlaqəsini kəsdi. Bu son söz Diləyə heç xoş gəlmədi. Amma Daşqının son sözünün nə olmasından asılı olmayaraq Dilək ona bir bəhanə ilə yenə zəng edəcəkdi. Diləyə görə Daşqının “əlvida” deməsi sadəcə öz verdiyi sözə əməl etməsi idi. Yəni daha onu aramayacaq, dalına düşməyəcək, narahat etməyəcəkdi.

***

Həmin gün Dilək Universitetdən evə gələndən sonra düşündüyü yeganə şey Daşqına zəng etmək idi. Bunun üçün bəhanəsi vardı, ondan hal-əhval tutacaq, bu gün planlaşdırdığı işlərin necə olduğunu, evə necə getdiyini və s. soruşacaqdı. Bunları soruşmq üçün isə iş vaxtından sonrakı saatları gözləməli, həmin saatlarda zəng etməli idi.  Lakin Diləyin hətta buna da səbri çatmadı. O, elə indi – Daşqın hələ işdə olduğu vaxt ona zəng etməyi qərara aldı. Hər halda onu sevən, hətta dərdindən dəli olan bir insana zəng edirdi, nədən çəkinəcəkdi ki? Bu yalnız Daşqını sevindirə bilərdi. Lakin ilk zəngdən sonra Dilək məyus oldu. Daşqının telefonuna zəng çatmadı. Dilək iş vaxtı mane olmasınlar deyə Daşqının telefonu özü söndürmüş olduğunu güman etdi. Hər halda Daşqın telefonu yandıran kimi Diləkdən ona zəng gəldiyini görəcəkdi. Bəlkə bunu görüb özü də zəng edəcəkdi. Eyni zamanda Daşqın telefonu yandıran kimi onun nömrəsinin şəbəkəyə qayıtması haqqında Diləyə mesaj da gələcək və bu Diləyi sevindirəcəkdi. Lakin bunlar heç biri baş vermədi. Dilək bir daha məyus oldu. Həmin axşam Dilək bir neçə dəfə Daşqının nömrəsinə zəng etdi. Nömrəyə zəng çatmadı ki, çatmadı. Eybi yox, sabah yenə zəng edər. Axır nə vaxtsa onun nömrəsinə zəng çatmalıdır.

Dilək səhəri günü yenə də bir neçə dəfə Daşqının nömrəsinə zəng etdi. Yenə də telefonun qulaqlığından eşitdiyi səs onu sevindırmədi: “Bu nömrəyə zəng çatmır…”. Bir neçə gün bu vəziyyət davam edincə o, Daşqını sosial şəbəkədə axtarmağa başladı. Lakin bu da bir nəticə vermədi. Daşqının həmin nömrəsi ilə sosial şəbəkədə açılmış hesab da bağlanmışdı. Bundan sonra Dilək onu başqa sosial şəbəkələrdə öz adı ilə axtarmağa başladı. Lakin yenə də bir nəticə hasil olmadı. O, Daşqının nə soyadını, nə də atasının adını bilirdi. Ona görə də onu sosial şəbəkədə axtarıb tapmaq daha çətin idi. Hətta soyadı və atasının adını bilsəydi belə, bu alınmayacaqdı. Çünki Daşqın heç bir sosial şəbəkədə artıq öz adı ilə çıxış etmirdi.

Günlər həftələri, həftələr ayları əvəz edəcək, amma Diləyin bu axtarışı heç bir nəticə verməyəcəkdi. Dilək artıq şübhələn­məyə başladı. Bir müddət sonra isə hər şeyi anladı. Hər şey aydın idi. Daşqın verdiyi sözə proqramçı dəqiqliyi ilə əməl edərək qəsdən onun üçün yox olmuşdu. İndi Daşqının bu sözləri Diləyin qulağında bir dəhşət nəğməsi kimi səslənirdi “…bir də üzümü görməyəcəksən, bir daha sənə zəng etməyəcəm, səsimi eşitməyəcəksən, məni tamamı ilə unudarsan…”. Dilək çox təəssüfləndi. Ən böyük dərd elə təəssüfdür. Dilək əməlli başlı dərdə düşmüşdü. Vaxtı ilə Daşqının ona ən yaxın insan olması üçün onun “hə” kəlməsi kifayət idisə, indi Daşqın ona əlçatmaz, ünyetməz bir uzaqlığa çevrilmişdi. Vaxtı ilə onun dalınca sürünən, yapışqan kimi yapışıb qopmaq istəməyən varlıq indi gizlənpaç oynayan uşaq kimi ondan qaçıb gizlənmişdi. Amma bir ümid yeri yaxşı ki, hələ qalırdı – Çiçək! Dilək ən yaxın rəfiqəsi olan Çiçək vasitə­siylə Daşqını tapa bilərdi. Axı onlar çox yaxın və mehriban qonşu idilər.

İndi Dilək Çiçəklə daha çox əlaqə saxlayır, Daşqını ondan soruşmaq üçüm məqam axtarırdı. Lakin bu məqam heç cür yetişmirdi. Nəhayət bir gün Dilək Çiçəklə birlikdə Çiçəkgilə  getməli oldi. Bu çox gözəl bir şans idi. Bunu çoxdan gözləyirmiş kimi çox məmnun olan Dilək Çiçəkgilin mənzili­nin qapısına çatanda üzbəüz qapını göstərib soruşdu:

— Daşqın dediyin qonşunuz burda yaşayır?

Dilək bu sualı çox böyük ümidlə vermişdi. O, bununla Daşqından söhbət salacaq, bir bəhanə ilə onunla əlaqə yaratmağa nail olacaqdı. Lakin Çiçəkdən aldığı gözlənilməz cavab onu yenidən və daha pis məyus etdi:

— Hə, burda yaşayırdılar. Amma bir-iki ay olar buranı satıb  köçüblər.

— Niyə?

— Onlar iki qardaş idilər. Bu evlərini satıb puluna şəhərdən qıraqda hər qardaşa bir ev almaq istəyirdilər. Buralarda ev bahadır axı.

— Hara köçüblər?

— Dəqiq blmirəm. Deyəsən Hövsandan almaq isəyirdilər. Köçəndən sonra birdəfəlik gediblər. Heç əlaqəmiz yoxdur.

— Heç zəng də eləmirlər?

— Yox.

— Nə vəfasız qonşudurlar.

— Yəqin başları qarışıqdır. Başları açılanda zəng edərlər yəqin…

Bu xəbər Daşqını Diləkdən bəlkə də ömürlük ayıracaqdı. Amma Dilək onu ömrünün sonuna qədər hər yerdə, gördüyü hər şeydə axtaracaqdı. Bəlkə açıb hər şeyi Çiçəyə danışsın? Çiçək Daşqını tapmaqda ona kömək etsin? Nə vaxtsa bunu mütləq edəcəkdi. Ən yaxın dost nə deməkdir?

***

Amma Diləyin məyusluğu bununla da bitməyəcəkdi. Onu daha pis məyus edən hadisələr olacaqdı. Elə hadisələr ki, ondan sonra Dilək Daşqını axtarmaqdan belə vaz keçəcəkdi, buna məcbur olacaqdı və bu hal ona çox əzab verəcəkdi. Yəni Dilək nəinki Daşqını tapmaqdan, hətta onu ümidlə axtarmaq zövqündən də məhbrum olacaqdı. Bu hadisə Diləyin qəfil tutulduğu bir xəstəlik idi. Onun cinsiyyət siste­mində çox ciddi bir problem yaranmışdı. Onun əməliyyat olunması həyatı üçün çox təhlükəli idi. Hətta əməliyyat uğurla keçsə belə onun nəinki uşaq doğması, hətta cinsi əlaqədə olması belə həyatına son qoya bilərdi. O, dilindən iltizam verərək əməliyyata getdi. Çünki, artıq ölümdən qorxmurdu. Onsuz da həyatı mənasızlaş­mışdı. Bəlkə də əslində elə ölmək istəyirdi. Lakin ölə bilmədi. Əməliyyatdan sağ çıxdı. Amma sağlam çıxmadı. Bu hal sonsuz olmaqdan daha betər idi. Onunla heç kim evlənməyəcəkdi. Artıq kişilərin gözündə o nəinki uşaq doğmağa, hətta seksə də yaramırdı. Bu vəziyyətdə onu bəlkə də yalnız Daşqın qəbul edə bilərdi. Axı Daşqına görə sevgi yalnız seksdən ibarət deyildi və Diləyə barmağını da toxundurmadan onunla yaşadığı yalnız bircə həftə də Daşqına bir ömürlük səadət bəxş etmişdi. Amma Dilək daha Daşqını axtarmaya­caqdı. Çünki Daşqın elə başa düşə bilərdi ki, Dilək məhz başqaları tərəfindən qəbul olunmadığına görə onu axtarır.

***

Bu hadisənin üstündən 20 il keçəcək, tibb elmi inkişaf edəcək, Diləyin bu xəstəliyinin müalicəsi tapılacaq, o, bu xəstəlikkdən azad olacaqdı. Amma yenə də heç kimə ərə getməyəcəkdi. O, Daşqınla bir xoşbəxt təsadüf nəticəsində qastla­şacaq, Daşının hələ də evlənmədiyi  məlum olacaq və hekayə yenidən başlayacaqdı.

 

Пятиминутка (rus. Beşdəqiqəlik). Axar suyu qazla avto­matik qızdıran məişət cihazına el arasında verilən ad.

Рубрика: Bədii nəsr | Оставить комментарий

Köhnəlmiş gənclik (hekayə)

(İxtisarla)

 Azərbaycan Cümhuriyyətinin 100 illiyinə ithaf edilir

Universitetdə tibb təhsili alan Aydın dərsdən çıxıb çox fkirli halda evə gedirdi. Sonuncu dərsdə mövzu qocalma ilə bağlı olmuşdu. O, elmdə qocalma haqqında olan fikirləri beynində vuruşdururdu. Deyilən hər şeyi mənimsəmişdi. Amma nəsə tam aydın deyildi. Nəyisə öz məntiqi ilə izah etməyə çalışırdı: “Bəli, qocalan hüceyrədə suyun miqdarı azalır. Bəs azalmaya bilərmi və ya bu azalmanın qarşısını almaq olarmı, yaxud suyun miqdarını yenidən artıra bilsək insan cavanlaşarmı? Bəs “cavan qalmış” mənasında məhz “canı sulu” ifadəsini işlədən, hüceyrənin nə olduğunu bilməyən ata-babalarımız qocalmanın su ilə bağlılığını haradan biliblər?” Əlbəttə bu suallara cavab verməkdən daha asanı xarici görünüşdən yaşı dəqiq müəyyən etməyin “gizli əlamətlər”ini öyrənmək idi. Aydın bu əlamətləri bir mütəxəssis kimi incəliklrinə qədər öyrənmişdi. Hətta öz yaşına uyğun görünməyən insanların belə yaşını hətta 1-2 il dəqiqliyi ilə deyə bilərdi. O, bu məsələyə o qədər aludə olmuşdu ki, özündən asılı olmayaraq hər gördüyü insanın dəqiq yaşını təyin etməyə başlayırdı.

O, indi getdiyi Avtobusda da bu müşahidələri qeyri-ixtiyari olaraq aparırdı. Novbəti dayana-caqda 20-25 yaşlarında bir qız avtobusa mindi. Qızın əynində cins şalvar və sadə mavi kofta var idi. Demək olar ki, ideal bədən quruluşu, çox az makiajli dəyirmi ağ bənizi, sadə saç düzümü diqqəti cəlb edirdi. Ona tipik Azərbaycan gözəli də demək olardı. Adətən 20-30 yaş arası olan insanlara xarici görünüşdən dəqiq yaş verməkdə daha çox yanılmaq olar. Çünki, bu dövrdə insanlarda vaxtından tez “kişiləşmə” və ya “qadınlaşma”, yaxud əksinə uşaq simasını saxlama ola bilər. Amma hər halda avtobusa minən bu qıza xarici görünüşdən 25-27 yaşdan yuxarı yaş vermək olmazdı. Aydın mütləq bildiyi gizli əlamətlərdən bunu 1-2 yaş dəqiqliyi ilə müəyyənləşdirməli idi.

Qız avtobusun pillələrini qalxıb elə birinci oturacaqda oturmuş Aydının yanındakı boş yerdə cəld hərəkətlərlə cox sərbəstcəsinə əyləşdi və başını aşağı əyib iri ekranlı telefonunu qurdalamağa başladı. O, bu hərəkətləri edəndə demək olar ki, Aydına gözünün ucu ilə də baxmadı. Onun kobudluq səviyyəsində olan bu sərbəstliyi yaşına və xarici görünüşünə uyğun deyildi. Adətən bu  yaşda olan qızlar ictimai yerlərdə özlərini nəzarət altında hiss edir, bir az çəkincək, naz-qəmzəli, asta, ehtiyatlı hərəkətlər edir, ətrafdakı kişiləri, xüsusən gənc oğlanları gözucu da olsa nəzərdən keçirirlər. Amma bütün bunlar Aydın üçün önəmli deyildi. O, yanında oturan bu qızın yaşını dəqiqləşdirməli idi. Bunun üçün şərait da yaranmışdı. Qızın saçlarının arxaya yığılmış olması və başını aşağı salıb telefona baxması onun qulaqətrafı nahiyəsinin və boynunun bir tərəfinin aydın görünməsinə səbəb olmuşdu. Aydın diqqətlə həmin nahiyəyə baxmağa başladı. Qıraqdan baxan düşünərdi ki, oğlan bu hərəkəti cinsi hislərin tələbi ilə edir. Əslində isə o, bir peşə xəstəliyinə tutulmuşdu. Aydın qızın həmin nahiyəsinə diqqətlə baxdıqda gördüyündən heyrətə gələrək “bu nə deməkdir? Axı bu mümkün deyil! Elm tərəfindən müəyyən olunmuş əlamətlər necə səhv çıxa bilər?” – deyə düşündü. Bu ya elmdə müəyyən olunmuş əlamət¬lərin özünü doğrultmaması idi, ya da bir möcüzə. Hər iki halda Aydın önəmli bir kəşfə çox yaxın idi. O, bu gözəli əldən buraxa bilməzdi, bu qız onun elmi kəşfi idi. Mütləq onunla danışmalı, məsələni aydınlaşdır¬malıydı. Bəs necə danışsın? Elə buradaca? Bəlkə Avtobusdan düşməsini gözləsin? Yox, çöldə onu gözdən itirə bilərdi. O, qızın nə reaksiya vərəcəyindən asılı olmayraq, hətta qız avtobusda onu biabır edəcək olsa belə onunla danışmalı idi. Artıq bu kəşfin qarşısında Aydının gözünə heç nə görünmürdü. Günorta saatları olduğundan iri tutumlu uzun avtobusda sərnişinlər seyrək idi və bu da qızla söhbət etməyə şərait yaradırdı. Odur ki, Aydın özünü toplayıb hələ də öz telefonu ilə oynayan yanında oturmuş qıza müraciət etdi:

— Bağışlayın, xanım, sizə bir sual vermək olar?

Qız səksənmiş kimi cəld başını döndərib diqqətlə oğlana tərəf baxdı. Sanki onun qeyri-adi nəsə soruşacağını intuitiv olaraq hiss etmişdi. Amma bu müraciətin sadəcə tanış olmaq üçün bir bəhanə ola biləcəyini də güman etdi. O, sərbəstliyini çox da pozmadan:

— Buyurun, eşidirəm. – dedi.

— Çox üzr istəyirəm, kobud çıxmasın, sizin neçə yaşınız var?

Qız artıq bu sualdan sonra əmin oldu ki, bu oğlan adi yoldan ötənlərdən deyil və onda nəsə görüb və ya hiss edib, yaxud hardansa tanıyır. Odur ki, daha diqqətli və heyrətli baxışlarla bir neçə saniyə də dayanıb oğlanın gözlərinə baxdı. “Necə bəyəm, neçə yaş verərsiniz?” demək istəsə də ani olaraq fikrini dəyişdi və sadəcə “150” deyib onu təəccüb¬lən¬dirmək istədi. Amma Aydın onun sözünü ağzında qoydu:

— Xanım, əslində bu sualı verməməliydim, məsələ bunda deyil. Mən tələbəyəm, həkimlik oxuyuram. Qəribəsi odur ki, sizdə yaşınıza heç uyğun olmayan bir gizli əlamət görmüşəm. Bu faktla tibb elminin bu sahədəki nailiyyətlərini alt-üst etmək olar.

Qız bir az gülümsəmiş və maraq dolu baxışlarla soruşdu:

— Məndə hansı yaşa uyğun əlamət tapmısınız?

— O əlamətə görə sizin indi ən azı 95-100 yaşınız olma¬lıdır.

Qız yenə də gülümsəyərək:

— Məndə 150 yaşın əlamətini görmədiniz ki? – deyə soruşdu.

Qızın gülümsəməsindən Aydın qızın ona istehza etdiyini sandı. Ona görə də qızı inandırmağa çalışdı:

—  İnanın, xanım, mən ciddi deyirəm. Mən sırf tibb elmin¬dən danışıram.

— Mən də ciddi deyirəm, 150 yaşın gizli əlmətini bilir¬siniz?

— Xeyr, 95-100 yaşdan sonrakı yaşların əlamətlərini bilmirəm. Heç yerdə də bu yaşdan yuxarı yaşların əlamətləri göstərilməyib. Axı bu yaşdan yuxarı çox az adam yaşayır. Amma siz elm tərəfindən müəyyən olunmuş bu əlamətlərin yenidən tədqiqata cəlb olunmasına səbəb ola bilər¬siniz. Əlaqə nömrənizi verə bilərsiniz? Mən sizi mütəxəs¬sislərin yanına aparmaq istəyirəm.

Qız müdrikcəsinə gülümsündü:

— Buna ehtiyac olmayacaq. Elm heç də yanılmayıb, bütün əlamətlər doğrudur. Mən qabaqda düşəcəyəm, mənimlə düşə bilərsiniz?

— Əlbəttə, məmnuniyyətlə…

***

Bəli, bu “qız”ın adı Qızyetər idi. Onun həqiqətən də hələ keçən il 150 yaşı tamam olmuşdu. 1866-cı ildə Azərbaycanın kənd bölgələrindən birində doğulmuşdu. Özündən əvvəl 3 bacısı olduğundan doğulanda valideynləri çox məyus olmuşdular. Ona görə də adını “Qızyetər” qoymuşdular. Amma ondan sonra 2 qardaşı dünyaya gəlmişdi. 14-15 yaşlarında ərə verilmişdi. Əri qaçaq hərəkatının iştirakçısı olmuşdu. Səfərlərindən birindən qayıtmamışdı. 10 ilə yaxın sürmüş bu evlilikdən uşaq da doğulmamışdı. Sonra Qızyetər atası evinə qayıtmış, bir müddət orada yaşamışdı. Atası da qaçaq həyatı sürürdü. Bir müddət sonra Qızyetər başqa bir kişiyə ərə verilmişdi. Kişinin boşamış olduğu əvvəlki arvadlarından uşağı olmamışdı. Qızyetəri də ona uşaq doğacağı ümidi ilə almışdı. Lakin bu evlilikdən də uşaq doğulmamışdı. O vaxtlar ailədə uşağın doğulmamasının yalnız qadından irəli gəldiyinin düşünüldüyü dövr idi. Əslində isə ərinin əvvəlki arvadlardan da uşağının olmaması problemin məhz əri ilə bağlı olduğunu deməyə əsas verirdi. Lakin əri, əl-əlxüsus da qaynanası yenə də günahı Qızyetərdə görürdülər. O, Ailədə gözüqıpıq olmuşdu. Bir müddət sonra Qızyetərin atasıgillə də əlaqəsi kəsilmiş, artıq gedəcək bir yeri qalmamışdı. Əri anasının təhriki ilə onun üstünə başqa arvad gətirdikdən sonra isə, Qızyetər o evdə arvaddan bir qulluqçuya çevrilmişdi.

Qonşuluqda bölgənin mərkəzi şəhərində yeni tipli məktəbdə oxuyan müasir düşüncəli bir yeniyetmə vardı. O, bu gəlinin acınacaqlı durumunu görüb çox pis olmuşdu. Oğlan ağ bənizi cəhalətə işıq saçan bu gəlinə həm də vurulmuşdu. Onun təkcə gözəlliyi yox, həm də bu cür acınacaqlı durumda müdrik və səbrli davranışı oğlanı heyran etmişdi. 16 yaşlı oğlan bu gəlini öz yaşıdı bilirdi. O, Qızyetərə xəbər göndərərək ona qoşulub qaçmağı təklif etmişdi. Hətta bir neçə dəfə gizli şəkildə özü ilə də danışmağa fürsət tapmışdı. Qız isə o qədər məsum idi ki, əri ilə kəbinli olduğundan bu hərəkətin şəriətə zidd olduğunu demişdi. Oğlan ona boşanmaq haqqının olduğunu bildirmiş və nəyin bahasına olursa, olsun onu bu çirkabdan qurtaracağına söz vermişdi.

Bir müddət sonra Qızyetərin əri qan davasının qurbanı oldu. Oğlan şəriətə görə bundan 40 gün sonra kəbinin xətm olunmuş sayıldığını Qıztetərə bildirdi və müddət bitəndən dərhal sonra ona kəbin kəsdirməyi təklif etdi. Qız bu qədər kimsəsiz və çarəsiz vəziyyətdə də məsumcasına oğlana  cavabında belə dedi:

Bilirsənmi, mənim uşağım olmur, özü də yaşım çoxdur. İndən sonra da çətin ola. Sonra əvvəlkilər kimi sənə də yük olaram.

Oğlan bu sözlərdən sonra qıza bir daha vuruldu, həm də bir az əsəbiləşdi:

— Sən mənə heç vaxt yük olmayacaqsan, söz verirəm, tamamı ilə yeni bir həyata başlayacaqsan. Mən özüm həkimlik oxuyuram. İndi təbabət uşağı olmayan qadınları da müalicə edir. Olmasa belə, sən həmişə mənim yeganə arvadım olacaqsan. Üstünə arvad gətirəcəyimi də düşünmə. Bir də, bəyəm sənin neçə yaşın var ki?

— Dəqiq bilmirəm, 30-dan çoxdur. Yadımdadır, şəhərdə rus-tatar məktəbi açılan ili mənim 10 yaşım tamam idi, qardaşımın – 8. Məktəbə uşaq yığırdılar, qardaşımı da götür¬mək istəyirdilər, sonra nəsə alınmadı.

Oğlan bu məlumatlardan sonra dərhal onun indi özündən 20 yaş böyük – 36 yaşı olduğunu müəyyən etdi. Dəhşətə gəldi. Uşaq kimi göründüyü kimi, qəlbi də uşaq kimi məsum idi. Bəlkə də əksinə, uşaq kimi məsumluğu onu uşaq kimi gənc saxlamışdı. O, qıza bir daha vuruldu! Onlar evləndilər. Elsevər adlı bu gənc Qızyetərin ilk müəllimi oldu.

***

Onların ailə həyatlarının başladığı bu illər bütün Azərbaycanda və hətta demək olar ki, bütün dünyada ictimai-siyasi proseslərin gərginləşdiyi bir dövr idi. Elsevər də vətənpərvər bir dəliqanlı kimi bu proseslərə biganə deyildi. Bir müddət sonra Elsevər təhsil almaq üçün Qızyetərlə birlikdə Peterburqa yollandı. Elsevər hara gedirdisə bu kimsəsiz mələyi özündən ayrı buraxmırdı. O, imkanlı bir bəy ailəsinin tək oğlu idi. Onun valideynləri də bu evliliyə narazı olmuşdular. Ona görə də Elsevər arvadını heç öz valideynlərinə də etibar etmirdi. Vətənin taleyini hər şeydən çox düşünən Elsevər Peterburqda 2 il təhsil aldıqdan sonra  təhsilini yarımçıq qoyub vətənə qayıtdı. Onlar bir müddət sonra Bakıya köçdülər. Elsevər Bakıda yaranan ilk gizli milli təşkilatlara qoşuldu. Nəhayət o, I Rus inqilabı dövründə yaranmış ilk milli partiya olan “Difai”nın ən fəal gənclərindən biri oldu. “Difai”nin sədri, böyük millət fədaisi, xalqın qeyrət simvolu Əhməd bəy Aaoğlu bu mübariz gənci özünə şəxsi mirzə götürmüşdü. Təşkilatın yazılı sənədlərini hazırlamaqla məhz Elsevər məşğul olurdu.

“Difai” bu gərgin dövrdə Azərbaycan xalqının müdafi¬əsini təşkil etmiş, sözün həqiqi mənasında xalqı ayağa qaldır¬mış, gələcəkdə müstəqil milli dövlətin qurulması üçün böyük maddi və mənəvi-ideoloji baza yaratmışdı. Lakin I Rus inqilabı məğlub olduqdan sonra digər müxalif təşkilatar kimi “Difai”yə qarşı da ciddi təqiblər başladı. Difaiçilərin bir çoxu, o cümlədən Elsevər də Qızyetərlə birlikdə Osmanlı dövlətinə mühacirət etməli oldu. Tarixdən məlum olduğu kimi “Difai”nin fəaliyyəti dayandıqdan sonra fədakar difaiçilər sonradan yaranmış Müsavat və digər milli təşkilatların sıralarında vətənə və xalqa xidmətlərini davam etdirmişlər.

Qızyetərin Peterburqda müalicəsi nəticəsində iki uşağı doğulmuşdu. Onlar Osmanlı dövlətinə mühacirət edəndə 4 yaşlı qızı və 2 yaşlı oğlu Elsevərin valideynərinin himayəsində qaldılar.

Elsevər Osmanlı dövlətində də Ə.Ağaoğlunun yanında idi. Ə.Ağaoğlu Azərbaycan Cümhuriyyəti dövründə Bakıya gələrkən onun məsləhəti ilə Elsevər Türkiyədə qalmış və Azərbaycana gələ bilməmişdi. Nəhayət Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olması ilə vətən üzərinə bir sovet qaranlığı çökdü. Milli hərəkatçıların bir çoxu məhv edildi, bir hissəsi Türkiyəyə və Avropa ölkələrinə mühacirət etdilər. Elsevərin valideynləri və uşaqları ilə əlaqəsi tamamı ilə kəsildi.

Bu illərdə Qızyetərin qocalmadığı açıq-aşkar görünürdü. Bu necə bir möcüzə idi? Elsevər bir həkim kimi bu möcüzəli xoşbəxtli¬yin qarşısında çaşıb qalırdı. Bəzi insanlar yaşına görə gənc görünə bilərlər. Amma bu tamam başqa şey idi. Keçən on illər Qızyetərdə heç nəyi dəyişdirmirdi. Belə “həmişəgənc” arvadla özü də gənc qalmalı idi. Onun kimi dəyişilməz qalmasa da, onunla birgə yaşayan Elsevər də yaşına görə çox gümrah idi. Həm də ona görə ki o, bir həkim kimi sağlam və gümrah qalmasının daim qayğısına qalırdı, eyni zamanda “həmişəgənc” arvadına layiq olmaq üçün bunu etməli idi. Elsevər həm də ona görə cavan və gümrah qalırdı ki, Qızyetər daxilən də bir mələk idi, sözün həqiqi mənasında bir mələk! O, sanki, həyata yaxşılıq üçün gəlmişdi, üzü həmişə gülürdü, qaş-qabaq, deyinmək nə olduğunu bilmirdi.

Türkiyəyə getdikdən sonra Elsevərlə Qızyetərin başqa uşaqları doğulmamışdı. Mühacirətin ilk illərində bunun üçün müalicəyə də getməmişdilər. Çünki artıq iki uşaqları var idi və tezliklə Azərbaycana dönəcəklərini və istəsələr sonrakı uşaqları orada dünyaya gətirə biləcəklərini düşünürülər. Lakin Azərbaycana sovet qaranlığı çökdükdən sonra onların vətənə qayıtması qeyri-mümkün oldu. Bu vaxtlar uşaq dünyaya gətirmək üçün müalicədən söhbət düşəndə artıq qocalmadığını görən Qızyetər ərinə belə demişdi: “Uşağım olmasını istəmirəm. Öz övladlarımın gözümün qabağında qocalmasına dözə bilmərəm. Azərbaycandakı uşaqlarımın həsrətini çəkirəm. Amma bir tərəfdən də fikirləşirəm ki, özüm cavan qala-qala onların qocaldığını görsəm, buna necə dayanaram? Onlardan xəbərimiz yoxdur. Üzlərini görməsək də Allaha dua edirəm ki, sağ-salamat olsunlar. Heç olmasa sağ-salamat olduqlarını öyrənə bilsəydik  yaxşı olardı. Bir tərəfdən onu da bilirəm ki, sənə burda da övlad lazımdır”. Bu sözlərdən sonra Elsevər heç də əhvalını pozmadan belə demişdi: “Mənim üçün şəxsi övlad anlayışı yoxdur, millət övladı anlayışı var. Öz övladımın olub-olmamağının heç bir fərqi yoxdur, millətimizin ailələrində doğulan hər bir uşaq mənə öz övladım kimidir! Əsl millətsevər üçün məhz belə olmalıdır!”. Elsevər bu sözləri həqiqətən də ürəkdən, tam səmimiyyətlə deyirdi. Onda dəli bir vətən sevgisi vardı. Doğulanda ona qoyulan ad onun həqiqi taleyinə çevrilmişdi.

***

Elsevər üçün böyük ustad, millət atası, qeyrət simvolu, həmişə itaətində olduğu böyük şəxsiyyət, çox əziz və yaxın insan Əhməd bəy Ağoğlu 1939-cu ildə vəfat etdi. Elsevər bu hadisədən çox sarsıldı. Hətta onun qəbri üzərində saatlarla hönkür-hönkür ağlayır, ömrünün sonuna qədər onun mübari¬zəsini sədaqət və ləyaqətlə davam etdirəcəyinə söz verirdi.

Ə.Ağoğlunun vəfatından bir az sonra isə II dünya müharibəsi başlamışdı. Elsevər bu dövrdə Azərbaycanın mühacir hərəkatçı¬ları, o cümlədən M.Ə.Rəsulzadə, M.B.Məm¬məd¬zadə və b. ilə yaxın əlaqələr saxlayırdı. O dövrdə onlar müharibə nəticəsində SSRİ-nin parçalanacağına, Azərbaycanın müstə¬qilli¬yinin bərpa olunacağına ümid edirdilər. Lakin müharibənin gedişi bu ümidləri qırdı. SSRİ-nin müharibədən qalib dövlətlərdən biri kimi çıxması bu imperiyanın ömrünü bir az da uzatdı və Stalinin nüfuzunu bir az da artırdı. Müharibənin qurtarmasından 8 il sonra – 1953-cü ildə Stalinin ölməsi isə, bir çox şeyləri dəyişdirdi. Yenidən ümidlər cücərməyə başladı.

Tarixin ən amansız dövlət başçılqrından biri olan Stalin öldükdən sonra sovet dövlətinin siyasi sistemində bir çox dəyişiliklər baş verdi. Qısa müddətə onun yerinə Malinkov keçdi, daha sonra hakimiyyətə gələn Xurişşov isə Stalinin bir tarixi şəxsiyyət kimi nüfuzuna ən böyük zərbəni vurdu. Stalinin antitəbliğatı ən yüksək səviyyədə aparıldı: “Antipartiya”, “şəxsiyyətə pərəstiş”, “repressiya”… Xurişovun Stalinə verdiyi bu ağır cəza Xurişşov hakimiyyətindən sonra da Sovet dövlətində qüvvədə qaldı. Beləliklə Sovet imperiyasını İkinci Dünya Müharibəsindən sudan quru çıxmaq kimi sağ-salamat çıxaran Stalin bu dövlətin özü tərəfindən ən ağır cəzaya məruz qaldı. Stalin həm də bu aqibətə layiq idi. Tarixin ədalət qüvvəsi Stalini öz vəhşi əməllərinə görə belə cəzalan-dırmışdı.

Bu dövrdən etibatrən Sovet Azərbaycanında milli hərə¬katın yeni mərhələsi başlandı. Repressiyalar qismən yumşaldı. Gizli milli hərəkatçıların fəaliyyəti genişlənməyə başladı. 1956-cı ildə Azərbaycan türkcəsinə (“Azərbaycan dili” adı altında) rəsmi status verildi. Bir il sonra 28 may günündə Qız Qalası üzərində üçrənglu Azərbaycan bayrağı dalğalan¬dırıldı.

Bu hadisədən bir necə ay öncə Elsevər də Qızyetərlə birlikdə Bakıya gəlmək imkanı qazanmışdı. Elsevər Azərbay¬can¬¬dakı gizli hərəkatçı dostları vasitəsi ilə çox çətinliklə də olsa övladlarının yerini tapa bilmişdi. 52 yaşlı qızının artıq nəvələri də vardı, 50 yaşlı oğlu isə nisbətən gec evləndiyindən uşaqları hələ orta məktəb şagirdləri idi. Repressiya illərində bu ailənin adı “qara siyahı”da olduğundan çox əzablar və məhrumiyyətər yaşamışdılar. Hətta uşaqlarını zorla rus bölmə-sində oxumağa məcbur etmişdilər.

Elsevərin Gülər adlı qızının evi Bakının mərkəzindən bir az qıraqda yerləşən əhalinin sıx məskunlaşdığı həyətsiz məhəllə evlərindən idi. Yerdən olan bu köhnə evlər bir qayda olaraq sement əvəzinə xüsusi sarı torpaqla tikilmiş olurdu. Divarlaı adətən nəm çəkirdi. Belə evlər indi də qalır.

Elsevər və Qızyetər qızının evinə onlara bu evi tapmaqda kömək etmiş gizli hərəkatçı dostu ilə getdilər. Qapını üzlərinə elə qızı açdı. Gülərin həyat yoldaşı və böyük oğlu işdə idi.  Birinci övladı olan qızı isə artıq ərdə idi və ondan nəvələri vardı. Üçüncü övladı olan tələbə oğlu isə evdə semestr imtahanına hazırlaşırdı. Elsevərin gizli hərəkatçı dostu onu qızına təqdim etdi:

Gülər xanım, Atanı gətirmişəm, bax bu kişi sənin doğmaca atandır!

Elsevərin 52 yaşlı qızı yaşından bir az da böyük görünürdü. Özündən iki yaş balaca qardaşı ilə birlikdə valideynlərsiz, nənə-baba yanında keçmiş uşaqlığı, yeniyet¬məliyi və gəncliyi çox əzablı keçmişdi. Bu həyatdan ayrıca bir roman yazılardı. O, bu 52 illik həyatında 3 inqilab, 2 dünya müharibəsi, neçə-neçə hakimiyyət dəyişiklikləri, ağır repres¬siya illəri və təqiblər görmüşdü. Onun atası sovet dövləti tərəfindən “xalq düşməni” adlandırılan şəxslərin siyahısında idi. Üstəlik bəy nəslindən olmaları həmişə onların ailəsinin sıxışdırılmasına səbəb olurdu. Adı Gülər olsa da üzü çox az gülmüşdü. O, 70 yaşlı atasını belə cavan və gümrah təsəvvür etmədiyindən öncə çaşıb qaldı. Atasına xarici görnüşdən 50-55 yaş ancaq vermək olardı. İlk baxışdan “Bəlkə atam yox, varlığından xəbərsiz olduğum qardaşımdır” deyə şübhə etmişdi. Amma təqdimatdan sonra şübhələri dağıldı. Axı o atasının cəmi 18 yaşında doğulmuşdu.

Elsevərə qızının evini tapmqda yardımçı olmuş gizli hərəkatçı dostu Elsevəri öz qızına təqdim etdikdən sonra “gözə görünməmək” üçün dərhal çıxıb getdi. Ata-qız ağlaya-ağlaya biri-birilərinə sarıldılar. Qıraqdan onları seyr edən Qızyetər isə onlardan da çox  ağlayırdı. Bəlkə də ömründə bu qədər bərk ağlamamışdı. Amma Qızyetər ağlayanda da simasında qəribə bir təbəssüm qalırdı. O, ağlayanda da insanlara məsum bir gülüş bağışlayırdı. Bu təbəssüm onun simasının daimi sakini idi. Nəhayət növbə Qızyetərlə qızı Gülərin görüşməsinə çatdı. Gülər əslində 90  yaşına çatmış öz anası olan bu “25 yaşlı qız”a “xoş gəlmisiniz” deyib onunla görüşdü. Onun kim olduğunu bilmirdi, bunu maraqla soruşacaqdı, “bəlkə atamın sonradan doğuluş qızı və ya nəvəsidir, bəlkə heç qohum deyil, başqa bir adamdır” deyə düşünürdı. Gülər onunla sadəcə öpüşüb aralanmaq istəsə də Qızyetər onu bərk-bərk özünə sıxaraq buraxmadı, göz yaşlarını gilə-gilə qızının çiyninə axıtmağa başladı. Onlar təxminən eyni boyda olardılar. Lakin Qızyetər hələ hündür dabanlı ayaqqabısını çıxartmadığından Gülərdən bir az hündür idi. O, bu vəziyyətdə Güləri balaca uşağı kimi qucaqlamışdı. Axı, son dəfə yalnız 48 il öncə 4 yaşlı qızcığazına toxunmuşdu. Bu 48 illik həsrəti necə çıxara bilərdi? Axı o, qızına analıq borcunu tam verə bilməmişdi. Yaxşı ki, sağkən üzünü görə bilmişdi. Elsevər kənardan kövrək bir təbəssümlə bu mənzərəni seyr edirdi. O, əllərini göyə qaldırıb astadan şükr etdi.

Onlar içəri keçdilər. Gülər qızın bu hərəkətinə məəttəl qalmışdı. O, Elsevərdən hönkür-hönkür ağlayan bu qəşəng qızın kim olduğunu soruşdu. Elsevər “indi bilərsən, qızım” deyə cavab verdi. Elsevər və Qızyetər Gülərin evdə olan tələbə oğlu ilə də görüşdülər və Gülər oğluna öz babasını təqdim etdi. Oğlan heyrət içində nə deyəcəyini bilmirdi.

Onlar stol başında oturdular. Elsevər cibindən, Türkiyədə yaşadığı 47 il ərzində göz bəbəyi kimi qoruduğu, 1907-ci ildə çəkilmiş bir fotoşəkli Gülərə göstərdi. Bu Elsevərlə Qızyetərin 3 yaşlı qızı və 1 yaşlı oğlu ilə birlikdə olan fotoşəkli idi. Bu şəkil çəkilən vaxt ondan 4 nüsxə çıxarılmışdı. Onlardan birini Elsevər özü ilə birlikdə Türkiyəyə aparmışdı. Yaxşı ki, aparmışdı. Azərbay¬canda qalan 3 nüsxə isə itib batmışdı. Elsevər qızından bu şəkildən onlarda olub-olmadığını soruşdu. Qızı həmin şəkli birinci dəfə gördüyünü bildirdi. Elsevər şəkildəkilərin kimlər olduğunu Gülərə dedi. Gülər heyrətli təbəssümlə şəklə baxmağa başladı. O, şəkildəki qadına işarə edərək:

Deməli bu mənim anamdır? – dedi. – Çox gözəl imiş. Onun sifəti tam yadımda qalmamışdı. Amma belə yuxu kimi yadıma gəlir. İş görəndə məni dalına şəlləyərdi. Mən də qara hörüklərini oynadardım…

Qızyetər bu sözlərdən sonra daha bərk ağlayaraq hönkürdü. Gülər sözünə davam edirdi:

Soruşmağa da ürəyim gəlmir, anam dururmu? Səndən xəbər gətirənlərdən də həmişə soruşurdum. Onlar da deyirdilər ki,  məlumatımız yoxdur.

Elsevər səbrlə dilləndi:

O şəkildəki ananın sifətinə də, bu ağlayan qıza da diqqətlə bax. Gör oxşayırlarmı?

Gülər qəfildən yuxudan ayılmiş kimi şəkillə qızı müqayisə etməyə başladı:

Eynən özüdür! Deməli bu mənim sonradan doğulmuş bacımdır?!

Elsevər istədi “yox, elə bu anan özüdür” desin, amma tərəddü etdi. Bunu açıb deməkmi yaxşıdır, yoxsa bir sirr kimi saxlamaq? Elsevərlə Qızyetər bu xoşbəxtlik möcüzəsini demək olar ki, hamıdan gizli bir sirr kimi saxlamışdılar. Elsevər Qızyetərin şəxsiyyət vəsiqəsində də doğum tarixini xeyli sonraya yazdırmışdı. O, arvadını çox vaxt qızı kimi təqdim edirdi. Çünki, insanların bir güclü selə dönəcək maraqlarının hücumu qarşısında dayanmaq mümkün deyildi və bunu başqalarından gizli saxlamaqla yaşamaq daha rahat idi. Amma öz qızından bunu necə saxlasın? Azərbaycana gələnə qədər də bu sirri açıb-açmamaq məsələsində hələ də tərəddüd edirdilər. Qızı inanacaqdımı? Nəhayət Elsevər bir neçə saniyə durux¬duqdan sonra “nə olar, olar” deyə düşünərək həmin cavabı verməyə cəsarət etdi:

Yox, elə bu anan özüdür!

Gülər bu sözün məcazi mənada deyildiyini və bu qızın sonradan doğulmuş bacısı olduğunu düşünərək:

— Həqiqətən elə bil özüdür – dedi. – Bəs sən mənim sualıma cavab vermədin, anam dururmu?

— Qızım, anan yaşayır və indi o sənin gözünün qabağın¬dadır. Zarafat eləmirəm, bu həqiqətən sənin anandır. Bu bir möcüzədir, hələ ki, elmi izahı da yoxdur. Anan 18 yaşından sonra hər 10 ildə təxminən bir yaş qocalıb. Bu özü də bir ehtimaldır, bəlkə də ümumiyyətlə qocalma olmayıb. İndi təxminən 25 yaşında görünür. Əslində isə düz 90 yaşı var. İnanmırsansa, uşaqlığından ananla bağlı nə xatirən qalıbsa soruş, o dəqliyi ilə sənə desin.

Gülər yenə də çaşıb qaldı. Bunun bir zarafat, yoxsa həqiqət olduğunu müəyyən edə bilmədi. Bir tərəfdən də düşündü ki, atasının 70 yaşı varsa, anasının 90 yaşı olmamalıdır. Ona görə də bu qızın onun anası olduğuna yenə də inanmadı və atasının sözlərini başqa yerə yozdu:

— Deməli anam ölüb,  onun iyini ona çox oxşayan qızından alırsan, hə, ata?

Gülər bu sözləri deyib ağlamsındı. Elsevər yenə də onu inandırmağa çalışdı:

— Yox qızım, bu həqqiqətən də sənin anandır. Məndən 20 yaş böyükdür. Bu sirri gizli saxlayırıq. Başqa yolumuz da yoxdur. Siz də bilin, amma gizli saxlayın. Gələcəkdə açıb-açmamağı sonra düşünüb bir qərar verərik.

Bu sözlərdən sonra Gülər bir az inanmağa başladıı:

— Ata, deyəsən biz çox şeydən xəbərsizik. Bir başdan danışın bilək.

Elsevər Qızytərlə evlənmələrindən bu günədək olan hadi¬sələri qısa şəkildə qızına nəql etdi. Sonra ondan qardaşının harada yaşadığını soruşdu və onu da görmək istədiklərini bildirdi. Gülər qardaşının bir az onlardan aralıda yaşadığını və hazırda işi ilə əlaqədar Rusiyyətdə olduğunu dedi:

— O dəmiryolda işləyir. İşi ilə əlaqədar gedib. Bir-iki gündən sonra qayıdacaq.

— Onda biz onu görə biməyəcəyik. – deyə Elsevər heyfsi¬ləndi. – Bu axşam təcili buranı tərk etməliyik. Bizim gəldiyi¬mizi yaxın qohumlardan başqa heç kim bilməsin. Xüsusən dövlət adamları bilməməlidir. İnşallah imkan olan kimi yenə gələcəyik. Şükür, Stalindən sonra daha o qədər qoruq-qaytaq yoxdur.

Elsevərgil elə həmin axşam təyyarə ilə Moskvaya, oradan da Türkiyəyə qayıtdılar. Elsevər Azərbaycana da birbaşa yox, Moskvadan gəlmişdi. O, Moskvaya məhz Türkiyə Kommunist¬lərinin xətti ilə gəlmişdi. Çünki, başqa cür mümkün də deyildi. Türkiyə solçularının içərisinə də məqsədli şəkildə gizli milli hərəkatçılar yerləşdirilmişdi. Elsevər məhz onların köməyi ilə Sovet dövlətinə keçə bilmişdi.

Elsevər özü ilə Azərbaycandakı milli hərəkatın və cümhu¬riyyət dövrünün tarixi haqqında xeyli önəmli materiallar gətirmişdi. O, bu materialların bir hissəsini gizli şifrəli yazılar¬da, bir hissəsini isə tam təhlükəsizlik üçün məhz yaddaşında gətirmişdi. Onun fövqəladə iti yaddaşı vardı. Elsevər həm də belə yaddaşa malik olmağa vətən və millət naminə borclu idi. Həqiqi tariximiz itib-batmamalı, gələcək nəsillərə çatmalı idi. O, burada qaldığı iki gün ərzində Azərbaycanın milli hərəkat tarixi, Cümhuriyyət dövrü, onun süqutu və bolşevikərin millətimizə qarşı törətdiyi mənfur əməllər haqqında sovet dövlətinin gizli saxladığı xeyli önəmli tarixi faktları dəqiqliyi ilə yazaraq buradakı gizli milli hərəkatçılara təqdim etmişdi. Bu materiallar xalqı oyatmağa, şüurlarda bir inqilab yaratmağa qadir materiallar idi. Ona görə də Elsevər “KQB” bundan duyuq düşməmiş dərhal sovet dövlətini tətk etməli olmuşdu. Elsevərin gizli hərəkatçılara təqdim etdiyi əsl həqiqəti əks etdirən bu materiallar Azərbaycanda milli hərəkatın sonradan vüsət almasında çox mühüm rol oynadı.

Elsevərgil Azərbaycanı tərk etdikdən bir müddət sonra Bakıda Qız qalasında üçrəngli Azərbaycan bayrağı dalğalan¬dırıldı. Bu məşhur hadisədən sonra isə sovet rejimi tərəfindən təqiblər və nəzarət yenidən güclənməyə başladı. Elsevər yenidən uzun müddət Azərbaycana gələ bilmədi. O yalnız 1988-ci ildə Azərbaycanda Milli Azadlıq Hərəkatı baş qaldırdıqdan sonra bura gələ biləcəkdi.

Elsevərgil Bakıdan getdikdən sonra onun qızı Gülər yaxın qohumlarına – özünün və qardaşının ailəsinə ata və anasının gəlişini danışdı. Lakin onlar, xüsusən də ailələrin sovet təlim-tərbiyəsi almış gənc üzvləri nənələrinin həqiqətən belə cavan qalmasına qətiyyən inanmadılar. Hətta qardaşının 10-cu sinifdə oxuyan əlaçı oğlu bu hadisədən öz üçün nəticə çıxararaq belə demişdi:

— Türkiyə kapitalist ölkəsidir, orada keçmiş burjua ənənə¬ləri hökm sürür. Ona görə də babam da öz qızı yerində bir qızla evlənib. Keçmiş burjua ənənələrinə görə bu eyb deyil. Aldığı qız da keçmiş arvadına oxşadığına görə bizimlə məzələnir.

Nəvələrinin bu sözləri sonradan Türkiyədə Elsevər və Qızyetərə çatmışdı. Lakin onlar bundan o qədər də məyus olmamış, bunu təbii bir hal kimi qəbul etmişdilər. Qızyetər “inanmırlar, inanmasınlar, təki canları sağ olsun, onların sağ olduğunu, ailələri, uşaqları olduğunu gördüm, mənə bəsdir” demişdi.

Yalnız Gülər özü bu möcüzəyə inanırdı. Çünki o, nisbətən yaşlı – möcüzələrə inanan nəslin nümayəndəsi idi, gənclər kimi qatı materialist tərbiyəsi almamışdı. Amma bu həqiqi bir möcüzə idi. Axı o həm də öz anasını yüxu kimi olsa da xatırlayırdı və onunla bu qısamüddətli görüşündə analıq hislərini şüuraltı da olsa duymuşdu.

***

Nəhayət 1988-ci il! Milli gücün növbəti nəhəng dalğası! Düşüncələr dəyişir, şüur dəyişir, yatmış aslan oyanır! Qarabağ¬da ermənilərin Azərbaycana ərazi iddiasına və Azərbaycanlı¬lara hücumlarına qarşı millətin əks reaksiyası böyük bir hərəkata çevrilir. Artıq orta məktəbin aşağı siniflərində belə uşaqlar biri-birilərinə “hayes, türkes?” deyə suallar verməyə başlayırlar (mən özüm bunu yaxşı xatırlayıram – Ş.Ə.). Hamı Qarabağ uğrunda ermənilərə qarşı döyüşüb qəhrəman olmaq istəyir. Qarabağ döyüşlərində ilk şəhidlər verilir. Ermənistan¬dan azərbaycanlıların kütləvi deportasiyası, etnik təmizlənməsi başlayandan sonra isə millət daha da qızışır. Mərkəz Moskva¬nın bu hadisələrə açıq-aşgar biganəliyi, daha doğrusu erməni¬lərə dəstək verməsi əslində bu proseslərin hamısının məhz Moskva tərəfindən planlaşdırıldığını sübut edir və milllətin mübarizəsi tədricən sovet dövlətinə qarşı çevrilir. Milli ziyalılar ortaya çıxır, vaxtı ilə gizli fəaliyyət göstərmiş milli hərəkatçılar indi açıq fəaliyyətə keçirlər, milli dərnəklər və təşkilatlar yaranır, milli azadlıq ideyaları irəli sürülməyə başlayır, kütləvi etiraz aksiyaları təşkil olunur. Yəqin ki, ictimai şüurun bu qədər qısa müddətdə bu qədər kəskin şəkildə dəyişməsi dünya tarixinin nadir hadisələrindəndir. Təsadüfi deyil ki, 1988-ci ildə Azərbaycan xalqı dünyanın ən mübariz xalqı adını qazandı!

Allah Elsevərə növəti bir xoşbəxtliyi bəxş etmişdi ki, bu hadisələrin də şahidi olurdu. Artıq 100 yaşını keçmiş Elsevər bu hərəkat haqqında məlumatları adətən davamlı göz yaşları ilə qarşılayırdı. Bu göz yaşları həmin gözlərin 100 illik ömürdə gördüyü millət fədailərinin bu zəmanəyə keçən sevinc və alqışları idi.

Nəhayət 1989-cu ilin yayında Azərbaycan Xalq Cəbhəsi (AXC) yarandı, bir az sonra Azərbaycan SSR-in suverenliyi haqqnda qərar rəsmiləşdi. Bu, müstəqilliyə doğru atılan ilk rəsmi addım idi. Bu vaxtlarda, yəni 1989-cu ilin axırlarında 103 yaşlı Elsevər Qızyetər və Türkiyədəki Azərbaycan Kültür Dərnə¬yinin (AKD) bir neçə üzvü ilə birlikdə yenidən Bakıya gələ bildi. Artıq o, Qızyetəri öz nəvəsi kimi təqdim edirdi. Onlar xalq hərəkatının aparıcı mümayəndələri ilə görüşdülər. Elsevər bu  hadisələri şahidi olduğu 1905-6-cı illərlə müqayisə edirdi. Hadisələr oxşar senari üzrə gedirdi. O dövrdə də rus dövləti erməni terrorçularını silahlandırıb azərbaycanlıların üstünə salmışdı. Azərbaycan xalqı buna qarşı ayağa qalxmış və “Difai” təşkilatı yaranmışdı. Bir müddət sonra Azərbaycan öz müstəqilliyini əldə etmişdi. İndi də buna oxşar proseslər gedirdi. Sovet dövlətinin himayə etdiyi ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırmış, bu azmış kimi silahlı rus-erməni qüvvələri Azərbaycan türklərinə qarşı Qərbi Azərbaycan və Qarabağda etnik təmizləmə əməliyyatlarına başlamışdılar. İndi də bu haqsızlıqlara qarşı Azərbaycan xalqı ayağa qalxmış, təşkilatlanmış və sovet dövlətinə qarşı öz kütləvi etirazlarını təşkil edirdi.

Nəhayət proseslərin nəzarətdən çıxdığını görən Sovet dövləti birbaşa paytaxt Bakıya qoşun yeridərək silahsız əhaliyə qarşı vəhşicəsinə məlum 20 yanvar  (1990) qırğınını törətdi. Bu qırğının Bakıda şahidi olan Elsevər xeyli sarsıldı. Bu hadisə¬lərdən sonra təqiblər də gücləndiyindən Elsevərgil Türki¬yəyə qayıtmalı oldular.

Lakin 20 yanvar hadisəsi Azərbaycan xalqının sovet döv¬lə¬tinə qarşı nifrətini daha da artırdı. Azadlıq uğrunda mübarizə qarşısıalınmaz sel kimi coşdu. Bu sel küçələrdə, məkbələrdə, idarə və müəssisələrdə yazılıb asılmış sovet təbliğat şüarlarını, “oraq-çəkic” nişanlarını, Leninin şəkillərini, kəlamlarını, heykəllərini birdəfəlik yuyub aparacaqdı.

20 yanvar hadisəsindən heç iki il keçməmiş – 1991-ci ilin 31 avqustunda Azərbaycanın rəsmən müstəqilliyi edildi. 1992-ci ilin may-iyun aylarında AXC hakimiyyətə gəldi. Onun sədri Əbülfəz Elçibəy prezident seçildi. Elsevər bir də məhz AXC hakimiyyəti dövründə – 1992-ci ilin axırlarında Azərbaycana gələ bildi. O, yenə də Qızyetər və AKD-bin bir qrup üzvü ilə vətənə gəlmişdi. Onlar burada ən önəmli bir tədbirdə iştirak edəcəkdilər. Bu Müsavat partiyasının Bakıdakı bərpa qurultayı idi.

Cox möhtəşəm keçən, prezident Əbülfəz Elçibəyin də iştirak və çıxış etdiyi bu tədbirdən sonra Türkiyə¬dən gələn qonaqların prezidentlə ayaqüsrü söhbəti də oldu. Söhbət zamanı çox yüksək əhvalda olan Elçibəy onlardan soruşdu:

— Bəs bizim “Canlı tariximiz” hanı. Mən onu görmədim axı.

O, “Canlı tarix” deyəndə Elsevəri nəzərdə tuturdu. Odur ki, Elsevəri prezidentə təqdim etdilər. Elçibəy 106 yaşlı “Canlı tarix” olan Elsevər haqqında eşitmiş, amma üzünü görməmişdi. O, Elsevəri görcək heyrətə gəldi və bir anlığa çaşıb qaldı. Axı o, Elsevəri taqətsiz bir qoca kimi təsəvvür edirdi. Elsevərə bu görünüşlə, bu gümrahlıqla 65-70 yaş ancaq vermək olardı. Bəlkə də daha az. O, buna həm də çox sevindi. Onlar qu¬caqlaşıb görüşdülər. Boyda Elsevərdən hündür olan Elçibəy öz adəti üzrə onun qollarını dirsəkdən yuxarı tutub buraxmadan gülə-gülə:

— Elsevər bəy, – dedi. – Gözə görünmürsünüz. Qəbulda da yox idiniz. Siz canlı tarixsiniz, fədakar bir döyüşçüsünüz. Axı bizim sizdən öyrənəcəymiz çox şey var.

Elsevər cavabında bu sözləri dedi:

— Bəy, mən görünməkdən, danışmaqdan çox yazmağa üstünlük vermişəm. Deyirlər türklər tarixi yaradıb, amma yazmayıblar. Bilmirəm nə dərəcədə doğru deyiblər. Amma mən demək olar ki, gördüyüm və bildiyim hər şeyi yazmışam, Türkiyədə bir neçə kitabım çıxıb. Bütün sənədləri göz bəbəyim kimi qoruyub saxlamışam. Millətimiz üçün vacib olduğunu bildiyimə görə. “Difai”nin bütün arxivi məndədir. Allah mənə bu uzun ömrü verib, mən də çalışmışam ki, yddaşımda nə var yazıya alım ki, gələcək nəsillərə ötürülə bilsin. Şəxsi arxivimdə olan materialların bir nüsxəsini Türkiyə arxivlərinə təhvil vermişəm. Əsil nüsxələrisə müstəqil Azərbaycanın arxivi üçün saxlamışam. Bu da əhdim idi ki, Azərbyacan müstəqil olsun, onları məhz müstəqil Azərbaycanın arxivinə təhvil verim. Sizdən bir xahişim budur ki, təhlükəsizliyinə təminat verilsin bu orijinal materialları dövlət arxivinə təhvil verim. Bu gün-sabah ölüb çıxıb gedəcəyəm. Ürəyim arxayın olsun. Sizdən ikinci xahişim budur ki, məni müstəqil Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edəsiniz. Bu da ən böyük arzularımdan biri olub.

Bu sözlərdən sonra Elçibəy onu kövrək gülüşlə qucaqladı:

— Hamısı həll olunacaq. Bu söhbətləri ayaqüstü danışma¬yaq. Gələrsiniz, doyunca dərdləşərik.

Elsevərin hər iki xahişi öz istədiyi kimi həll olundu. O Bakıda evlə də təmin olundu. İndinin özündə də “Difai” haqqında ən zəngin və etibarlı mənbə məhz Elsevərin Azərbaycanın dövlət arxivinə verdiyi materiallardır.

***

Elsevər xoşbəxt idi, artıq rahatca ölə bilərdi. Amma Qızyetərəri kimə tapşırıb gedəcəkdi? O, həqiqətən ölümsüz bir canlı idisə, onu mütləq etibarlı əllərə təhvil verməli idi. Qızye¬tərdə təbiətin pozulan qanunu artıq cəmiyyət içində problem yaradırdı. Çoxlarının yalnız xəyal etdiyi bu xöşbəxtlik artıq indi bir çətin həll olunan məsələ kimi ortaya çıxmışdı. Qızyetəri cəmiyyətə necə açaydı? Onu əvvəllər qızı, daha sonra nəvəsi kimi təqdim edirdi. O, Qızyetərə bir neçə dəfə sonrakı doğum tarixlərinə şəxsiyyət vəsiqəsi düzəltmişdi. Onun sonun¬cusu 1966-cı il doğum tarixli sənəd idi. Bu isə həqiqi doğumundan 100 il sonrakı tarix idi.

Qızyetər elm üçün də gözəl tədqiqat obyekti idi. Onun orqanizmini elmi tədqiqata cəlb etmək bütün bəşəriyyət üçün də çox böyük xidmət olardı. Kim bilir, bəlkə bu tədqiqatlar bir nəticə verə və insan oğlunun daimi ən yaralı yeri, eyni zamanda ən qəddar və amansız düşməni olan qocalmaya bir çarə tapıla bilərdi. Bununla bütün bəşəriyyət gülərdi. Vaxtı ilə qız doğulduğuna görə valideynlərini məyus edən bir insan indi bütün bəşəriyyətə ən böyük səadəti bəxş etmiş olardı.

Elsevər Qızyetərin orqanizminin elmi tədqiqata cəlb olunması haqqında çox düşünmüşdü. Amma o, bunu da məhz müstəqil Azərbaycanda etməyi istədiyindən indiyədək səbr etmişdi. Nəhayət indi bunu etməli idi. O, bir müddət araşdırdıqdan sonra Türkiyədə sağalmaz xəstəliklərin tədqiqatı ilə məşğul olan və indiyədək bu sahədə xeyli nailiyyətlər əldə etmiş bir elmi mərkəzi pənah yeri seçdi. Xeyli maliyyə imkanı olan bu özəl şirkətin Azərbaycanda da filialı vardı. Şirkət əsasən dərman istehsalı ilə məşğul olurdu, eyni zamanda müalicə xidməti də göstərirdi. Elsevər Qızyetəri ora təqdim etdi. Qızyetər bu elmi mərkəz üçün göydəndüşmə idi. Mərkəz Qızyetərin bütün maddi təminatını, hətta yüksək səviyyədə mühafizəsini həmişəlik öz üzərinə götürdü. Sözsüz ki, bu cəmiyyətdən gizli saxlanılacaqdı. Mərkəzdə Qızyetərə fərdi şəkildə tibbi təlimlərin keçirilməsi də nəzərdə tutulurdu. Əri həkim olduğundan onun zatən tibdən anlayışı vardı. Belə bir mərkəzin himayəsində artıq Qızyetərə nə sənəd lazım idi, nə də iş.

Mobil telefonların Azərbaycanda kütləvi istifadəsindən hələ bir il öncə, yəni 1993-cü ildə mərkəz tərəfindən Qızyetər mobil telefona bənzər radiorabitə cihazı ilə təmin edilmuişdi. Qızyetərə başqa bir mobil qurğu da verilmişdi ki, onu daim üzərində saxlamalı idi. Bu cihaz vasitəsi ilə həm də hər bir an onun hansı koordinatda olduğunu dəqiq bilmək olardı. Mobil telefonlarda bu funksiya çox-çox sonralar meydana çıxmışdı. O, təhlükədə olan an bu kiçik qurğunn yalnız düyməsini basması kifayət idi ki, şəxsi cangüdənləri bir neçə dəqiqəyə onun yanında olsunlar. O, təkbaşana harasa çıxanda əvvəlcədən onun haralarda olacağı cangüdənlərə çatdırılırdı və cangüdənlər ondan elə məsafədə olurdular ki, lazım olan vaxt bir neçə dəqiqəyə onun yanında ola bilsinlər. O, bu səviyyədə hərtərəfli qorunurdu.

Bundan sonra Elsevər artıq Qızyetər sarıdan çox rahat idi. Lakin o, Azərbaycana döndükdən sonra bir neçə dəfə böyük sarsıntılar keçirmişdi. 20 yanvar qırğını, Xocalı faciəsi, rayon¬ların dalbadal itirilməsi və s. 100 ildən çox ömrü demək olar ki, milli mücadilə içərisində keçmiş bu vətən və millət aşiqinə bunları görmək başqaları ilə müqayisədə qat-qat ağır gəlirdi. O, bütün bu hadisələrin nə demək olduğunu başqa¬larından daha yaxşı dərk edirdi. Çünki, o özü canlı bir tarix idi. O, vətənini və millətini buna layiq görmürdü.

***

1995-ci ilin axırları idi. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsi ictimaiyyətin müzakirıəsinə çıxarılmışdı. Noyabrın 12-də konstituiyanın qəbulu üçün referendum keçiri­ləcəkdi. Konstitusiya ilə bağlı ən çox müzakirə olunan məsələ dövlət dilinin “türk dili”, yoxsa “Azərbaycan dili” adlandı­rıl­ması məsələsi idi. Hətta küçələrdə insanların məhz bu məsələ haqqında danışdıqlarının, mübahisə etdiklərinin tez-tez şahidi olmaq olardı.

Bütün bunları mən özüm də çox yaxşı xatırlayıram. O vaxt mən Azərbaycan Texniki Universitetinə təzə qəbul olunmuş­dum, yəni I kursda oxuyurdum. Bir gün Universitetdən çıxıb üzü “Şüşəli bazar” istiqamə­tində gedərkən yolüstü biri-birinə bənzər iki maraqlı hadisə ilə rastlaşdım. Bu doğrudan da çox qəribə, nadir təsadüflərdən idi. Hekayəmizin bu yeri ilə əlaqəli olduğundan həmin hadisələri nəql etmək yerinə düşər.

Şahidi olduğum hər iki hadisədə ziyalı olduqları görünən iki yaşlı kişi Konstitusiyada dilin necə adlandırılması məsə­ləsini müzakirə edirdilər. Rastlaşdığım birinci hadisədə həm­söh­bəti ilə danışan kişi dilimizin “türk dili” adlandırıl­masının (daha doğrusu qalmasının) tərəfdarı idi (1992-ci ildən 1995-ci il Konstitusiyası qəbul olunana qədər Azərbaycan Respubli­kasının rəsmi dili “türk dili” adlandırılmış, dərsliklər bu adla yazılmış və ana dilimizin tədrisi orta və ali məktəblərdə bu ad altında aparılmışdı). Hətta o, bunu əsaslandırmaq üçün M.Ə.Sa­birin “Osmanlıcadan tərcümə türkə nə deməkdir?” mis­ra­sını misal da gətirdi. Mən o vaxta qədər bu misranı eşitməmişdim. Mənə çox maraqlı gəldiyindən həmin gün evə çatan kimi “Hop-Hopnamə”dən bu cəmi bir bəndlik şeiri həvəslə tapıb oxudumuşdum:

 

“Osmanlıcadan tərcümə türkə” — bunu bilməm,

Gerçək yazıyor Gəncəli yainki hənəkdir.

Mümkün iki dil bir-birinə tərcümə, amma

“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?

 

Yolüstü rastlaşdığım ikinci hadisədə yenə də iki yaşlı kişi eyni məsələ haqqında söhbət edirdilər. Bu dəfə həmsöhbəti ilə danışan kişi deyəsən dilimizin “Azərbaycan dili” adlandırıl­msının tərəftarı idi və bunu əsaslandırırdı. Bura dayanacaq idi və mən onların yaxınlığında dayanıb söhbətlərinə maraqla qulaq asırdım. Bunu görən kişi mənim də rəyimi soruşdu:

— Oğlum, sən necə olmasının tərəfdarısan?

Mən dərhal böyük həvəslə:

— Mən “türk dili” olmasının tərəfdarıyam. – dedim.

Bu cavabımdan sonra kişi mənə heç nə deməyb yalnız başını astaca aşağı-yuxarı tərpədib həmsöh­bətinə tərəf döndü və söhbətini davam etdirdi. Onun söhbətin­dən yalnız bu ifadə yadımda qalıb: “dil ictimai-mənəvi məvhumdur”.

Bu hadisədən bir neçə gün sonra Texniki Universitetin yaxınlığında yerləşən Elmlər Akademiyasının əsas binasının qabağındakı parkda tələbə yoldaşlarımla gəzə-gəzə söhbət edirdik. Söhbətimizin mövzusu yenə də dilimizin adı məsələsi idi. Mən dilimizin məhz türk dili olduğunu ənənəvi arqument­lərlə əsaslandırmağa çalışırdım. Əsas arqumentim o idi ki, Stalinə qədər dilimiz “türk dili” adlanıb. Hətta bir az da emosianal danışaraq səsimi ucaltmışdım. Birdən yaxınlıqdakı oturacaqda oturmuş bir yaşlı kişi söhbətimizə qoşulmalı oldu. Söhbətimizin mövzusu onun da diqqətini cəlb etmişdi.  O bizə müraciətlə:

— Oğul, bir dəqiqə sizi olar? – dedi.

Biz ona yaxınlaşıb:

— Buyurun, dayı, eşidirik. – dedik.

— Yəqin ki, tələbəsiniz.

Mən cavab verdim:

— Bəli, tələbəyik.

— Harda oxuyursunuz?

— Burda, Texniki Universitetdə, birinci kursda oxuyuruq.

— Görürəm vətənpərvər uşaqlarsınız. Dilimiz haqqında belə həvəslə danışmağınız xoşuma gəldi. Oğul, bu məsələdə çoxları çox söz deyə bilər. Mənim 109 yaşım var, – bunu deyən an bizim gözlərimiz bərəldi, ona 60-70 yaş ancaq vermək olardı – o dövrün canlı şahidiyəm. Əhməd bəy Ağaoğlu haqqında eşitmisiniz?

Mən tez cavab verdim:

— Bəli, “Siyasi tarix”dən keçmişik. “Difai” təşkilatını yaradan. Müəllim Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə haqqında kitabdan əlavə material da yazdırıb bizə. Sovet dövrü onları xalqa tanıtmayıblar.

— Müəlliminiz kimdir?

— Professor Salman Qarayev.

— Hə, tanıyıram. Tariximizdə hələ çox şeylər açılacaq. Mən həmin Əhməd bəy Ağaoğlunun ən yaxın adamlarından biri olmuşam. Sovetlər dövründə Türkiyədə yaşamışam. Biz türkük, dilimiz də türk dilidir. Burada başqa söhbət ola bilməz.

— Elə bu gün “Azərbaycan tarixi”  müəllimimiz də dedi ki dilimiz türk dilidir. Ona görə də dərsdən çıxandan bəri o mövzuda söhbətimiz davam eləyir. Müəllim onu da dedi ki, bu Azərbaycanda yaşayan etnik qrupların da mənafeyinə uyğun­dur. Mən də elə düşünürdüm. “Azərbaycan” ifadəsini ortaq vətən anlayışından çıxarıb yalnız bir dilə aid etmək olmaz. Danışdığımız dil “Azərbaycan dili”dirsə, belə çıxır ki, başqa dildə  danışanların Azərbaycana aidiyyəti yoxdur.

— “Azərbaycan tarixi” müəlliminiz kimdır?

— Akif Nağıyev.

— Onu da tanıyıram. Vətənpərvər oğlandır. Milli fikirli insanlar görəndə çox sevinirəm. Mən bu 109 illik ömrümün hər ilini yox, bəlkə də hər dəqiqəsini vətənə və millətə xidmət üçün sərf eləmişəm. Məni başqa heç nə düşündürməyib. Vətənin azadlığı üçün, millətimizin xoşbəxtliyi üçün hər əzabı çəkməyə hazır olmuşam. İndi Quzey Azərbaycan öz müstəqilliyini əldə edib. Amma bununla mübarizə bitmir. Daha böyük hissəmiz olan Güney Azərbaycanın da azadlığı gələcəyimizin ən vacib məsələsidir, bilin. Gələcəyimiz də sizin kimi gənclərdən asılıdır. Mübariz olun, yolunuzdan dönməyin. Bizim çox şərəfli tariximiz var. Tariximizi öyrənin. Mən çox tarixi hadisələrin canlı şahidiyəm. Yaşadığım dövrün tarixi itməsin deyə əlimdən gələni eləmişəm. Türkiyədə bir neçə kitabım çıxıb. Bura gələndən sonra Azərbaycanın kitabxanalarına və arxivlə­rinə çox dəyərli materiallar vermişəm. Əsasən son yüz ilin tarixi haqqındadır. Bura – akademiyanın kitabxanasına da ver­mi­şəm. Maraqlan­sanız tanış ola bilərsiniz…

O, canımıza yağ kimi yayılan, həvəs və maraqla qulaq asdığımız bu gözəl sözləri dediyi vaxt birdən Akademiyanın əsas binası tərəfdən üzündən nur yağan, gülüşündən gül yağan çox gözəl bir qızın gülə-gülə bu kişiyə yaxınlaşdığını gördük. Qızın gəlib çıxdığını görən kişi bizimlə söhbətinə ara verib qıza müraciətlə:

— Hə, nə oldu, sənədi aldın? – dedi.

Qız kişinin bizimlə danışdığnı görüb gülə-gülə bizə də salam verdi. Qızın zahiri gözəlliyi, ondan da gözəl gülüşü, ondan da gözəl mehriban, səmimi və mədəni rəftarı bizi – dörd nəfər 17-18 yaşlarında olan gəncləri lal etmişdi. Qız yenə də gülə-gülə kişiyə:

— Hə, aldım. Amma dedilər ki, geniş tərcümeyi-halını da gətirsin. – dedi.

— Hə, verərik. Hazır var. Dövlət arxivi üçün hazırlamışdım.

Kişi sonra əli ilə bizi göstərərək sözünə davam etdi:

— Bu gənclər də tələbədirlər. Gördüm vətənpərvər, savadlı uşaqlardır. Bayaqdan söhbət edirik. Bir az özüm haqqında onlara danışdım, məsləhətlərimi verdim…

Qız yenə də gülə-gülə, sərbəst baxışlarla bizi nəzərdən keçirib “Hə? Nə nə yaxşı” dedi. O, bizə elə istiqanlı, xoş, sevincək nəzərlərlə baxırdı ki, sanki, bizi neçə illərdir tanıyır­mış. Sanki biz onun ən yaxın adamları, dostlarıydıq. Biz bu məqamda hələ də lal olmuşduq. Kişi ayağa durdu. Onlar bizimlə sağollaşıb ayrılmaq istəyəndə, mən birtəhər diliimi aça bildim. Kişiyə müraciətlə:

— Sizin adınız, soyadınız necə oldu? – dedim.

Kişi ilə qız biri-birilərinə baxdılar. Qız hələ də gülməkdə davam edirdi. Kişi:

— Adım Elsevərdir. – dedi. – Adım da budur, soyadım da.

Onlar yavaş-yavaş uzaqlaşmağa başladılar. Qız kişinin sol tərəfindən onun qoluna girmişdi. Kişi çox sərbəst və gümrah yeriyirdi. Əlində əsa zad da yox idi. Biz onları arxadan çox maraqla seyr edirdik. Deyəsən onları bir az aralıda maşın gözləyrdi. Kişinin yanındakı bu gözəl qızın onun 129 yaşlı arvadı olduğu o vaxt ağlımıza da gəlməzdi.

Sonralar hər dəfə həmin yerdə gəzəndə gözüm qeyri-ixtiyarı o qeyri-adi, möhtəşən kişini axtarırdı. Onu orada yenə, hətta dəfələrlə görəcəyimə içimdə bir inam vardı. Lakin əfsus ki, inamım özünü doğrultmadı və anladım ki, bu inam sadəcə güclü istəkdən doğurmuş. Mən onu bir daha görmədim. Çox sonralar Elmlər Akademiyasının arxivindən onun geniş tərcü­meyi-halını əldə edə bildim. Öyrəndim ki, 1995-ci il 12 noyabr referendumundan, yəni dilmizin “Azərbaycan dili” adlandırıl­ma­sı­nın rəsmiləşmsindən sonra yenə də bərk sarsıl­ıb, depres­siyaya düşüb. Həmin referndumdan bir ay keçməmiş elə 109 yaşında dünyasını dəyişib. Onun məhz bu sarsıntıdanmı, yoxsa sadəcə əcəli çatdığına görəmi dünyasını dəyişdiyini heç kim deyə bilməzdi. Amma o məlum idi ki, Elsevərin 109 illik həyatı çox şərəfli bir mübarizə dövrünü əhatə edirdi. Konsti­tusiya dəyişikliyi sanki Elsevərin ömrünü və bu ömrün əhatə etdiyi o şərəfli mübarizə dövrünü küsdürmüşdü.

***

Elsevər Qızyetər üçün hər şey idi, o, Qızyetərə hər şeyi vermişdi. Bu uzun, bəlkə də ölümsüz həyatı yaşadığına görə Allahdan sonra ilk növbədə ona borclu idi. Elsevər onunçün həm də insanlıq, böyüklük, müdriklik, sədaqət və ədalət nümunəsi idi, qarşısında baş əydiyi ideal bir varlıq idi. Elsevər 16 yaşlı bir dəliqanlıykən Qızyetərə verdiyi sözü 93 illik birgə həyatlarında zərrə qədər də pozmamışdı. O, Qızyetərə yeni bir həyat bəxş etmiş, sözün hər mənasında ona sadiq qalmış, xəyanət etməmişdi. Ömründə Qızye­tər­dən başqa heç bir qadına barmağı ilə də toxunmamışdı. Gündəlik həyatla bağlı xırda mübahisələri nəzərə almasaq qarşılıqlı münasibətlərində onlar arasında ciddi problem yaşanmamışdı.

Onlar hər ikisi gözəl insanlıq nümunəsi idi. Məsumluq deyəsən Qızyetərdə anadangəlmə idi. Qızyetərin hələ 2-3 yaşı olanda atası onu bacılarından fərqləndirər, ona daha çox nəvaziş göstərərmiş. Axı ondan sonra 2 oğlan övdadı dünyaya gəlmişdi. Məhz buna görə də ona elin təbirincə “ağdaban” deyərmişlər. Qızyetər isə bu sözü hərfi mənada başa düşüb tez-tez öz dabanına baxar, onun rəngini bacılarınınkı ilə müqayisə edərmiş. Atası o biri bacılarını vursa da, onu bir dəfə də olsun vurmayıbmış. Qızyetər dəcəl olmadığından buna ehtiyac da olmazmış. Amma bununla belə Qızyetər valideynlərinin onu danlayacağından həmişə qorxar, dəcəllik etməz, həmişə böyüklərin sözünə baxar, onları qətiyyən incitməzmiş. Anası nadir hallarda ona “əl bulayanda” o qətiyyən ağlamaz (axı ağlamaq özü də bir etiraz, bir günahlandırmadır), yarı gülümsəmiş sifətlə, eyni zamanda qorxmuş baxışlarla durub anasının üzünə baxarmış. Bununla sanki, anasından üzr istəyər, mərhəmət və bağışlanma umarmış. Bu məqamda anasının uşağa yazığı gələr, onu vurduğuna da peşman olarmış.

Qızyetər ömrü boyu gözəlliyinə və gənc qalmağına görə heç vaxt özünü təkəbbürlü aparmamışdı. Bəlkə də elə buna görə qocalmırdı. Bəlkə də bircə an təkəbbürlü olsaydı həmin an qoca qarıya çevrilərdi. O, həmişə sadə, mehriban, mərhəmətli, qayğıkeş və gülərüz idi. Gülüş onun təbiəti idi, hətta demək olar ki, gülüş elə onun özü idi.

Elsevərin vətənpərvərliyi anadangəlmə idi, buna şübhə yox idi. Yüksək insani keyfiyyətlərə malik olması, insanlqda bir ideala çevrilməsi isə bəlkə də Qızyetər kimi bir məsuma rast gəlməsiylə bağlıydı. O, Qızyetərin məsumluğunu gördükcə saflaşmışdı. Onlar biri-birilərinə layiq dilər.

Elsevər Qızyetər üçün elə həyatın özü idi. O, dünyasını dəyişdikdən sonra əslində Qızyetərin də həyatı bitmişdi. Məmnuniyyətlə, “uf” da demədən onunla birgə ölməyə hazır idi. Daha ona yaşamaq lazım deyildi. 129 il həmişəgənc bədənlə, özü də Elsevər kimi bir idealla yaşamaqdan artıq həyatdan nə umacaqdı ki? Elsevərdən sonra yaşamaqla özünü ona xəyanət etmiş kimi hiss edirdi. Amma onun yaşaması bəşəriyyətə lazım idi. İndi o yalnız bəşəriyyət üçün yaşayacaq­dı. Özü üçün kifayət qədər yaşamışdı. Razılaşmaya görə o, vəfat etsə belə dəfn olunma­yacaq, cəsədi dondurulub tədqiqat üçün saxlanacaqdı. Ona görə də artıq Elsevər ölən günü o da şərti olaraq özünü dəfn etmişdi. Ona Elsevərin qəbri yanında qəbir qazılmış, saçından bir çəngə kəsilib qəbrə qoyulmuş, üzərində başdaşı ucaldılmışdı. Baş daşlarının üzərinə onların 1907-ci ildə çəkdirdikləri şəkildəki gülümsəyən simaları həkk edilmişdi. Sağ ola-ola dəfn olunmaq nəinki Qızyetərə pis təsir etmirdi, hətta o bundan çox məmnun idi. Bununla Elsevərə sadiq qaldığını düşünüb təsəlli tapırdı.

***

2017-ci ilin dekabr ayı Bakıda hava çox mülayim, hətta demək olar ki, isti keçirdi. Oktyabr-noyabr ayları dekabrdan daha sərt, daha çox yağıntılı keçmişdi. Dekabr ayı boyu şaxtadan söhbət gedə bilməzdi. Temperatur 8-10oC-dən aşağı olmurdu. Elə güclü külək də əsmirdi. Dekabrın bayram günəri olan son günləri də belə mülayim keçirdi. Hətta axşamlar o qədər də qalın olmayan geyimdə şəhərin küçələrində sərbəst gəzmək olardı.

Dekabrın 30-u axşam Qızyetər də həmişə olduğu kimi sadə geyimdə şəhərin o qədər də geniş olmayan küçələrinin birində səki ilə tək hərəkət edirdi. Bu yumşaq havalı gecədə dedə-gedə başını aşağı əyib iri ekranlı telefonunda nə isə oxuyurdu. Onun oxuduğu adətən xəbər saytlarındakı ictimai-siyasi xəbərlər və onu öhdəsinə götürən şirkətin saytındakı elmi yeniliklər haqqında məlumatlar olurdu. O, deyəsən cangüdənlərindən nəzərdə tutulduğundan çox aralanmışdı. İndi keçdiyi yerin isə bir əxaqsızlıq yuvasının düz qarşısı olduğunun fərqinə varmamışdı. Bu vaxt yaxınlıqda yolun qırağnda dayanmış iri qara “Cip”n sükanı arxasında oturmuş bir gənc oğlanın səsi eşidildi:

— …Yox, mən bu gün sizinlə olmaq istəmirəm, bax bu gələn ceyranla olacam.

O, maşının endirilmiş şüşəsindən Qızyetərə tərəf boyla­naraq uca səslə:

— Gəl, gəl otur maşına, gedək, gözəl. – dedi.

Oğlan deyəsən Qızyetəri bardan çıxan bir bar qadını olduğunu zənn edirdi. Qızyetər ona əhəmiyyət verməyib tezliklə oradan uzaqlaşmaq üçün yeriş sürətini artırdı. Amma içib-çəkib dəm olmuş bu cavan uşaq ona “nə oldu, hara gedirsən, sən mənə “otqaz” eləyirsən?” deyib maşını onun yanınca sürməyə başladı. Onlar küçənin daha qaranlıq və kimsəsiz istiqamətində hərəkət etməyə başladılar. Qızın ona əhəmiyyət vermədiyini görən oğlan maşından düşüb onun qabağını kəsdi. O, Qızyetərin qolundan tutub maşına tərəf çəkdi. Qızyetər ona müqavimət göstərməyə başladı. Lakin oğlan ondan əl çəkmək istəmirdi. Qızyetər məsələnin ciddiləş­diyini başa düşdü və dərhal daim üzərində olan həyəcan siqnalı düyməsini basdı. Cangüdənləri bir neçə dəqiqədən sonra onun yanında olacaqdılar. O, bu bir neçə dəqiqə də özünü qorumalı idi. Qızyetərə özünü qorumaq üçün döyüş təlimləri də keçilmiş, müəyyən fəndlər öyrədilmişdi. O, oğlana qarşı bu fəndlərdən istifadə etməyə çalışdı. Lakin iri cüssəli oğlan bundan daha da əsəbiləşib daha çox güc tətbiq edərək onu çəkib iri maşının arxa oturacağına yıxdı…

Bir neçə dəqiqə sonra Qızyetəri buraxdılr. Onu maşından çölə itələdilər. O səkinin üstünə yıxıldı. Elə bu vaxt arxadan başqa bir “Cip”in gur işıqları göründü. Vəziyyətın nə yerdə olduğunu başa düşən əclaf cəld qabaq oturacaqların arasından sükan arxasıa keçib maşını yerindən tərpətdi. Arxada dayanan maşından dörd cangüdən cəld hərəkətlə aşağı düşdülər. Onlardan ikisi dərhal yerdə qalmış Qızyetərə tərəf getdilər. Biri isə səssiz tapanca ilə aradan çıxan maşının arxasınca iki güllə atdı. Güllələrdən biri deyəsən maşının arxa sol təkərini deşdi.

***

10 dəqiqə keçər-keçməz Qızyetər artıq xəstəxanada idi. Onu dərhal hərtərəfli müayinə etdilər. Müayinənin nəticələrinə görə ciddi bir şey yox idi. Bədəninin səthində olan yüngül əzilmələrdən başqa heç bir travma almamışdı. Cangüdənlər və həkimlər buna xeyli sevinərək şükr etdilər. Qızyetər isə tamamı ilə süst vəziyyətə düşmüşdü. Ona nə deyilməsindən asılı olmayaraq yalnız bu sözləri astadan təkrar-təkrar deyirdi: “Onlar məni murdarladılar”. Onun nəyi nəzərdə tutduğu hə-kim­­­lərə aydın idi. Həkimlər isə ona cavab olaraq bunları  deyirdilər: “Narahat olmayın, biz bədəninizi tam dezinfeksiya etmişik. İçəri heç nə keçməyib. Çox şükür, heç nəyiniz yoxdur”.

Qızyetərin doğrudan da ciddi bir problemi yox idi. Lakin onun simasında ciddi dəyişikliklər baş vermişdi. Daimi gülər üzü indi bikef bir görkəm almışdı. Boyalı oldu, olmadı gülərkən  həmişə parıldayan dodaqlarının parıltısı getmiş, rəngi qaçmışdı. Bir az çəhrayiya çalan ağ sifəri indi bozarmış, yarı yumulmuş yorğun göz qapaqları gözlərindəki daimi gülüşdən əsər-əlamət qoymamışdı. Həkimlər öncə bunun keçici bir hal olduğunu zənn etmişdilər, lakin günlər keçsə də bu dəyişkliklər keçmirdi. Qəribədir, bütün ömrü boyu, hətta ağlayan vaxt da gülümsəyən bir adam məlum 5 dəqiqəlik hadisədən sonra bir dəfə də olsun nəinki gülməmişdi, hətta gülümsəməmişdi də. İnsanda ümumiyyətlə gülməmək artıq psixi pozuntunun əlaməti hesab oluna bilər. Ona görə də Qızyetərin müalicəsinə psixoloq, psixoterapevt və psixiatr da cəlb olundu.

Qızyetəri zorlamağa cəhd göstərən əclafın da kimliyi elə hadisənin səhərisi günü KİV-də bir qəza haqqında gedən xəbərlərdən məlum olmuşdu. Qızyetərin cangüdənləri həmin gecə aradan çıxan maşının nömrəsini götürə bildiklərindən qəzaya düşən maşının məhz həmin maşın olduğu bilinmişdi. Belə ki, bu əclaf, tanınmış məmur-bznesmenlərdən birinin qudurğan nəvəsi imiş. Elə həmin hadisədən sonra maşını həddən artıq sürətlə sürüb gedərkən şəhərdaxili prospektlərin birində idarəetməni itirmiş, maşın yolun ortasındakı pardürə və işıq dirəyinə çırpılaraq aşmış, qarşı hərəkət zolağında yumalanaraq bir neçə maşına toxunmuş, nəticədə o, ağır yaralanmışdı. Onun idarəetməni itirməsi arxa təkərinin birinin güllədən deişilməsindən, yoxsa sadəcə sərxoş vəziyyətdə olmasından baş verdiyini dəqiq demək olmazdı. Onun xəstəxanada koma vəziyyətində olduğunu, həkimlərin dediyinə görə hətta ayılsa belə ömrü boyu iflic vəziyyətdə yaşayacaqdı. Bəli, cinayətkarın cəzadan yayınmaq üçün cinayət yerindən qaçması özu çox vaxt cinayətkarın ən ağır cəzaya məruz qalması ilə nəticələnir. Başqa sözlə, o, dövət tərəfindən cəzalandırılmasa da, Allah onun cəzasını verir. Xüsusən yol qəzalarında belə hallara çox rast gəlinir.

O əclafın öz layiqli cəzasını aldığını Qızyetərə də demişdilər. Bu məlumat onun müalicəsinə müsbət təsir edə bilərdi. Lakin bu da onu güldürə bilmədi. Qızyetəri mərhum sevimli əri Elsevərin məzarı üstünə də aparmaq istədilər. Qızyetər həmişə bu qəbrin üstündə gülə-gülə Elsevərin gülümsəyən şəklinə baxırdı. Bunu Elsevər vəsiyyət etmişdi. O, vəsiyyət etmişdi ki, məzarım üstünə gələndə həmişə üzündə gördüyüm o gözəl gülüşünü məndən əsirgəmə. Bil ki, onda mənim də ruhum şad olacaq. Qızyetər tez-tez getdiyi bu qəbrin üstündə məmnuniyyətlə həmin vəsiyyətə əməl edirdi.  Onlar – Elsevərin şəkli və Qızyetər gülə-güə biri-birilərinə baxırdılar. Bu anlarda Qızyetərə elə gəlirdi ki, Elsevər sağdır. Bəli, vəsiyyəti yerinə yetirmək sanki ölüləri dirildir. Başqa sözlə, insan vəsiyyət edərkən, öz varlığını öldüyündəndən sonrakı vaxta bəribaşdan keçirir, ölümdən sonra deyə bilməyəcəyi sözü, edə bilməyəcəyi hərəkəti indidən deyir və edir. Bununla da ölümdən sonra da yaşayır. İndi Qızyetər Elsevərin qəbri üstünə getməyə də qəti etiraz etdi. Çünki orada da gülə bilməyəcəyini bildiyindən Elsevərin vəsiyyətini pozmaq istəmirdi.

Bəli, beş dəqiqəlik bir hadisə, 150 il durmadan gülmüş bir simadan gülüşü birdəfəlik aparmışdı. Həkimlər Qızyetərdə nə proses getdiyini heç cür izah edə bilmirdilər. Bu insan həmişəgənc olmaqla müəmma olduğu kimi, indiki vəziyyəti ilə də yeni bir müəmma doğurmuşdu.

Qızyetərlə avtbusda təsadüfi tanışlıqdan sonra Tibb Mərkə­zində məmnuniyyətlə işə götürülən gənc Aydının isə bu məsələdə öz versiyası vardı. O saatlarla Qızyetərlə keçmiş həyatı haqqında söhbətlər etmiş, başqalarının indiyə qədər vermədiyi sualları ona vermişdi. Bəlkə elə buna görə də o Qızyetəri daha yaxşı kəşf edə bilirdi. Aydının versiyası “sevgi” və “nifrət” anlyışları ilə bağlı idi. Doğrudan da Qızyetər onu zorlayan alçağa o anlarda etdiyi nifrət qədər ömründə heç kimə nifrət etməmişdi. Qızyetərə ümumiyyətlə nifrət hissi yad idi. Sanki o, sevgi üçün yaranmışdı. Bu uzun həyatda üç əri olmuşdu. Onlarıın heç biri ilə bir dəfə də könülsüz cinsi əlaqədə olmamışdı. Hər dəfə bundan böyük məmnunluq duymuşdu. Hətta savadsızlıq dövrünün insanları olan ilk iki ərindən də daha çox sevgi və nəvaziş görmüşdü. Çünki bu mələyə başqa münasibət mümkün deyildi, o sanki sevilmək üçün yaranmışdı. Bir ər kimi onların heç birindən narazı olmamışdı. Onları həmişə hörmətlə xatırlayırdı. Elsevər isə ona sözün hər mənasinda yeni həyat bəxş etmişdi.

Günlər keçdikcə vəziyyət daha da pisə doğru getməyə başlayırdı. Artıq Qızyetərin gözlərinin qıraqlarında xırda qırışlar əmələ gəlirdi. Deyəsən onda sürətlə qocalma prosesi başlamışdı. Hardasa son 130 ildə qocalma kimi bir kabusdan tam azad yaşamış bir insanın başının üstündə indi bu kabus sanki acgözcəsinə dayanmışdı. Həkimlər bundan çox məyus idilər. Gənc qalmasının sirrini aça bilmədikləri kimi indi bu sürətli qocalmanın da qarşısında aciz qalmışdılar. Qızyetərin tədricən dişlərinin də rəngi dəyişməyə, parlaqlığını itirməyə başlamışdı. Onun 32 dişinin yarısından çoxu öz dişləri idi. Əsasən arxalarda olan itirilmiş dişlərinin hər birinə isə inplant qoyulmuş, “körpü”dən istifadə edilməmişdi. Özünün dediyinə görə həmin dişləri hələ 25 yaşına qədər çürümüşdü. Bu yaşdan sonra heç bir dişində çürümə baş verməmişdi. Dişləri indiyə qədər təbii parıltısını da itirməmişdi. Bu dişlər onun valehedici gülüşünə bəzək verən əsas elementlərdən idi. İndi bu incilər də solmağa başlamışdı. Bu xoşagəlməz hadisə tibb elminin, hətta bütün bəşəriyyətin çox böyük şanssızlığı idi. Bəli, Qızyetərdə artıq sürətlə qocalma prosesi başlamışdı. Bu sözsüz ki, həmin zorlama hadisəsinin nəticəsi idi. Və bu sırf mənəvi-psixoloji məsələ idi. Çünki, həmin hadisə nəticəsində Qızyetər demək olar ki, heç bir fiziki xəsarət almamışdı. Onun, barmaq izi tanıyan sensorlu xüsusi qurğuyla təchiz edlmiş kəmərini açmaq mümkün olmadığından həmin əclaf onunla cinsi əlaqədə ola bilməmişdi.

İndiyə qədər Qızyetərin üzərində aparılan tədqiqatlarda gənc qalmasının səbəbinin məhz bioloji proseslərdə axtarıl­masının yanlış olduğu indi bir daha təsdiq olunurdu. Elə ona görə də heç bir nəticə əldə olunmmışdı.

Artıq Qızeyetərin hərəkətlərində də zəiflik yaranmağa başlayırdı. O, deyəsən bir neçə günün içində bir neçə 10 il qocalırdı. Artıq bu qocalma qarşısıalınmaz idi.  Həkimlər onun heç olmasa sağ qalmasına çalışırdılar. Amma ölümün qarşısını almaq daha çətin bir işdir. Daha doğrusu bu mümkün deyil. Həkimlər və tibb bacıları artıq Qızyetərin bu vəziyyəti qarşısında ağlayırdılar. Sanki bu halı özləri keçirirdilər. Axı onlar elmin və bəşəriyyətn hansı bir möcüzəli varlığı itirdiyini gözəl başa düşürdülər.

Qızyetər bikef görkəmdə yarıqapalı, süzülmüş gözlərini bir nöqtəlyə zilləyib xəyala dalmışdı. O, ona verilən suallara da cavab vermirdi. Hərdən uşaqlığı haqqında nələrsə danışırdı. Onun indi dediyi hər kəlmə dəyərli idi. Onu qiqqətlə dinləyirdilər. Onun 151 ildən çox həyatında niyə məhz uşaqlıq illərini xatırladığı, o illər baş vermiş hadisələri öz-özünə danışdığı maraq doğururdu. O, çox asta səslə bunları danışirdı:

— Uşaq vaxtı məni “Ağdaban balam” deyə əzizləyirdilər. Adımı Qızyetər qoymuşdular, sonra “Ağdaban” olmuşdum. Sanki məndən sonra iki qardaşımım dünyaya gəlməsinə mən səbəb olmuşdum. Sanki oğul övladı sevincini onlara mən bəxş etmişdim. Buna görə xüsusi imtiyazım vardı, mənim xətrimə heç dəyməzdilər. Məni məhz qardaş “gətirdiyimə” görə çox istəyirdilər, amma hiss edirdim ki, əslində məni qardaşlarımdan da çox istəyirlər. Niyəsini bilmirdim. Atam məni lap çox sevirdi. Başqa uşaqlar “atam məni döyər” deyəndə mənə çöçün gəlirdi. Atamın mənə nə vaxtsa əl qaldıra biləcəyini heç cür təsəvvür etmirdim. Amma mənə olan mehriban münasibətdən də heç vaxt sui-istifadə eləmirdim, bu imtiyazların qarşılığında dəcəllik, ərköyünlük eləmirdim. Bunun da niyəsini deyə bilmərəm. Bəlkə də bu bir tale idi. Məncə hər şey elə bundn başladı. İşləməkdən, əziyyətdən heç vaxt qorxmaz və giley­lənməzdim. Bu xasiyyətimə görə sonra ləqəbim “ağıllı uşaq” oldu. Uşaqlıq və yeniyetməliyim qaçaqçılıqda kedi. Bu davanın nə dava olduğunu uşaq ağlımla anlayırdım. Deyirdilər Çar məmurları biz müsəlmanlara qarşı düşmənçilik edirlər, torpaqlarımızı əlimizdən alırlar, vətənimizə sahib çıxırlar. Biz də onlara qarşı vuruşuruq. Məndə sonsuz vətən təəssübkeşliyi, vətən sevgisi də burdan yaranmağa başlamışdı. Böyüdüm, ərə verdilər. Əvvəl iki dəfə ərdə oldum. Onların hər ikisindən yenə də mehribanlıq gördüm, şiddət gördüyüm heç yadıma gəlmir. Baxmayaraq ki, bu savadsızlıq dövrü idi. Ərin arvadı vurmasına adi bir hal kimi baxılırdı. Qonşu qadınların mənə paxıllıqları tuturdu. Deyir­dilər necə olur ki, heç ərin səni döymür. Mənsə heç vaxt onlara özümü tərifləyib demirdim ki, mən özüm yaxşıyam, ona görə də döyülmürəm. Sadəcə gülümsəyib “nə bilim” deyə cavab verirdim. Çünki təkəbbür məndən uzaq idi. Həm də özüm də əmin deyildim ki, insanların mənimlə yaxşı rəftar etmələrinin səbəbi mənim öz xarak­terimdir, yoxsa başqa nəsə. Özümə də qəribə gəlirdi, niyə mənə münasibətdə hamı xüsusi hörmət nümayiş etdirir, xüsusi imtiyazlar verirlər. İndinin özündə də bu mənimçün bir sirr olaraq qalır. Deyirdilər bu qızın üzündə nəsə var, ən zəhmli, ən qəddar adam da onu görəndə yumşalır. Ərlərim məni döysəydilər də üzlərinə qayıtmaz­dım. Mən bu imtyazlardan qətiyyən sui istifadə etmirdim. İlk iki həyat yoldaşım hər ikisi vəfat etdi. Biri qaçaqlıqda həlak oldu, biri də qan davasına qurban getdi. Hər ikisini həmişə hörmətlə yad edirəm. Sonra ən çətin bir durumda qalarkən – bu durumda da səbirli idim, özümdən başqa heç kimi günahlandırmırdım, bu sanki mənim həyat prinsipim idi – qarşıma Elsevər çıxdı. O, mənə tamamı ilə yeni bir həyat vəd etdi və verdi. O gündən bu günə qədər məhz onun mənə verdiyi həyatı yaşayıram. O dövrün şərtləri ilə götürsək əvvəlki ərlərim də mənə pis olmamışdılar. Amma Elsevər tamam başqa bur dünya idi. Savadsızlıq dövründə qadının belə bir həyat yoldaşı ola biləcyini xəyal etmək belə mümkün eyildi. Mən xoşbətlik səmasının ən yüksək qatlarında uçurdum. Mən bu xoşbəxt həyatda da özümdən çıxmadım. Bu xoşbəxtliyə hər an əldən quş kimi uçub gedə biləcək bir varlıq kimi baxırdım. Sadəliyimi itirmədim, beş yaşlı uşaq kimi sadə və sadəlövh idim. Mən dəyişmirdim. Kasıb bir kənd ailəsinin qızı olduğum vaxt necə idimsə, sonra da elə qaldım. Yəni dəyişməyən tək xarici görünüşüm deyildi, həm də mənəviy­yatım idi. Elsevərin də böyüklyü onda idi ki, o da mənim bu sadəlövhlüyümdən heç vaxt sui-istifadə etmədi. Əslində onun həyatı ilə birlikdə mənim də həyatım sona çatıb. Nə qədər ki, o sağ idi özümü gənc hesab edə bilirdim. Ondan sonra xarici görünüşüm gənc olsa da, qocalmasam da özümü köhnəlmiş hiss edirdim… İndi təsəvvür edin, o axşam başıma gələn bu hadisə mənim üçün nə dərəcədə gözlənilməz və dəhşətli bir kabusdur. 150 illik ömrümdə demək olar ki, rastıma çıxan hər kəsdən böyük hörmət, sevgi və qayğı görmüş olduğum halda birdən birə belə bir iyrənc təcavüzə məruz qaldım. Nifrət nə olduğunu bilmədiyim halda sonsuz nifrət tonqalına döndüm. O da məni məhv etdi. Mənə elə gəlir ki, içimdə nəsə incə bir şey sınıb və onu geri qaytarmaq mümkün deyil…”

Qızyetətər hər il 20 yanvar günündə Şəhidlər Xiyabanını böyük məmnuniyyətlə ziyarət edirdi. Amma bu dəfə ora gedə bilmədi. Çünki həmin vaxt onun ayaqları artıq taqətdən düşmüşdü və çox çətinliklə yeriyirdi. O, günbəgün geri gedirdi. O, bir neçə həftənin içində bir neçə on il qocalmışdı. O, bir neçə gün sonra gözlərini əbədi yumacaqdı. Həyatı sirli bir möcüzə olan, ölümsüz olduğu zənn edilən bir insanın ölümü də qəribə və sirli oldu. Əslində bu ölüm onun sirlərini qismən açırdı. Yəni onun həmişəgənc olmasının səbəbinin sevgi, sadəlik və nifrət anlayışları ilə bağlı olduğu şübhəsizdi. Çünki hələ uşaqlıqdan nifrət və təkəbbür hissi bu insana yad olmuş, həmişə vətəninə və insanlara sevgi bəsləmiş və özü də taleyin bir qisməti kmi daim sevgi və qayğı görmüşdü. Bu qaydaların pozulduğu o bədbəxt hadisədən sonra isə hər şey pozulmuşdu. 150 il qocalmayan bədən bir neçə həftənin içində bir neçə on il qocalmış və ölümü qarşısıalınmaz olmuşdu. Bunu tibb elmi öz qanunları ilə nə dərəcədə izah edə biləcək – onu deyə bilmə­rik.

Qızyetərin təxminən 50-55 yaşlarında görünən dondurulmuş cəsədi indi də gizli tədqiqat obekti olaraq qalır. Lakin bu tədqiqatın nəticə verib-verməyəcəyini demək çətindir. Daha doğrusu bu nəticəyə ümid azdır. Çünki onun möcüzəsinin cismani varlığı ilə bağlı olub-olmadığını və ya nə dərəcədə bağlı olduğuu demək çətindir. Sevgi, nifrət, təkəbbür, sadəlik kimi anlayışlar cismani varlıqdan nə drəcədə asılıdır? İndiyə qədər hansısa maddi dərman insanın bu keyfiyyətlərinə təsir edə bilibmi? Tibb cismi müalicə edir, dəyişir, bəs ruhu, xarakteri dəyişməyə tibbin qüdrəti çatarmi?

***

Sadəlövh insanlar şəhərdə körpülərin, geniş gözəl yolların salınmasını, çoxsaylı göydələnlrin ucaldılmasını, binaların çöl divarlarına gözəl, təmiz və səliqəli üzlüklərin vurulmasını, bahalı avtomobillərin küçələri doldur­ma­sını, küçədəki insanların ən müasir geyimlər geyməsini, evlərində ən müasir əşyalardan və texniki vasitələrdən istifadə etməsini, hamıın iri ekranlı çoxfunksiyalı mobil telefonlar gəzdirməsini, valideyn­lərin uşaqlarını xarici dil və abutiriyent hazırlığı kurslarına qoyma­sını, xaricdə oxumağa və yaşamağa göndərməsini, bir qism insanların xarici müəssisələrdə yüksək maaşla işləməsini ölkənin inkişafı göstəricisi kimi qəbul edirlər. Əslində isə bunun “inkişaf” anlayışına çox az aidiyyəti var. Bütün bunlar olsa-olsa maddi mədəni səviyyənin dünyanın (xarici dün­yanın!) inkişafının təsiri altında yüksəlməsidir. Bir ölkənin əsl inkişaf göstəricisi isə onunla ölçülə bilər ki, həmin ölkə nə və nə qədər istehsal və ixrac edir, nə və nə qədər idxal edir. İstehsal zavodlarla baş tutur. Ölkənin müəyyən illər ərzində nə qədər inkişaf etdiyini müəyyən etmək üçün həmin illər ərzində orada nə qədər yeni zavodun tikildiyi və nə qədərinin söküldüyü ən gözəl meyar ola bilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra belə bir statistika tərtib olunmuş olsaydı, yəqin ki, çox dəhşətli rəqəmlər üzə çıxardı. 2015-ci ildə 21 fevral və 21 dekabr tarixlərində baş vermiş qəfil və kəskin devalvasiyalar çox şeyləri dəyişdi və çox həqiqətləri üzə çıxartdı. Son 20 ildə demək olar ki, dəyişməz qalmış manatın məzənnəsni birdən birə 2 dəfədən çox aşağı düşdü. Bu devalvasiyanın səbəbi dünya bazarında neftin qiymətinin aşağı düşməsi (təxminən 2-3 dəfə) və bununla eyni vaxtda Azərbaycanda neft hasilatının azalması (təxminən 2 dəfə) oldu. Bu iki azalmanın hasili (təxminən  4-6 dəfə) Azərbaycanın xarici valyuta gəlirinin azalmasının göstəricisi oldu. Bu hadisədən sonra iqtisadiyyatın xam neft ixracatından asılı olmasının nə qədər təhlükəli olduğu praktiki sübuta yetirildi. Yuxarıda qeyd etdiyimiz sadəlövh insanlar məhz bu hadisədən sonra nə qədər səhv etdiklərini başa düşdülər. Azərbaycanda vaxtı ilə işləmiş saysız-hesabsız zavodlar bağlanmasaydı, vaxtında yeni zavodlar tikilsəydi bu asılılıq yaranmazdı və belə kəskin böhranla da qarşılaşmazdıq. Üstəlik belə bir durumda illər boyu kök salmış korrupsiya və rüşvətxorluq, yerlibazlıq və qohumbazlıq bu xalqın ən böyük bəlasına çevrilib. Bürökrati­yada və ondan aşağıda rüşvəti adi bəla kimi qəbul etmək olar. Rüşvətin mərkəzləşməsi və iqtisadiyatdakı inhisarçılıqla birləş­məsi isə çox dəhşətli bir bəladır. Bu halda super-məmurlar meydana çıxır. Onlar həm makroiqtisadiyyatın müəyyən sahə­sinin inhisarçısı, həm də mərkəzləşmiş külli miqdrda rüşvət axınının başında dayanan şəxs olurlar. Yəni siyasi hakimiyyət və iqtisadi inhisarçılıq həmin super-məmurlarda birləşir. Bu artıq mən “hər şeyəm” düşüncəsini yaradır. Belələrinin övladlarının artıq həyata baxışı “dünya mənimdir” prinsipi üzərində qurulur, başqa sözlə onlar qudururğanlığın ən yüksək səviyyəsinə çatırlar. Əsərimizin qəhrəmanı da məhz belə bir harın məmur nəvəsinin qudurğan hərəkətinə qurban getdi.

***

Bəli, 150 illik məsumluq bəlkə də bütün bəşəriyyətə əbədi xoşbəxtlik bəxş edəcək möcüzəsiylə birlikdə bir məmurun harınlamış, qudurğan nəvəsinin bir neçə dəqiqəlik heyvani hislərinin qurbanı oldu. O əclaf özünün nə qədər böyük bir günah etdiyini özü də bilmədi. Çünki alınan məlumata görə qəzadan aldığı xəsarət nəticəsində komaya düşmüşdü və sağ qalacağına ümid çox az idi. Sağ qalsa belə yarımcan olacaqdı. Yəqin ki, bu onun öz alçaq əməlinə görə Allahdan aldığı cəza idı. Amma əslində bu cəza da ona az idi. Eyni zamanda bundan daha ağırını düşünmək də mümkün deyil. Yəni onun bu böyük cinayətə görə layiqli cazasını təyin etmək belə çətindir. Bir qzı zorlamaq cox böyük günahdır, həmin qız özündə həmişə­gənclik və ölümsüzlük möcüzəsini daşıyırsa, onda bu günahın yalnız bir nəfərə yox bütün bəşəriyyətə qarşı törədilmiş nə qədər nəhəng bir günah olduğunu təsəvvür edin. Ona verilən ən ağır cəza belə o xoşbəxtlik möcüzəsini geri qaytarmayacaqdı.

Əslində bir məmur nəvəsinin o əclaf hərəkəti sadəcə bir insanın hərəkəti deyildi. Belə qudurğan şəxsləri yetişməsinə səbəb olan böyük ictimai bəlalarımızın nəticəsidir. O məsum varlıq cəmiyyətimizin bəlasına qurban getdi. Qızyetərin 150 llik həyatı çox zəngin bir tarixi – qaçaq hərəkatından tutmüş XX əsrin sonundakı milli azadlıq və bütövlük hərəkatına qədər dövrü ehtiva edirdi. Lakin bugünkü bəlalarımız həmin həyatı da sona çatdırdı. O iyrənc cinayət hadisəsi bugünkü bəlalı durumumuzun son 150 illik şərəfli mübarızə tariximizə heç cür layiq olmadığının və o şərəfli tarixin nəticələrinə böyük zərbə vurduğunun bir göstəicisi idi. Bu layiqsizlik həmin axşam edilən günah qədər günah daşıyır.

Şirvani Ədilli

2017-2018.

 

Рубрика: Bədii nəsr | Оставить комментарий

Maarifçiliyimizdə RÜŞDİYYƏ zirvəsi

Maarifçilik hər bir xalqın tərəqqisində, o cümlədən milli şüurunun formalaşmasında və milli dövlət quruculuğunda çox mühüm bir tarixi mərhələ təşkil edir. Azərbaycan maarifçiliyi XIX əsrdən etibarən həm Qacarlar dövlətində, həm də Çar Rusiyası tərkibində olan Quzey Azərbaycanda formalaşmış və inkişaf etmiş, bu hərəkatın nəhəng şəxsiyyətləri meydana çıxmışdır. Maarifçilik hərəkatımızda çox önəmli yeri olan nəhəng şəxsiyyətlərdən biri də Mirzə Həsən Rüşdiyyədir.

Əlbəttə ki, Qacarlar dövlətində maarifçilik hərəkatı M.H.Rüşdiyyə ilə başlamır, ona qədər və onunla eyni dövrdə də çoxlu sayda fədakar maarifçilərimiz olmuşdur. Lakin çox mühüm real “ilk”lərə imza atmaqla Rüşdiyyə bu hərəkatda bir zirvəyə çevrilmişdir. Təsadüfi deyil ki, onu “İran maarifinin atası” adlandırırlar. Bütün bunlara rəğmən təəssüflə qeyd etməliyik ki, Rüşdiyyənin həyata keçirdiyi böyük işlər göz önündə olduğu halda, indiyədək onun məhz milli hərəkat tariximizdə tutduğu yer layiqincə qiymətləndirilməmiş, layiq olduğu yerdə bəzən adı belə çəkilməmişdir. Məqalədə məhz bu problemə xüsusi diqqət çəkməyə çalışmışıq.

Mirzə Həsən Rüşdiyyə  (Hacı Mirzə Həsən Mеhdi oğlu Təbrizi) (1851(47)-1944) Təbriz şəhərində ruhani ailəsində doğulmuşdur. İlk təhsilini dövrün maarifpərvər ziyalısı olan, ərəb və fars dillərini mükəmməl bilən atası Mоlla Mеhdidən almışdır. Mirzə Həsən dini təhsilini davam etdirmək üçün Nəcəf şəhərində olarkən təbrizli ziyalılar – Mirzə Nəcəfəli xanAğa Məhəmməd Tahir tərəfindən İstanbulda nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan «Əxtər» qəzеtində (1875-1896) yazılmış bir məqaləni oxuyur. Bu məqalə Mirzə Həsənin fədakar maarifçi fəaliyyətə başlamasına həlledici təsir göstərir. Məqalədə dеyilirdi: «Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır».

Mirzə Həsən həmin məqaləni oxuduqdan sonra Nəcəfdə təhsil almaq fikrindən daşınır və təlimin yeni mеtоdlarını, məktəb açmaq qaydalarını öyrənmək üçün Osmanlı dövlətinə yollanır, oranın yeni üsullu (“üsuli-cədid”) təhsil sistemi ilə yaxından tanış olur (məlumdur ki, Osmanlı dövlətində ilk yeni üsullu məktəblər hələ “Tənzimat” islahatlarının ilk illərində – 1847-ci ildə İstanbulda açılmış, XIX əsrin axırlarında isə daha geniş yayılmışdı). 1880-ci ildə Mirzə Həsən Osmanlı imperiyası tərkibində olan Beyrut şəhərinə gedir və iki il oradakı Darül-müəllimində (Pеdaqoji Univеrsitеt) təhsil alır. Burada o, əlifbanın asan üsulla tədrisini də öyrənir. Mirzə Həsən “Rüşdiyyə” təxəllüsünü də Osmanlı dövlətində fəaliyyət göstərən üsuli-cədid məktəblərinin adından götürmüşdür.

Rüşdiyyə 1883-cü ildə qardaşı Mirzə Əlinin yaşadığı İrəvan şəhərinə gəlir. Həmin vaxt Güney Azərbaycandan olan maarifçilər – İsmayıl KazımzadəMirzə Kazım Əsgərzadə artıq burada anadilli üsuli-cədid məktəbi açmışdılar. Rüşdiyyə də qardaşının köməyi ilə İrəvanda yеrli müsəlmanlar üçün özünün ilk üsuli-cədid məktəbini açır. Xatırladaq ki, Quzey Azərbaycanda ilk anadilli üsuli-cədid məktəbi hələ 1870-ci ildə tanınmış şair və maarifçi Seyid Əzim Şirvani tərəfindən Şamaxıda açılmışdı. Daha sonra Qazaxda, Bakıda və b. bölgələrdə də rus-tatar məktəbləri, həmçinin tam türkdilli üsuli-cədid məktəbləri fəaliyyətə başlamışdır.

Rüşdiyyənin İrəvanda açdığı məktəb qısa müddətdə böyük nüfuz qazanır. Çar Rusiyası da o dövrdə yerli məmurlar hazırlamaq məqsədi ilə belə məktəblərə maddi yardım göstərirdi. Nəsirəddin şah Qacar da Çar Rusiyasına səfəri zamanı İrəvanda Rüşdiyyənin məktəbini ziyarət еtmişdir.

Nəhayət 1888-ci ildə Rüşdiyyə Təbrizə qayıdır və həmin il burada “Mədrəsеyi-Rüşdiyyə” və “Dəbirеstani-Rüşdiyyə” adlı ilk üsuli-cədid məktəblərini açır. Bununla da Rüşdiyyə Qacarlar dövlətində müasir tipli tədrisin banisi kimi adını tarixə yazdırır. Bu məktəblərdə tədris türk dilində aparılırdı. Acınacaqlı haldır ki, 129 il öncə İranda yaranmış ilk yeni üsullu məktəbdə təhsil türk dilində aparılmış olduğu halda bu gün – XXI əsrdə həmin ölkədə türkcə təhsil şovinist fars rejimi tərəfindən yasaqdır.

“Rüşdiyyə” məktəbləri din хadimlərinin mənafeyinə uyğun olmadığından bu məktəblər onların ciddi mənəvi və hətta fiziki təzyiqləri ilə üzləşir. Bu səbəbdən 1893-cü ildə M.H.Rüşdiyyə məktəbi Təbrizin Şеşgilan məhəlləsinə köçürməli olur və adını da o dövrdə Azərbaycan əyalətinin valisi və vəliəhd olan Müzəffərəddinin şərəfinə “Rüşdiyyeyi-Müzəffəriyyə” qoyur. Məktəbdə əksəriyyəti yoxsul ailələrdən olan 200-dən çox şagird pulsuz təhsil alırdı. O dövrün tanınmış maarifçiləri –   Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüsеyn Kamal Təbibzadə, Mirzə Rza Səhafzadə və b. məhz bu məktəbdə dərs deyirdilər. Həmin maarifçilər özləri də sonradan Rüşdiyyənin yolunu davam etdirərək yeni üsullu məktəblər açmışlar.

1894-cü ildə Rüşdiyyənin hazırladığı “Vətən dili” adlı dərslik Təbrizdə nəşr olunur. Bu kitab böyük maarifçinin növbəti “ilk”i olur. Belə ki, həmin kitab Qacarlar dövlətində sövti (səs) üsulu ilə yazılmış ilk əlifba dərsliyi idi. Eyni zamanda bu ilk dərslik də məhz türkcə yazılmışdı. Beləliklə, İran tarixində ilk yeni üsullu məktəb türkdilli olmaqla bərabər, ilk yeni (sövti) üsullu əlifba dərsliyi də məhz türkcə yazılmışdır. Bu da Qacarlar dövlətində türklüyün nə qədər üstün mövqeyə malik olduğunun bariz nümunəsidir.

Qeyd edək ki, “Vətən dili”nin nəşrindən bir il öncə – 1893-cü ildə Mirzə Sadıq ibn Mоlla Əsəd Тəbrizinin ibtidai siniflər üçün Azərbaycan türkcəsində “Dəftərе ədəbiyyə” dərsliyi də nəşr еdilmişdi. “Vətən dili” dərsliyini hazırlayarkən Rüşdiyyənin A.Çernyayevskinin eyni adlı dərsliyindən (1882) və Cəlal Ünsizadənin ərəbcədən çevirdiyi “Əmsali-loğman” əsərindən yararlandığı deyilir. Xatırladaq ki, Quzey Azərbaycanda A.Çernya­yevskinin “Vətən dili” dərsliyindən öncə – 1852-ci ildə M.Ş.Vazehİvan Qriqor­yev birlikdə Azərbaycan şagirdlərinə türk dilinin tədrisi üçün “Kitabi-türki” adlı dərslik də hazırlamışlar.

“Rüşdiyyə”  məktəblərində ana dili – türk dili dərsləri məhz “Vətən dili” kitabı üzrə aparılırdı. 60 saat ərzində yazıb-oxumağı öyrənmək üçün nəzərdə tutulmuş bu dərslik sövti üsuluna əsaslandığından şagirdlər üçün çətinlik yaratmırdı. Dərslikdə əlifbanın tədrisindən başqa uşaqlar üçün tərbiyəvi əhəmiyyətli təmsillər də yer almışdır. Rüşdiyyə həmin təmsilləri nəsr variantında verməklə bərabər onları şeir şəklinə də salmışdır. Dərslikdə yer almış “Aslan və iki öküz”, “Tısbağa və dovşan”, “Maralın qıçları və buynuzları”, “Köpəklər və tülkü”, “İki xoruz”, “Köpək və qurd”, “Köpək və çaylan”, İnsan və aslan”, “Şir və siçan”, “Dözümsüz aslan” kimi təmsillər bu günədək uşaq ədəbiyyatında öz əhəmiyyətini qoruyub saxlamaqdadaır.

“Rüşdiyyə” məktəblərində eyni zamanda fars və fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və b. dünyəvi fənlər də tədris olunmuşdur.

Rüşdiyyə 1897-ci ilədək Təbrizdə 9 yeni üsullu məktəb açmışdır.

Məşrutə inqilabı dövründə (1905-11) ölkədə sayı sürətlə artan yeni üsullu məktəblərdə tədrisin birinci ilində “Vətən dili” kitabı əsas dərs vəsaiti olmuşdur. Bu dərslikdən XX əsrin əvvəllərində Qafqazda və Orta Asiyada da istifadə edilmişdir. 1945-46-cı illərdə Güney Azərbaycanda Milli Hökumətin qurulduğu dövrdə “Vətən dili” yenidən nəşr edilərək məktəblərdə dərslik kimi istifadə olunmuşdur.

1896-cı ildə atası Nəsirəddin şahın ölümündən sonra taxta çıxmış Müzəffərəddin şah və onun sədrəzəm (baş nazir) təyin etdiyi Mirzə Əli xan Əminüddövlə Rüşdiyyənin maarifçilik fəaliyyətini himayə edirlər. Sədrəzəm Rüşdiyyəni Müzəffərəddin şahın əmriylə Tehranda üsuli-cədid məktəbi açmağa dəvət еdir. Rüşdiyyə Tehrana köçür və hökumətin dəstəyi ilə Tehranda (1898) və digər iri şəhərlərdə oğlan və qızlar üçün “Rüşdiyyə” məktəbləri açılır. Rüşdiyyə Tehranda Mirzə Nəsrulla Məlikül-mütəkəllimin, Yəhya DövlətabadiŞеyx Mеhdi Kaşani kimi maarifçi ziyalılarla əməkdaşlıq еtmişdir.

1898-ci ildə M.H.Rüşdiyyənin iştirakı ilə Maarif ƏncüməniAli Maarif Şurası da yaradılmışdır.

1898-ci ilin iyulunda Əminüddövlə sədrəzəm vəzifəsindən kənarlaşdırıldıqdan sonra “Rüşdiyyə” məktəbləri sıxışdırılır. 1900-cü ildə Rüşdiyyə vətəni tərk еdib həcc ziyarəti üçün Məkkəyə yollanır, oradan Şam şəhərinə, daha sonra Misirə  və  Qafqaza gedir. Sonra yenidən Təbrizə qayıdır. Öncə burada (Şеşgilan məhəlləsində), daha sonra Tehranda yеnidən “Rüşdiyyə” məktəbləri açır, “Əncüməni tənviri əfkar” cəmiyyətini qurur, “Vətən dili”, “Ana dili” və başqa adlarla yenidən əlifba dərsliklərini yazıb nəşr еtdirir.

Rüşdiyyə 1902-1903-cü illərdə Tehranda “Məktəb”“Tehran” qəzеtlərini də nəşr еtdirir. Burada o, еlmi-mеtodiki tövsiyə və təlim üsulları barədə məqalələr yazmaqla bərabər şah üsuli-idarəsini tənqid edən radikal fikirlərlə də çıxış edir. Məhz bu fikirlərinə görə o, həbs olunur və Xorasan əyalətinə sürgün edilir. Məşrutə inqilabı başlayanda isə Rüşdiyyə Tehrana qayıdıb ictimai-siyasi və maarifçilik fəaliyyətini davam еtdirir. O, burada “Həyati-cariyyə” adlı yeni bir məktəb də açır.

Rüşdiyyə həmçinin qadın azadlığı və qadın təhsilinin qayğısına qalaraq qızlar məktəbi açmış, kоrlar üçün yеni охumaq üsulu iхtira еtmiş və оnlar üçün də məktəb açmışdır.

Öz xalqının taleyi haqqında daim düşünən Rüşdiyyə fədakar maarifçilik fəaliyyəti ilə yanaşı aktiv siyasi fəaliyyətdən də kənarda qalmamışdır. Belə ki, məşrutə hərəkatı dövründə o, “Gizli əncümən”in üzvü olmuş və 1904-cü ildə yaradılmış “İnqilab komitəsi”nin əsas təşkilatçılarından biri kimi hərəkata öz töhfəsini vermişdir.

M.H.Rüşdiyyə türk və fars dillərində 30-a yaxın kitabın müəllifidir. Buraya “Vətən dili” və “Ana dili” dərslikləri ilə yanaşı “Bidayətüt-təlim”, “Kifayətüt-təlim”, «Nеhayətüt-təlim», “Nəsihətül-təlim”, “Təkmilüs-sərt”, “Təhsili-hesab”, «Üsuli-əqaid və ya ittihadi-bəşər», “Əlifbayi-sövti”, «Əlifbayi-Rüşdiyyə», “Tarixi-şifahi”, “Coğrafiyai-şifahi”, “Şəriəti-ibtidai” və b. dəyərli əsərlər daxildir. Həmin əsərlərin məzmunu elmi-publisistik və ədəbi-bədii xarakter daşıyır. Yəni Rüşdiyyə ictimai-siyasi və maarifçilik fəaliyyəti ilə yanaşı geniş elmi və bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun bədii yaradıcılığında həm yazıçılıq, həm də şairlik vardır.

Təəssüf ki, Rüşdiyyənin bu qədər zəngin yaradıcılıq irsi olmasına baxmayaraq onun əsərləri Quzey Azərbaycanda nəinki ayrıca nəşr olunmamış, hətta antologiyalara da çox cüzi bir hissəsi salınmışdır. O da acınacaqlı haldır ki, türkçülüyün tarixinə aid bir çox əsərlərdə türklük üçün bu qədər böyük işlər görmüş bu şəxsiyyətin adı belə çəkilməmişdir.

1925-ci ildə şovinist pəhləvi rejimi hakimiyyətə gəldikdən sonra Rüşdiyyənin başladığı mütərəqqi iş yarımçıq qalır. Belə ki, bu rejim türkcə tədrisi və nəşrləri qadağan edir. Rüşdiyyənin ictimai fəaliyyəti məhdudlaşdırılır, o, 1933-cü (1927-ci) ildə təqaüdə çıхaraq Qum şəhərinə köçür və ömrünün sonunadək orada qalır. Böyük maarifçi 1944-cü il dеkabrın 10-da, Qum şəhərində vəfat etmişdir. Оnun sоn vəsiyyəti bеlə оlmuşdur: “Məni еlə yеrdə dəfn еdin ki, məktəblilər hər gün qəbrimin üzərindən kеçərkən ruhumu şad еtsinlər”

Qaynaqlar:

  1. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 4 cilddə. I cild. Bakı-1981.
  2. Cənubi Azərbaycan ədəbiyyatı tarixi. XIX-XX əsrlər. 2 cilddə. I cild. AMEA Nizami ad. Əd. İn-tu, Cənubi Azərb. Ədəbiyyatı Şöbəsi. Bakı-2009.
  3. Pərvanə Məmmədli, Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər. Bakı-2015.
  4. Vidadi Müstafayev, Cənubi Azərbaycan. Milli şüur (XX əsrin I yarısı). Bakı-1998.
  5. II beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konqresi. Tezislər. Bakı-2012
  6. Səməd Niknam, Ana dilində ilk dərsliyimiz “Vətən dili” (məqalə). 2006.

Şirvani Ədilli

29.08.2017, “Türküstan qəzeti”.

 

Рубрика: Məqalələr | Оставить комментарий

“Əli və Nino” əsərində Azərbaycançılıq və Türkçülük

Adına görə ilk baxışdan məhəbbət romanı təəssüratını yaradan bu əsərin mövzusu əslində daha çox vətənpərvərliklə bağlıdır. Əsərdə Birinci Dünya müharibəsi (1914-18) və Azərbaycan Cümhuriyyəti (1918-20) dönəmlərində Azərbaycandakı ictimai-siyasi və mədəni durum və cərəyan edən proseslər tarixi reallıqlara uyğun şəkildə öz əksini tapmışdır.

Əsərin baş qəhrəmanı Əli xandır. O, 1890-cı illərin sonlarında Bakıda varlı bir ailədə doğulub. Bu ailə adlı-sanlı Şirvanşirlər nəslindəndir. Bu nəslin igid döyüşçüləri Nadir şahın Hindistan yürüşündə, Ağa Məhəmməd Şah Qacarın Xorasan, Zənd və Tiflis yürüşlərində iştirak edərək qəhrəmanlıqlar göstəriblər. Hətta Əli xanın ulu babası, Abbas Mirzə Qacarın qoşunları tərkibində Gəncə yaxınlığında ruslara qarşı döyüşdə qəhrəmancasına həlak olub. Əli xanın hazırda Tehranda yaşayan əmisi isə Nəsrəddin şah Qacardan “Əsəd-əs-Səltənə” (“Səltənətin aslanı”) fəxri adını almışdır. Göründüyü kimi əsərdə bir nəsil vasitəsi ilə Azərbaycan-türk dövlətləri olan Avşar və Qacar imperatorluqları və rus əsarətinə düşmüş Quzey Azərbaycan birləşdirilir və Azərbaycan türklərinin böyük dövlətçilik tarixinə malik olduğu nəzərə çatdırılır.

Bakıda rus gimnaziyasında təhsil alan Əli xan yaxınlıqdakı qız gimnaziyasında oxuyan gözəl bir gürcü qızı Nino Kipianiyə aşıq olur. Adlı-sanlı gürcü knyazları nəslindən olan bu qız da onu sevir. Əsərdə fərqli mədəniyyətlərin daşıyıcıları olan bu gənclərin sevgi münasibəti həm də Qərb və Şərq mədəniyyətləri arasında olan ziddiyyətlərin üzə çıxarılması üçün gözəl bir vasitə rolunu oynayır. Belə ki, Əli xanla Nino arasında Qərb-Şərq mədəni ziddiyyətləriylə bağlı tez-tez mübahisələr düşür. Nino gələcək ailə həyatlarının hansı ənənələrə əsaslanacığı haqqında Əli xana tez-tez suallar verir. Əli xan vətəni Azərbaycanı, o cümlədən doğma şəhəri Bakını çox sevir. Müasir rus gimnaziyasında Avropa təhsili alsa da Şərqin türk-müsəlman ənənələrinə də bağlıdır və bu ənənələrin faydalı olduğunu yeri gəldikcə əsaslandırmağa çalışır. Məsələn, o çadranın və örtülü geyimin faydalı tərəflərini Ninoya belə izah edir: «…Çadranın xeyri çoxdur. Çadra qadını günəşdən, tozdan və yad baxışlardan qoruyur. …Qadın gərək yalnız öz ərinin xoşuna gəlməyə çalışsın, başqasının yox. Açıq sifət, lüt çiyinlər… – bunların hamısı bir şey vəd edir və bu vədi qadın yerinə yetirməlidir. Çünki qadında bu qədəri görən kişi daha çox görmək istəyir. Kişini elə arzulardan “qorumaq” üçün isə çadra mövcuddur”.

Aralarında mübahisələrin düşməsinə baxmayaraq Əli və Ninonun biri-birini sevməsi və Əli xanın müasir düşüncəyə malik olması və mötədil mövqe tutması onlar arasındakı problemləri qismən də olsa həll edir.

Əli xanın ailəsi və yaxınları nə qədər qatı müsəlman ənənələrinə bağlı olsalar da, onun bir xristian qızı ilə evlənməsinə etiraz etmirlər. Ninonun atası da öncə bu izdivaca razı olur. Ninonun anası isə qızının bir müsəlmana ərə getməsi ilə razılaşmır və ərini də bu fikirdən daşındırır. Lakin Əli xanın varlı Qarabağ ermənilərindən olan bir dostu – Naxararyan vasitəçilik edərək Ninonun valideynlərini bu izdivaca razı sala bilir.

Əli xan gimnaziyada oxuduğu illərdən vətəninin rus əsarətində olduğunu bilir, Rus imperiyasının ruslaşdırma siyasəti aparması, digər xalqların ana dillərinə yasaq qoyması, rusların özlərini başqa xalqlardan, xüsusən də Şərq xalqlarından üstün tutması onu narahat edir. O, rus müəllimlərinin Rusiyanı və Avropanı yüksəldib Asiyanı aşağılamasını qəbul etmir və müəllimə əks arqumentlər gətirir. Ruslara qarşı bu münasibət həm də onun aid olduğu Şinvanşirlər nəslinin tarixçəsindən də irəli gəlir. Belə ki, yuxarıda qeyd olunduğu kimi onun ulu babası Qacar qoşunları tərkibində Gəncədə məhz ruslara qarşı döyüşdə qəhrəmancasına şəhid olmuşdu.

Birinci Dünya Müharibəsi başlayanda Əli xan Rusiya tərəfindən müharibəyə getməkdən imtina edir. Çünki bilir ki, vətəninin və xalqının əsas düşməni elə Rusiya dövləti özüdür. Müharibənin gedişində Osmanlı dövləti Rusiyaya əks cəbhədən müharibəyə qoşularaq bütün müsəlmanları cihada çağıranda isə Azərbaycan əhalisi dini məzhəb fərqinə də varmadan hamılıqla Osmanlı dövlətinə dəstək verir və sultanın elan etdiyi cihada qoşulmağa hazır olduğunu göstərir. Bu zaman Əli xanın Rusiya üçün döyüşməkdən imtina etməsinin nə qədər doğru addım olduğu öz dostları və yaxınları yanında təsdiqini tapır.

Əli xanın qatı şiə dindar dostu Seyid Mustafa Azərbaycanın şiə əhalisinin sünni Osmanlı dövlətinə necə dəstək verdiyinə təəccüblənəndə Əli xan ona belə deyir: “Türklər də bizim tayfadandır, biz eyni dildə danışırıq. İkimizin də damarlarında Turan qanı axır. Bəlkə buna görə  xəlifənin bayrağı altında ölmək daha asandır…”. Bu sözlərdən sonra Seyid Mustafa soruşur:  “Get Altay dağlarına, daha uzaqlara, Sibir hüdudlarına kimi səyahət et – orada kimlər yaşayır? Bizim dilimizdə danışan, qanımızdan olan bizim kimi türklər. Onlar …bütlərə sitayiş edirlər. …Əgər günlərin birində oralarda yaşayan yakutlar, yaxud altaylar qüvvələnib bizə qarşı müharibəyə başlasalar onda biz şiələr eyni qandan olduğumuz üçün bu bütpərəstlərin qələbəsinə sevinməliyik?” Əli xan ona sualla da cavab verir: “Bəs nə edək, seyid! …Türklərə qarşı vuruşsaq çara kömək etmiş olarıq. Məgər Məhəmmədin adı ilə biz çarın xaçını xəlifənin hilalına qarşı müdafiə etməliyik?”

Müharibə cəbhəsinin Qafqaza da yaxınlaşdığı bir vaxtda Əli xanın, öz pullarını götürüb Avropaya qaçmaq istəyən həmin varlı etməni dostu Naxararyan gözlənilmədən Ninonu götürüb qaçır. Naxararyan bir vəhşi müsəlmana ərə getməkdənsə ona ərə getməyinin daha yaxşı olduğuna Ninonu inandırır. Nino öncə etiraz etsə də sonra razılaşaraq müqavimət göstərmir. Lakin hadisədən xəbər tutan Əli xan yolda onlara çatır və Naxararyanı tutub öldürür. Ninonu isə qaytarıb evlərinə göndərir.

Bu hadisədə ermənilərin xain və etibarsız xisləti ifşa olunur. Eyni zamanda burada bəlkə də bir gürcü qızının nə qədər sevsə də öz nişanlısına Azərbaycan qızları qədər sədaqətli olmayacağına işarə edilmişdir. Nino sonra öz səhvini başa düşür və polisin təqibindən Dağıstanda ucqar bir kənddə sığınacaq tapmış Əli xanın yanına gedir. Orada öz səhvini etiraf edir və şəriət qanunları ilə öldürülməyə də hazır olduğunu bildirir. Əli xan isə Ninonu bağışlayır və elə orada da kəbin kəsdirərək onunla evlənir. Bir müddət sonra Rus Çarının devrilməsi və ölkədə anarxiyanın yaranması xəbərini alan Əli xan Nino ilə birgə vətənə qayıdır.

Əsərdə bir neçə dəfə Azərbaycanın vətən və millət qeyrəti çəkən imkanlı şəxslərinin xalqın dar günündə yığışaraq Azərbaycanın taleyini müzakirə etmələri əks olunur. Bu yığıncaqlarda Əli xan və onun atası, Fətəli xan Xoylu, Əli və Mirzə Əsədulla qardaşları, Musa Nağı və b. da iştirak edirlər. Müzakirələrdə əsas təhlükə kimi ruslar göstərilir və onlara qarşı mübarizənin yolları araşdırılır. Nəticədə Bakının müdafiəsi üçün müəyyən qədər pul, silah-sursat və əsgər toplamağa nail olurlar.

Nəhayət Bakıda rus-erməni birləşmələri ilə qanlı döyüşlər başlayır. Əli xan bu döyüşdə pulemyotçu kimi şəxsən iştirak edir. Hətta düşmənlə əlbəyaxa da olur. Lakin Bakını qorumaq mümkün olmur, şəhər talan edilir və kütləvi qırğınlar törədilir. Əli xan özü də yaralanır və ailəsi ilə birlikdə dəniz yolu ilə Tehrana gedir və bir müddət orada əmisinin malikanəsində yaşayır.

Əli xan Tehranda mətbuat vasitəsiylə Quzey Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir və Osmanlı ordusunun Gəncəni və Bakını azad etməsini səbirsizliklə gözləyir. Hətta sərhəd bağlı olduğundan Quzeyə gedib döyüşlərdə iştirak edə bilmədiyinə təəssüflənir. Nəhayət Gəncə və sonra Bakı azad olunur. Əli xan dərhal ailəsi ilə birlikdə Bakıya qayıdır.

Azərbaycanda müstəqil milli dövlətin qurulduğu bu dövrdə Əli xan keçirdiyi sevinc və xoşbəxtlik hislərini belə ifadə edir: İndiyədək adət etmədiyim dövlət müstəqilliyi hissi məni də bürümüşdü və mən yeni dövlət gerbini, uniformanı, vəzifə və qanunları birdən sevməyə başladım. Birinci dəfə idi ki, mən özümü öz vətənimin sahibi hiss edirdim. Ruslar utancaq halda yanımdan keçir və keçmiş müəllimlərim də mənə ehtiramla salam verirdilər”.

Bu dövrdə Bakı küçələrində Turan mahnısı oxunur, orduda və əhalidə bütün türk xalqlarının birliyi – Turançılıq əhvalı hökm sürür. Əli xan bu hadisələri belə təsvir edir: “…türk zabitləri …Ənvərdən və damarlarında türk qanı axan bütün insanları birləşdirəcək Turan imperiyasından danışırdılar. Mən onların söhbətlərinə çox böyük heyrət və həvəslə qulaq asırdım, çünki bütün bu mənzərə gözəl və unudulmaz yuxu qədər cazibədar idi. …Qürur və razılıq hissi bürümüşdü bizi. Biz sünnilərlə şiələr arasında bütün fərqləri unudub paşanın əlini öpməyə və osmanlı xəlifəsi üçün ölməyə hazır idik”. Göründüyü kimi romanda türk xalqlarının birliyi ideyasına xüsusi yer verilir. Bütün Türk xalqlarının məzhəb ayrıseçkiliyini kənara qoyub birləşməsi və düşmənlərə qarşı birgə mübarizə aparması ideyası ən düzgün yol kimi göstərilir.

Əli xan milli hökumətin başçısı Fətəli xan Xoylunun təklifi ilə Xarici İşlər nazirliyində məsul vəzifədə işləməyə başlayır. Hətta xarici qonaqların rəsmi qəbulları da Əli xanın Avropa üslubunda yeni təmir etdirdiyi mənzilində təşkil olunur. Əli xana Paris konsulluğunda işləmək də təklif olunur. O isə doğma vətəninə və Şərq mədəniyyətinə o qədər bağlı olur ki, yad mühitdə yaşaya bilməyəcəyini bildirərək Parisə getməkdən imtina edir

Təəssüf ki, vətənin xoş günləri çox da uzun çəkmir. Dünya müharibəsinin nəticələrinə görə Osmanlı qoşunları Azərbaycanı tərk etməli olduqdan sonra onların yerinə ingilis qoşunları gəlir. Bir müddət sonra ingilis qoşunları da Azərbaycanı tərk edir və yenidən rus təhlükəsi vətənin başının üstünü alır.

Əli xan arvadı və körpə qızı ilə birlikdə Gəncədə olarkən rusların Bakını işğal etdiyi, milli hökumətin süquta uğradıldığı və rus qoşunlarının Gəncəyə yaxınlaşdığı xəbərini alır. Əhali tərəfindən Gəncənin müdafiəsi üçün tədbirlər görülür. Gəncənin müdafiəsində milli orduya şahzadə Mənsur mirzə Qacar rəhbərlik edir. Əli xan arvadı və körpə qızını təhlükəsizlik üçün Tiflisə – Ninonun valideynlərinin yanına göndərir. Özü isə Gəncənin ruslardan müdafiəsində iştirak etmək üçün orada qalır. Bir neçə gün gedən qanlı döyüşlərdən sonra Gəncə də ruslar tərəfindən işğal edilir. Əli xan bu döyüşlərdə qəhrəmancasına həlak olur.

Məhəbbət mövzulu əsərlərdə adətən sevgililər ya qovuşmur, ya əsərin sonunda qovuşur, ya da qovuşub ayrılıb, sonda yenə qovuşurlar. Burada isə artıq əsərin ortalarında sevgililər o qədər də böyük əngəllərlə rastlaşmadan qovuşurlar və əsərin sonunadək birgə yaşayırlar. Bu isə sırf məhəbbət mövzulu əsərlərə xas süjet deyil. Halbuki, əsərin baş qəhrəmanı Əli xanın iki dəfə vətənin rus işğalçılarından müdafiəsində şəxsən döyüşərək iştirak etməsi və sonda həlak olması bu əsərin daha çox vətənpərvərliyi təbliğ edən bir əsər olduğunu deməyə əsas verir.

Romanda Azərbaycanın və qonşu ölkələrin folkloru, o cümlədən adət-ənənələri, və xalq ədəbiyyatı haqqında xeyli məlumat var. Bu baxımdan da əsər çox dəyərlidir. Özü də brada Şərqin türk-müsəlman əhalisinin milli dəyərləri yüksək tutulur, bəzən gerilik kimi qəbul olunan bir çox ənənələrinin faydalı tərəfləri də izah olunur. Ümumiyyətlə, əsərdə Qərbin elmi-texniki cəhətdən Şərqdən daha çox inkişaf etdiyi göstərilsə də, Şərq heç vaxt aşağılanmır. Əksinə, Şərqin bir çox ənənələrdə Qərbdən üstün olduğu vurğulanır. Məsələn, Əli xanın Qacar şahı ilə Avropaya səyahət etmiş əmisi qadın və ailə məsələləri haqqında Avropanı və Şərqi müqayisə edərək bu fikirləri deyir: “…Baxın görün avropalıların nəzərində qadın nə qədər alçaq səviyyədə durur! Kişilər onların lüt bədənini bütün dünyaya göstərirlər, amma onlarla nəzakətli rəftar edə bilmirlər. …Avropalılar bizə ona görə nifrət edirlər ki, biz dörd arvad saxlaya bilərik, halbuki çox vaxt onlar dörddən çox arvad saxlayırlar…”. Yaxud Şərq mədəniyyətinə bələd olan bir ingilis məmurunun dilindən bu sözlər deyilir: “…Şərq mədəniyyətinin saf qaydalarının itib getməsini, müasir şərqlilərin bizim sivilizasiyanı təqlid etmələrini və öz əcdadlarının adətlərinə hörmət etməmələrini görmək insana əzab verir…”

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Qurban Səidin (Y.V.Çəmənzəminli) “Əli və Nino” romanı milli dövlətçilik və milli azadlıq mübarizəsi tariximilzin, milli mədəniyyətimizin təbliği baxımından çox böyük dəyərə malikdir. Sevindirici haldır ki, belə bir əsər dünyanın 60-dan çox ölkəsində nəşr olunub, sevilib və şöhrət qazanıb.

Şirvani Ədilli

“Türküstan qəzeti”, 15.08.2017.

Рубрика: Məqalələr | Оставить комментарий

«Kəsrəvinin Azəri kitabı və çağdaş kəsrəviçilik» mövzusunda müzakirə (GünazTv-VİDEO-12.01.2017)

12 yanvar 2017-ci il tarixində GünazTv-də «Kəsrəvinin Azəri kitabı və çağdaş kəsrəviçilik» mövzusunda növbəti müzakirə olub.

Verilişin aparıcısı Professor Nəsib Nəsibli, çıxışçılar isə Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mərkəzi Şurasının üzvü Şirvani Ədilli və Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan olub.

VİDEO (I HİSSƏ):

VİDEO (II HİSSƏ):

VİDEO (III HİSSƏ):

Рубрика: Müsahibələr, Videolar | Оставить комментарий

Müasir ədəbiyyatımızda Güney mövzusunun yeri. Güney dərdimizə biganə yazarları necə başa düşək?

 

Bədii ədəbiyyat estetik cəhətdən nə qədər gözəl olsa da onun dəyərini artıran əsas amil məhz ictimai əhəmiyyətidir. Yəni bədii yaradıcılıq cəmiyyətin inkişafına, oradakı haqsızlıqlara qarşı mübarizəyə, haqq-ədalətin bərqərar olmasına, insanların xoşbəxtliyinə nəsə bir töhfə verməlidir. Bu məsələ “sənət sənət üçün” və “sənət xalq üçün” terminləri ilə də ifadə olunur. Əlbəttə ki, “sənət sənət üçün”prinsipi ilə yazılan əsərlərin də öz yeri və dəyəri var və ədəbiyyat durduqca ən azından insanların zövqünü oxşamaq üçün belə əsərlər də olmalıdır. Lakin bir müəllifin yaradıcılığı başdan ayağa “sənət sənət üçün” prinsipi ilə yazılmış əsərlərdən ibarətdirsə o ciddi və böyük ədib sayıla bilməz.

Ədəbiyyatımızda ictimai məzmunlu əsərlər əsasən maarifçilik dövründən (XIX əsr) meydana çıxmış və XX əsrdə özünün yüksək inkişaf səviyyəsinə çatmışdır. Azərbaycanın quzeyini götürsək burada XX əsr ədəbiyyatı əsasən sovet dövrünü (1917-1991) özündə birləşdirir. Bu dövrdə isə digər sahələr kimi ədəbiyyat da sovet dövlətinin ciddi nəzarəti və sovet ideologiyasının təsiri altında olduğundan ictimai məzmunlu yaradıcılıq nümunələri əsasən sosialist ideyalarının təbliğinə, quruluşun tərifinə xidmət etmişdir. Lakin bununla belə etiraf etməliyik ki, ədəbiyyat özü xeyli dərəcədə inkişaf etmişdir (etməmişdir desək ədalətsizlik olar).

Bəs həmin dövrdə ictimai problemlər əsasən nələrdən ibarət olmuşdur? Əlbəttə ki, totalitarizm, siyası azadlıqların olmaması və ən əsası rus müstəmləkəçiliyi və rus assimilyasiya siyasəti kimi milli problemlərimiz. Həmin dövrdə Azərbaycanın Güneyində də indiyədək hakimiyyətini sürdürən fars şovinizmi mövcud olmuşdur. Sovet dövrü ədəbiyyatında məhz adını çəkdiyimiz milli problemlərə həsr olunmuş əsərlər bu gün bizim üçün həmin dövrün ən dəyərli yaradıcılıq nümunələridir. O dövrün poeziyasından bizə qalan ən dəyərli nümunələr S. Vurğunun “Partiyamızdır”, “Vaqif”, “Ceyran” kimi əsərləri yox, S. Rüstəmin “Cənub şeirləri”, B.Vahabzadənin “Gülüstan” poeması, T. Bayramın “Ana dilim” şeiridir.

Müasir dövrə gəldikdə bir çox özündən deyən yazarlarımızın əsas ictimai mövzusu milli mentalitetimizi müzakirəyə çıxarmaq, orada qüsurlar axtarmaq, adət-ənənələrimizi tənqid etmək, Qərbi yüksəltmək, Şərqi aşağılamaqdır. Sanki, bütün iş-güclərini atıb, dəridən-qabıqdan çıxıb gecə-gündüz bu məsələdə fikirlərini əsaslandırmaqla məşğuldurlar. Sanki bundan başqa problem və mövzu yoxdur. Bununla özlərini postmodernist, yenilikçi hesab edirlər. Düzdür, bütün fikirlərə hörmətlə yanaşılmalıdır. Fikir bildirmək azaddır. Bununla işimiz yoxdur. Bu fikirləri həqiqətən də inkişafımız naminə dediklərinə də inanırıq. İnkişafımız naminə səmimiyyətlə deyilən istənilən fikir – doğru və ya yanlış, fərqi yoxdur – təqdirəlayiqdir. Amma həmin yazarlar həqiqətən problemlərimizin həlli haqqında düşünürlərsə, Güneydəki 35 milyonluq soydaşımızın faciəvi durumuna necə biganə qalırlar? Bu heç cür başa düşülən deyil.

Bu gün İran müasir dünyada analoqu olmayan, insanlıq faciəsinin, milli zülmün ərşə dirəndiyi mərkəzlərdən biridir. Dünyada ikinci elə bir dövlət yoxdur ki, orada əhalinin yarısından çoxunu təşkil edən, əsrlər boyu dövlətçiliyi qurmuş və yaşatmış, yerli-köklü bir xalqın dili nəinki rəsmi dil statusuna malik olmasın, hətta həmin dil bir dil kimi tədris də olunmasın və həmin dildən şifahi nitqdə belə istifadə sıxışdırılsın. Bəziləri elə düşünürlər ki, bunlar yalnız millətçilərin problemidir. Belə düşünənlər çox böyük səhvə yol verirlər. Bu problem demokratiyanın da, insan haqlarının da, liberalizmin də, sosializmin də, sağçıların da, solçuların da, bütün ideologiyaların problemidir, bəşəri bir faciəsidir. Bu problemə biganəliyə heç cür bəraət qazandırmaq olmaz.

Güneydə 2006-cı il may hadisələri baş verdi. Özündən deyən bəzi yazarların o hadisələrdən nə qədər məlumatları var və nə yazıblar? 2013-cü ildə haqsız yerə həbs olunmuş milli hərəkat fəalları həbsxanada bir aya yaxın aclıq aksiyası keçirdilər. O yazarlar hansı yazıları və ya çıxışları ilə onlara dəstək verdilər? Güneydə 2015-ci il Noyabr hadisələri baş verdi, nə dedilər və nə yazdılar? Bu gün o yazarlar 1930-cu illərdə “donos” verənləri, sovet dövlətindəki haqsızlıqlara qarşı qorxub susanları qınadıqları kimi sabah Güney probleminə biganə qaldıqları üçün onların özlərini qınayacaqlar. Bunu mütləq göz önünə almalıdırlar.

Gələcəyə o əsərlər qalacaq ki, millətin ağrılarını ifadə edib, millətin inkişaf tarixi ilə ayaqlaşıb.Mənə görə Güney dərdimiz haqqında həqiqi ürək yanğısı ilə deyilmiş bir cümlə mentalitetimizin müzakirəsinə həsr olunmuş yüz məqalədən daha dəyərlidir!

Şirvani Ədilli

28.08.2016.

http://www.azadliq.org/a/27952810.html

Рубрика: Məqalələr | Оставить комментарий